Vladimir Solouxin
Vladimir Alekseyeviç Solouxin (1924—1997) — nasir, şair, publisist kimi tanınıb. M. Qorki adına RSFSR Dövlət mükafatı laureatıdır (1979).
Vladimir vilayətinin Alepino kəndində kəndli ailəsində anadan olub. Mexanika Texnikumunu bitirib. Kremlin mühafizəsində müddətli hərbi xidmət keçdikdən sonra A. M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Oqonyok” jurnalında işləyib, ölkəni çox gəzib.
Solouxinin ədəbi şöhrəti 1957-ci ildə, “Vladimirin kəndarası yolları” lirik essesi “Novıy Mir” jurnalında dərc olunduqdan sonra başlayıb.
V. Solouxin ən parlaq “kəndçi” yazıçılardan idi. Onun yaradıcılığında avtobioqrafik nəsr — “Ögey ana”, “Gözəl Adıgene”, “Hökm” romanları və son kitabı “Sonuncu pillə (Müasirinin etirafı)” xüsusi yer tutur.
O, bir publisist kimi XX əsr Rusiyasının faciəli tarixini (“Kasa”), kəndin taleyini, sovet təcrübəsinə münasibəti, milli mədəni irsin qorunmasını (“Rusiya muzeyindən məktublar” “Qara lövhələr”) dərk edirdi.
V. Solouxinin yaradıcılığı publisistliyi, kəskin tarix duyğusu, vətəndaşlıq və yüksək lirikliyin vəhdəti ilə xarakterizə olunur.