Son pillələr

(povestdən parça)

— Yox, — Kirill coşdu, — nə deyirlər desinlər, mədəni, savadlı insanlar (istər Kazan universitetindən olsun, istərsə də başqa) bütün ölkəni bu cür dağıda və xaraba qoya bilməzdilər. Onlar heç də mədəni adamlar deyil, barbar, yarımçıq təhsilli, kəmağıl, cahil, üstəlik də, ən cılız və qisasçı qəzəb hissilə dolub daşırlar. Onlar hakimiyyəti ələ keçirmiş cinayətkarlardır. Yaxşı, de görüm, gözəlliyi məhv etmək quldurluq deyil? Yer üzünün gözəlliyini, ümumi simasını. Axı bunları onlar yaratmayıb. Lisyonok, Nekrasovun “Vlas”ından son bəndləri mənə at görüm. 

Lisa dərhal aydın səslə oxumağa başladı:

Qışın soyuğunda gəzir
Yayın istisində gəzir
Xaçlı Rusu səsləyir
Hədiyyələr gözləyir -

Verir yoldan keçənlər...
Zəhmətin bəhrəsindən
Rəbbə doğru məbədlər!
Doğma torpaq köksündən...

Bunu qərəzsiz şahid, bəlkə də inqilabçı demokrat Nekrasov yazıb. Deməli, doğrudur, bu gözəllik bütün Rusiyada zəhmətin bəhrəsindən, xalqın əməyindən yaranıb. Kim ona qarşı üsyan edə, silah qaldıra bilərdi, kim ona həqarət edə, onu ləkələyə bilərdi? Yalnız Rusiyanın düşmənləri, yalnız cılız məkrli qisasçılar, xuliqanlar və cinayətkarlar. Yəni bu kiməsə aydın deyil?.

O da qisas aldı? Kim və nə üçün?

— Necə yəni kiminçün? Qardaşı üçün! Qardaşını asdılar, o da dedi ki, biz başqa yolla gedəcəyik. And içdi. Bu zaman hamısının anası öz övladlarını Rusiyanın məhvinə sürüklədi. Yalnız sevgi yarada bilər, qəzəb isə ancaq dağıdar. Əgər dağıntının miqyasına, məhvetmə orgiyasına görə mühakimə yürütsək, qəzəb vəhşi, heyvani idi*.

Beləcə, gözümüzdən, hər dəfə qanla dolan ürəyimizdən, təpələrdəki kilsələrdən, ağaclarla əhatə olunmuş kilsələrdən, kəndlərin ortasındakı və kənarındakı kilsələrdən, birqülləli və beşqülləli kilsələrdən keçdilər, amma hamı ölü, hamı bir nəfər kimi lənətlənmiş.

Deyəsən, kolxoz anbarına girmişdik. Burnuma çürük ət qoxusu gəldi, yerə yaş, duzlanmış inək və qoyun dəriləri sərilmişdi, orda-burda topa-topa qarışıq donuz yemi vardı. Başqa bir anbarda bürmələnmiş tol, məftil sarğıları, şüşə yeşikləri, boya bankaları saxlana bilərdi. Üçüncü anbarda döşəmənin hər tərəfində, məsələn, taxıl, yulaf ola bilərdi, amma hər tərəf boz rəngdə tozlu kətan lifləriylə dolu idi.

Ağaclarla əhatə olunmuş kilsəyə gəlib, baxımsız qalmış ölü məbədi gəzdik, yabanı yasəmən kolları, akasiyalar və solğun çəhrayı əməköməcilər arasındakı səkidə oturub səssizliyə qulaq asdıq.

Boş və unudulmuş bir yer. Ancaq tam sakitlik yox idi. Zəng qülləsinin pəncərələrində külək asta, həzin səslə ulayırdı. Kolların arasında oturduğumuz yer tam küləksiz və isti olsa da, kollardan və ağaclardan yuxarıda, xaçın, ağ günorta buludlarının yaxınında, parlaq yel əsirdi.

Xəyaldan ayılıb ayağa qalxdıq, çünki kilsənin həyətinə kənar səslər yaxınlaşırdı. Ayaq tappıltıları, boğuq səslər, ya da hıçqırıq, yoxsa mahnı. Kolun arxasından baxanda gördük ki, kənd tərəfdən kimisə dəfn etməyə aparırlar.> Məlum oldu ki, bura hələ tam unudulmayıb: əvvəlki kənd qəbiristanlığı durur. Necə olub ki, yamyaşıl, biçilməmiş otlar arasındakı bəzi təpələrin kifayət qədər təzə olduğunu və ya onlara qayğıkeş insan əllərinin toxunduğunu görməmişik.>

Yürüş çoxsaylı deyildi, adi kənd yası idi. Uşaqlıqdan xatırlayıram, bizim kənddə də belə dəfn edirdilər. Kilsənin yalnız belə bir hadisə üçün açılan əsas qapısından çıxarırdılar... İrəlidə dəsmal ilə xaç, sonra bir fənər olurdu, artıq yaxşı xatırlamıram. Ən böyük zəng nadir hallarda, uzun fasilələrlə çalırdı.> Zərbələrarası müddət ərzində mərasim otuz-qırx addım atırdı. Dəfn zəngi belə olur. Bu nadir, gözlənilməz ağır mis zərbələrdə qorxunc-təntənəli bir şey vardı. Sanki kiçik yürüşün yanıyla kiminsə xüsusi nəhəng addımı, ölüm və kədər addımı, zamanın özü irəliləyrdi. Danq! — qırx addım. Danq! — qırx addım. Qəbiristanlığa gətirənə qədər əlli dəfə vuracaq.

Kilsədə oxunan əsl ölü duasını uzun müddətdir eşitmirdim, odur ki, xatırlamaq və təsəvvür etmək çətin idi. Ancaq bir neçə il əvvəl atam Aleksey Alekseyeviçə oxunarkən eşitmişdim. Olmazdı belə ölü duasından: qocalıqdan səsi batmış Aleksandr ata oxuyur, Polya Moskovkina xala ilə Volodya Postnov da onun ardınca təkrarlayırdılar — binəva və miskin bir ansambl. Amma mən dinlədim və birdən bədənimdən üşütmə keçdi. İndi yadımda deyil, amma bu münasibətlə nəsə təntənəli, yeknəsəq bir şey idi, ona görə də, deməli, Aleksandr ata uzada-uzada köməkçiləri ilə birlikdə gurultulu sözlər dedi və beynimin hansısa dərin guşəsində bir fikir işardı: əgər sənin üçün də bu cür sözlər deyiləcəksə, ölmək o qədər də qorxulu deyil.

Artıq nə böyük zəngin səsi, nə də qəbir duası eşidilmirdi. Günün qızmarında tozlu bir yolda sakitcə və məyus halda zəhmətkeş, yer şumlamış, dəryaz çalmış maxorka tüstüləyən, lənətə gəlmiş həyatından bezib doyunca söyüş söyən bir rus kəndlisini aparırdılar. Ya da doğub-törəmiş, çuqun qazanları tutqaçla bolluca danqıldadan, ömrü boyu əlləşən, əziyyət çəkən rus qadınını.

Necə dəfn edəcəklərinə baxmaq istədik ki, əllərindən alınan əsrlərin dəfn mərasimini nəylə əvəz edəcəklərini görək.

Məsələn, mənim Moskva yazıçısı kimi dəfn mərasimi ilə bağlı öz təsəvvürüm var. Tabutu Mərkəzi Ədiblər Evinə qoyurlar (restoran stollarını müvəqqəti yığışdırırlar), Mixalkov nitq söyləyir, Roza Yakovlevna matəm sarğıları paylayır, matəm marşı və ya sadəcə yaxşı bir musiqi səslənir.

Tutaq ki, mən daha yaxşısını istəmirəm və bunu özüm üçün “insan kimi dəfn olunmaq” hesab edirəm. Əgər indi mənə desələr ki, öləndən sonra səni heyvanların, quşların qabağına atacaqlar, onlar da parçalayıb-didəcəklər, bunu qeyri-insani qəddarlıq hesab edərəm. Heyvanları ve quşları istəmirəm.

Amma Hindistanda elə kastalar var ki, onlar çürümək üçün çölə atılmağı və ya yeyilməyi xoşbəxtlik sayırlar. Onların fikrincə, “insan kimi dəfn olunmaq” budur. Yaxud da müqəddəs Qanqın sahilində yandırılmaq. Bir hinduya Qanq çayının sahilində yandırılmayacağını, heyvanların və quşların qabağına atılmayacağını söyləsəniz, hindu bunu qeyri-insani qəddarlıq hesab edəcək.

Qısası, sağlığında heç bir hüququ olmayan hər bir insanın onun dünyagörüşünə əsasən, “insan kimi” dəfn olunmağa müqəddəs haqqı olmalıdır.

Amma kilsəni bağladıq. Bu o deməkdir ki, yüzlərlə yaşlı adamı, qoca və qarını “insan kimi” dəfn olunmaq hüququndan məhrum etdik, çünki onlar digər yas mərasimlərini it, mal-qara, leş basdırmaq kimi görürlər. Onları yenidən tərbiyə etmək çox gecdir. Amma onlar ölkədə milyonlarladır. Belə dəhşətli qəddarlığı etmək haqqını kim öz üzərinə götürüb?

Bir kəndli rus qarısı, ana, nənə təsəvvür edin. O, əlbəttə, indi vilayət və rayon miqyasında heç kimdir: nə sağıcıdır, nə zərbəçidir, nə də kommunist əməyi briqadasının üzvüdür. Onun dəfninə rayondan orkestr gəlməyəcək, matəm bayraqları asılmayacaq.

Bəli, o, sağıcı deyil, əmək qəhrəmanı da deyil. Amma o, insandır! Bütün arzusu, son istəyi kilsədə ona dua oxunmasıdır. Amma bunu onun əlindən alıblar. Alıblar demək azdır, ona hətta kilsə, dəfn mərasimi, dua haqqında düşünmək də qadağan edilib.

— Bəs mən öləndə nə olacaq?

— Aparıb basdıracağıq.

— Heyvan kimi?

— Necə istəyirsən, elə də başa düş.

Bəs qəddarlığın, insanları məsxərəyə qoymağın, insani hissləri ələ salmağın meyarı nədir?

Bunları düşünərkən dəfn mərasimi qəbiristanlığa çatdı. Biz də boş məzara yaxınlaşdıq. Burada torpaq qırmızı gil idi. Təpəciklərin torpağı dənəvərdir, xırda hissəciklərdən ibarətdir, ancaq qəbrin divarlarında, qazılmış yerlərdə parıltılıdır, yağ kimi parıldayır.

Adamlar qəbrə yaxınlaşdılar. Tabutu çuxurun yanına qoydular. Qadınlar daha ucadan qışqırdılar. Miskin və yetim topayla sıxlaşıb, qəbri araya aldılar. Birdən özlərini itirdiklərini gördük. Bundan sonra nə edəcəklərini bilmirlər. Nəsə etmək lazımdır axı, elə bir şey ki, axırıncı borc və son ayin kimi görünsün... Heç bir ayinləri yox idi.

Mərhuma hamıdan yaxın dayanan qarı ona xaç çəkdi, sonra ağ kəfənə çiyələk ovuntusu səpdi.

— Mıxlayın, uşaqlar, nə baxırsınız.

> İş çıxan kimi, kişilər canlandı. Nəyi bacarmasaq da, mismarlamağı yaxşı bilirik. İki çəkicin aydın, kədərli zərbələri eşidildi. İkicə dəqiqəyə mıxladılar. Kəndirləri tabutun altından keçirib, hıqqına-hıqqına, tarazlığı güclə saxlamağa çalışaraq, onu torpağın nəm gil dərinliyinə endirməyə başladılar. Endirdilər. Sonra kəndirləri geri çəkdilər. Torpaq topaları boğuq qəmgin səslə xırtıldadılar. Getdikcə yumşalıb sakitləşdilər və xışıltıya çevrildilər.

Basdırıb, yenə çaşqınlıq içində dayandılar. Dağılışmaq lazım idi. Amma hər kəsin ürəyində nəyinsə yarımçıq qalması, deyilməməsi və ya yanlış edilməsi narahatlığı vardı.

Amma ediləcək başqa bir şey yox idi. Meyit basdırılıb, axşamacan burada qalası deyillər ki. Hamı birdən olmasa da, iki-bir üç-bir dağılmağa başladı. Əlli yaşlarında bir qadın hamıya dedi ki, ehsana gəlsinlər.

Hə, indi yığışacaqlar bu qadının daxmasına, duru xörəklə sərxoş olanacan içəcəklər. Qınayaqmı? Sona qədər, ya da tamamilə dərk olunmayan sıxıcı kədərdən qurtulmaq lazımdır, ya yox?!

İkinci (ikinci dərəcəli olsa da) kolleksiyasını tamamlayan Kiril az qala hər kənddə məndən kolxoz sədrini tapmağı xahiş etdi. Sədrlə jurnalist kimi söhbət etdiyim, kolxozun işləriylə maraqlandığım üçün əsas rolu mənə tapşırmışdılar. Kirilə kənardan baxmaq, ətrafı nəzərdən keçirmək, kamerasının obyektivindən istifadə edərək nişan almaq, sədrin üzünü yaxınlaşdırmaq, onu tam kadra salmaq, snayper tətiyini çəkmək, həmsöhbətimin bəzən özündən xəbərsiz (görsə də, əlbəttə, etiraz edən deyil, əksinə, sevinəcək: müxbirlərdir, qəzetdə çıxacaqsınız) şəklini çəkmək daha rahat idi.

Amma qəzetdə heç nə çıxıb-eləmirdi. Kiril fotoşəkilləri masasının üstünə töküb deyirdi:

— Bunlara bax. Kənd təsərrüfatımızın komandirlərinə bax. Bunların arasından heç olmasa bir sifət tap. Heç olmasa, bir sifətdə ruh yüksəkliyindən əsər-əlamət var? Yaxından bax. Bunlar adam yox, haridir. Qırxılmamış, şişkin, bilmirsən xumardır, ya yuxusuzdur. Sən bunlardan birində iradə, ağıl işartısı, şəxsiyyətdən əsər görürsən? Simasızlar. Özlərini itiriblər, onlardan nə istəndiyini belə anlamırlar. Bu adamlara yuxarıdan nə deyilirsə, onu edirlər. Qarğıdalı əkin desələr, qarğıdalı əkəcəklər. Qarğıdalının kökünü kəsin desələr, kəsəcəklər. Kolxozları böyüdün, baş üstə. Kolxozları dağıdın, o da göz üstə. Əməkgünləri tətbiq edin, oldu. Əməkgününü əmək haqqı ilə əvəz edin, əmr edərsiniz. Özlərinə düşünmək lazım deyil. Onlara ancaq bicliklərini təkmilləşdirmək lazımdır; vəzifəsində necə qalsın, bunun üçün rəisləri necə aldatsın, hansı saxta hesabatları versin, səpinin, biçinin artıq yerinə yetirildiyi haqda yalan məlumat verərək, sabah hansı saxta rəqəmlər uydursun... Amma bunlar həmişə uğurlu olmur, yalandan yalan doğur. Axırda kağız üzərində bir şey olur, reallıqda tamam başqa şey. Rayondan vilayətə doğru yalan bir az da artır. Son instansiyada özündən başqa heç kəsi aldada bilmirsən, bir də Ali Sovetin qurultayının, sessiyasının tribunasından bütün xalqı dolayırsan. Sonra kağız üzərindəki yalanlar faş olmasın deyə, Amerikadan, Kanadadan, Avstraliyadan taxıl və yulaf alırlar.

Bununla belə, Kiril çəkərkən mən sədrlə danışmalı oldum və ikinci sualda onu imtahanda olduğu kimi kəsmək o qədər də çətin olmadı, çünki o vaxt kolxozlarımızdakı vəziyyəti incəliyinə qədər bilirdim. Əvvəlcə o qürrələndi, amma tezliklə məlum oldu ki, keçən il məhsul cəmi doqquz sentner olub, inəklərdən iki min litr süd sağılıb, şəhərdən avtobus dolusu işçi qüvvəsi gətirilsə də, kartofun bir hissəsi tarlada qarın altında qalıb, yem heç qışın ortasına qədər çatmayacaq. Odur ki, sədr hıqqınmağa, ağzını sürüməyə, Kirilin dili ilə desək, dərhal işçi qüvvəsinin azlığından şikayətlənməyə başladı.

Bir sovxoz direktoru fərqli görünmək naminə bizə elə belə də dedi:

— Sabah ümumi yığıncaq keçirib, adamları öz qohumlarını, tanışlarını dəvət etməyə çağıracağam, qoy bizim sovxoza köçsünlər. İşçi çatışmazlığı var.

— Bəs xalq haradadır?

— Qaçırlar, — direktor qısa və aydın cavab verdi.

— Amma yenə də görün, sovxozunuzda nə qədər ev var. Onlarda insanlar yaşayır. Həm də məgər hər şey insanların sayından asılıdır? Mən Danimarkada oldum, maraqlandım...

— Yaxşı, bəs Danimarkada vəziyyət necədir? — direktor maraqlandı.

— Orada fermer təsərrüfatlarıdır. Rusiya bu yola Stolıpin islahatlarını həyata keçirərkən getməli idi. Deyəsən, elə “Danimarka yolu” deyirdilər. Ancaq Danimarka kiçikdir. Fantastik əmək məhsuldarlığına baxmayaraq, miqyas kiçikdir. Rusiya miqyasında belə məhsuldarlıq olsa...

— Məhsuldarlıq orada necədir?

— Mənə kiçik bir fermanı göstərməyi xahiş etdim. Təxminən bizim orta kəndli təsərrüfatında olan torpaq sahəsi qədər. Üstəlik, təsadüfi bir təsərrüfata baxdıq. Maşınla gedərkən ordan-burdan danışdıq. Əsas yoldan qarşımıza çıxan ilk fermaya döndük.

— Bəs sonra?

— Yeddi hektar torpaq idi. Ər-arvad işləyirdilər. Hər ikisinin otuz yaşı vardı. Bir də yeniyetmə qızları. Qızın minik atı vardı. Bir dənə də iş atları. Şərikli təkərli traktor da var idi.

— Necə yəni?

— Traktoru qonşu ilə şərikli alıblar. Qoşqu alətləri özlərinin idi. Kaş ki, alətlərini görəydiniz! Yabalar, kürəklər, bellər, dırmıqlar parlaq boyalarla rənglənmişdi, daha az güc sərf etmək və alətdən istifadəni asanlaşdırmaq üçün tutacaqları münasib şəkildə əymişdilər. İki avtomobil vardı: minik və kiçik bir yük maşını. Özləri istehsal etdiklərini yemirlər. Xüsusi maşın gəlir (elə mən orada olanda gəldi) və nə sifariş edirlərsə, onu da gətirir: sellofanda ət, yaşıl noxud, ispanaq... Ev sahibəsi mənə soyuducunu göstərdi — uzunsov formadaydı, sandığa bənzəyir. Qapağını qaldırdı — yeməklə dolu idi. Hər şey dadlı və sağlam yeməklər haqqında kitablarda olan şəkillərdəki kimi kimi təzə, parlaq idi.

— Bəs özləri nə istehsal edir?

— Üç növ əmtəəlik məhsul: süd, yumurta və donuz balaları. Əlbəttə, şərikli traktor və bir atla yeddi hektar sahədə iki nəfərə nə qədər müxtəlif məhsul istehsal etdiklərini də soruşdum.

— Nə qədər?

— İki ton yumurta, 1800 kiloqram yağ alınacaq süd və bekon üçün qırx donuz balası.

— Yumurta çəki ilədir?

Bəli, çəki ilədir. Orada mağazalarda da çəki ilə satılır. Təxminən otuz min ədəd edir. Qızı da daxil olmaqla üç yerə bölsək, hərəsinə on min düşür, amma faktiki olaraq on beş mindir, çünki ikisi işləyir. Bu da sizə məhsuldarlıq. Bəs sizdə necədir?

— Bizdə necədir? — Direktor elə bil yuxudan ayıldı.

— Toyuq fermanız var?

— Var.

— Keçən il adambaşına orta hesabla neçə yumurta vermisiniz?

— Bizdə toyuqlar əsas deyil. Əsas süddür.

— Hər halda.

— Yox... — direktor duruxdu. — Deməyə utanıram.

— Yenə də?

Adambaşına üç yumurta.

— Gəlin, əsas məhsulunuz olan süddən danışaq. Onun beş min litri rahat verən inəkləri vardı. Ona deyirəm ki, gəl bizə, dərhal zərbəçi olacaqsan, portretin rayon qəzetində çap olunacaq, hələ Əmək Qəhrəmanı da verəcəklər. Yox, deyir, rayon qəzeti olmasa da, birtəhər dolanaram... Gəlin əsas məhsulunuz olan südü götürək.

— Yox, — direktor dedi. — Mən başa düşdüm. Fərqli sistem, fərqli nəticələrdir. Fikirləşirəm ki, mənim sovxozumda işçi çatışmazlığı yox, tənbəllik hökm sürür. İki nəfər qırx donuz balası yetişdirib. Əgər hər işçimə iyirmi donuz balası düşsə, bütün rayonu donuz balaları ilə doldurardıq. İldə iki nəfərə min səkkiz yüz kiloqram kərə yağı inanılmazdır! Bizim sovxozda üç yüz nəfər varsa, altı milyon yumurta, otuz tona yaxın kərə yağı və altı min donuz balası istehsal etməliyik. Yox, bu ağlasığmazdır. Onlarda məhsuldarlıq var?



* Kremlin keçmiş komendantı P. Malkovun danışdığı əhvalata nəzər salaq. Deməli, ona mayın 1-nə kimi Kremldə yır-yığış etmək tapşırılıb. O da tapşırığı yerinə yetirib. Davamı aşağıdakı mətndə. Malkov P. Kreml komendantının qeydləri, Molodaya Qvardiya, 1968, s. 127. “Vladimir İliç çıxdı. O, şən idi, zarafat edir və gülürdü. Yaxınlaşanda İliç məni mehribancasına salamladı, bayram münasibətilə təbrik etdi, sonra birdən barmağını zarafatla silkələdi. — Yaxşıdır, dostum, hər şey yaxşıdır, amma bu biabırçılıq aradan qaldırılmayıb. Bu yaxşı deyil,  — deyə böyük knyaz Sergey Aleksandroviçin öldürüldüyü yerdə ucaldılmış abidəni göstərdi. Mən kədərlə ah çəkdim.

— Doğrudur, — dedim, — Vladimir İliç, götürməmişik, vaxt olmayıb, fəhlə çatışmırdı. 

— Səbəb tapdın sən də! Deməli, fəhlə çatışmırdı? Bunun üçün fəhlə elə indi də tapılar. Nə deyirsiniz, yoldaşlar? — İliç ətrafındakılara müraciət etdi. 

Mehriban səslər onu hər tərəfdən dəstəklədi. 

— Görürsünüz? Amma siz fəhlə olmadığını deyirsiniz. Nümayişə qədər vaxt var, kəndirləri gətirin. 

Dərhal komendantlığa qaçıb kəndirləri gətirdim. Vladimir İliç məharətlə bir ilgək düzəltdi və abidənin başına atdı. Hamı işə girişdi və tezliklə abidə hər tərəfdən kəndirlərə dolandı. 

— Hə, gəlin birlikdə! — Vladimir İliç hərarətlə əmr etdi. 

Lenin, Sverdlov, Avanesov, Smidoviç, Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin, Xalq Komissarları Sovetinin digər üzvləri və hökumət aparatının işçiləri kəndirlərdən yapışıb, dartdılar və abidə gurultuyla daş döşəməyə düşdü. 

— Aparın atın zibilliyə! — Vladimir İliç növbəti əmri verdi. 

Onlarla əl iplərdən yapışaraq, abidəni daş döşəməylə Tainitski bağına doğru sürüdü. Vladimir İliçin çarların, böyük knyazların, çar dövründə şöhrət qazanmış hər hansı generalın abidəsinə qətiyyən dözümü yox idi... 

Vladimir İliçin təklifi ilə 1918-ci ildə Kremldə II Aleksandrın, Xilaskar Məsih məbədinin yanındakı III Aleksandrın abidələri, general Skobelevin heykəli söküldü... “Biz bütün bu zir-zibilli sökdük”, — o bəyan etdi, Moskvada və Sovet Rusiyasının digər şəhərlərində Marksın, Engelsin, Maratın, Robespyerin, Kommunanın və inqilabımızın qəhrəmanlarının abidələrini ucaldacağıq”. Təsirli əhvalatdır, elə deyilmi?