Aleksey Svetkov
1947-ci ildə Stanislavda, İvano-Frankovsk vilayətində ( keçmiş Ukrayna SSR) anadan olub. Odessa Dövlət Universitetinin Kimya fakültəsində, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix və jurnalistika fakültəsində təhsil alıb. 1975-ci ildən xaricdə (ABŞ, Almaniya, Çexiya, İsrail) yaşayıb. 2004-cü ildə 17 illik sükutdan sonra yenidən poeziyaya qayıdıb. “Solo həyat üçün pyeslər toplusu” (1978), “Yuxu halı” (1981), “Edem” (1985), “Şeirlər” (1996), “Gözəl danışmaq” (2001), “Şekspir dincəlir” (2006), “Edem və başqaları” (2007), “Sevginin adları” (2007), “Sakit külək” (2008), “Məna detektoru’ (2010), “Gecə üçün nağıl” (2010), “Mahnılar və balladalar” (2014), “Sonuncu konvoy” (2020) və başqa şeir kitablarının və topluların, o cümlədən “Sadəcə bir səs’ mənsur poemasının (2002), bir neçə esse kitabının müəllifidir. İngilis-amerikan və polyak şairlərini rus dilinə tərcümə edib. “Andrey Belıy” (2007), “Antologiya” (2010), “Moskovskiy sçyot” (2011) və “Russkaya Premiya” mükafatları (2011) laureatıdır. 2022-ci ildə vəfat edib.
2004-cü ildən bəri tənqidçilər Svetkovun “yeni poetikası”ndan, onun poetik məzmununun mürəkkəbliyindən, ifadə imkanlarını genişləndirmək üçün dil anomaliyalarına meyil etməsindən, orijinal bədii üslubunun dərhal seçilməsindən bəhs edirlər.