Boris Rıji

1974-cü ildə Çelyabinsk şəhərində anadan olub. Ural Dağ-Mədən Akademiyasının Geofizika-geoekologiya fakültəsində oxuyub və sonradan kiçik elmi işçi kimi çalışdığı REA Ural Geofizika İnstitutunun aspiranturasında təhsil alıb. Yekaterinburqda “Ural” jurnalında çalışıb. 1996-cı ildən əvvəlcə Ural, sonradan Sankt-Peterburq və Moskva ədəbi mətbuatında çap olunmağa başlayıb. Rotterdam Poeziya Festivalında iştirak edib. Sağlığında “Və belə şeylər...” (2000) adlı bir şeir kitabı çap olunub. “Soyuq küləkdə” (2001) adlı ikinci kitabı ölümündən sonra nəşr edilib. Şeirləri ingilis, ərəb, bolqar, italyan, Litva, alman, Niderland, serb, türk, fransız və b. dillərə çevrilib. Müstəqil “Antibuker”, “Severnaya Palmira” (ölümündən sonra) ədəbiyyat mükafatlarına layiq görülüb. 2001-ci ildə intihar edib.

B. Rıjinin dolğun həyatı və faciəvi ölümü sonrakı bütöv bir ədəbi nəslə böyük təsir edib. Şairin həyat və yaradıcılığı haqda Rusiya və Hollandiyada bioqrafiya və memuar janrında bir neçə kitab da nəşr olunub, aparıcı teatrların səhnələrində tamaşalar qoyulub, sənədli filmlər çəkilib. Şeirlərinə mahnılar bəstələnib. Hal-hazırda Boris Rıji barədə bədii film çəkilir.