Kolibrini öldürün

(romandan parça)

Qırx iki yaşlı bərpaçı rəssam Arkadi İvanoviç Çelişevin tünd xurmayı rəngdə uzun saçları vardı, bir şəkil və ya ikona üzərinə əyiləndə onları lentlə bağlayırdı. Düşünərkən əlini açıq, təmiz alnına qoyur, sanki üsyankar və narahat fikirlərini ovuşdururdu. Olduqca yumşaq və tüklü qaşları kişidən çox qadınsayağı idi.> Boz və diqqətli gözləri gördüyü dünya qədər maraqlı və xoş idi. Yalnız hərdən onlarda kəskin tamahkar bir parıltı yanırdı, elə bil bu dünyada nəsə qeyri-adi və valehedici bir şey tapırdılar. Burnu sivri, zərif körpücüklü, cüzi donqarlı idi, bu da üzünü bir qədər təkəbbürlü göstərirdi. Amma balaca yumşaq ağzı ilə gülümsəyən kimi bu təəssürat yox olurdu.

Sifarişlər onu ərköyünləşdirmişdi. Varlı ikona kolleksiyaçıları ona müraciət edərək, qaralmış, kömürləşmiş, islanmış, deşilmiş lövhələrin keçmiş təravətini və təzəliyini qaytarmağı təklif edirdilər. Onun xəfif toxunuşundan sonra lövhələrdə qızılı halələr, qırmızı plaşlar, mavi köynəklər çiçəkləyir, mələklərin, müqəddəslərin və zahidlərin ecazkar simaları qaranlıqdan çıxırdı.

O, əyalət muzeylərinin anbarlarında çürümüş malikanə portretlərini bərpa edirdi. Qaralmış lakın, hörümçək torları dolmuş çatların arasından kamzol geyinmiş qırmızıyanaq, xoşxasiyyət mülkədarlar, onların ləçək bağlamış sadiq həyat yoldaşları, gözləri albalı kimi qabarıq olan gözəl gənc xanımlar, uniformalarına Qafqaz və ya Balkan müharibələrində aldıqları medalları taxmış bakenbardlı zabitlər baxırdılar. Çelişev mərhəmətinə və fədakarlığına görə sanki ona təşəkkür edən naməlum əyalət rəssamlarının əsərlərinin itməsinə imkan vermir, portretlər qarşısında heyranlıqla səcdə edirdi.

Bir dəfə kolleksiyası təsadüfən Reyn sularına qərq olmuş məşhur bir bankir onu Almaniyaya dəvət etdi. Bir neçə ay ərzində malikanəyə qapanan Çelişçev Matissa, Deqa və Van Qoqun rəsmlərini — mavi sularda üzən qayıqları, ametist balerinaları, qızılı günəbaxanları bərpa etdi. Ruhların köçməsinə inanan rəssam böyük sənətkarların sehrli əsərlərini təkrarlayır, onların ilhamı ilə yaşayırdı.

Varlı müştərilər ona yaxşı pul verirdilər, odur ki, heç nəyə ehtiyacı yox idi. Paltar və ayaqqabılarını bahalı butiklərdən alırdı. Tverskayada Stalin layihəsi olan üç­otaqlı mənzildə yaşayırdı. Otaqların birini emalatxana etmiş, zəngin mebelli digər ikisində isə qonaq qəbul etməyi xoşlayırdı. Zədələnmiş şedevrləri Çelişevə etibar edən müştərilər — bankirlər, diplomatlar, iş adamları onu öz çevrələrinə buraxmışdılar. Bahalı restoranlarda qonaqlıqara, yaxta gəzintilərinə dəvət olunur, Avropanın avtomobil yarışlarına daxil edilirdi. O da öz “Volvo”sunda parlaq avtomobillər cərgəsinə qoşularaq, mənzərəli İspan şəhərlərinin, zümrüd dağların və mavi körfəzlərin yanından şütüyüb keçirdi. Yanında da hər dəfə günəşdən qaralmış, yeni və şən bir xoşbəxt gözəlçə olurdu. Onunla kiçik bir otelin eyvanında oturub, sarı, gözəl teatral aya baxaraq tünd şərab içirdilər.

O, iki dəfə evlənmiş və qarşılıqlı razılıq əsasında asanlıqla boşanmışdı. Çelişevi tərk edən arvadı ona nə uşaq qoymuşdu, nə də məyusluq, ondan yalnız bir müddət yataq otağında dolaşan və sonra yoxa çıxan yüngül ətir qoxusu qalmışdı. O, rahat, dolğun bir həyat yaşayır, işinin öhdəsindən gəlir, bəzən vernisajlara və moda tamaşalarına gedirdi. Şirkətlərin sevimlisi və özündən tamamilə razı idi.

Bir dəfə onu muzeyə dəvət edib, bərpa olunacaq ikonanı göstərdilər. Uzun və ağır bir lövhəyə Müqəddəs Məryəm çəkilmişdi. İkona XII əsrə aid idi və “Tanrısevər Tanrı Anası” adlanırdı. Son dərəcə korlanmışdı. Lövhə nəm çəkmişdi və sanki paslı rütubət saçırdı. Rəsm şişmiş, boyası çatlamış və qopmağa hazır, böcəklərin açdığı deşiklərlə dolu idi. Üzünü his basmış, sonradan edilən düzəlişlərlə təhrif olunmuşdu, ikonada başdan ayağa qəzəbli kəsik izləri vardı.

Çelışev ikonaya baxdı, yoxsul dövlət muzeyi direktorunun təklif etdiyi qonorarın cüzi olduğunu öyrəndi və imtina etməyə qərar verdi. Həm də, onu sadə və gəlirli bir iş gözləyirdi — Semiradskinin möhtəşəm, çəhrayı sinəli şərab pərisinin antik vazaya bənövşəyi üzüm salxımı qoyduğu rəsm əsəri.

O, solğun quru üzlü, köhnə dəbli krujeva yaxalıq taxmış direktora mehribanlıqla baxıb, imtina etmək üçün ədəbli sözlər axtardı. Stolun üstündəki ikonaya sonuncu dəfə baxdı. Birdən elə bir ağrı və peşmanlıq, elə əzab və günah hiss etdi ki, bıçaqla kəsilmiş köhnə ikonada infarkt izinə bənzəyən yanıq kimi bir şey gördü. Şəkildəki onun bir neçə il qabaq vəfat etmiş anası idi. Ona elə gəldi ki, çirkli, qasnaq bağlamış, təhqir olunmuş, müdafiəsiz qadın soyuq yağışın altında palçığın içində uzanıb və heç kim ona kömək etmir, hətta oğlu da rəhmsiz ürəyini ondan döndərib.

Ağrı o qədər güclü, günah o qədər qaynar və kəskin idi ki, sinəsində yanma hissi hiss edərək direktora dedi:

— Razıyam. Mən onu işləməyə götürürəm. İkonanı ev emalatxanama göndərə bilərəm?

— Onu qorumaq lazımdır. O, qiymətsizdir.

— Öz anam kimi qoruyacağam.

İkona böyük ehtiyatla emalatxanaya gətiriləndə Çelişev stolun üstünə ağ kətan sərdi və ikonanı onun üzərinə uzatdı. Pəncərədəki pərdəni çəkib, əməliyyat otaqlarını işıqlandıran ağ, müntəzəm işıqlı parlaq lampanı yandırdı. İkonanın qarşısında oturdu və gözünü qırpmadan Tanrı Anasının dua edərək irəli uzatdığı əllərinə baxmağa başladı. O əyilmiş başına xırda qızıl ulduzları olan albalı rəngdə örpək örtmüşdü. Əsmər simasında maralsayağı iri gözləri qaralırdı, al qırmızı dodaqları qönçə kimi açılmışdı. Kiçik xirqəsinin altından görünən xırda ayaqlarında qırmızı çəkmələr vardı.

O, ikonaya uzun müddət baxdı. Rəssam ovsunlanmış, donub qalmışdı, Tanrı Anasında həyat əlamətləri görə bilmirdi. O, gümüşüyə çalan ölü, qırmızı çiçəyi solmuş başı ilə qurumuş bitkiyə bənzəyirdi. Tanrı Anasını seyr etdikcə sanki ikonanın həcmi böyüdü, o sanki nağıl şahzadəsi kimi şəffaf buz kristalına dönərək, cansız və nəfəssiz halda büllur tabutda uzanmışdı. Mövcud olduğu səkkiz əsr ərzində nə qədər insana şəfa vermiş, çoxlarını xilas etmiş, çoxlarına təsəlli olmuşdu. O qədər düşmən hücumunu dəf etmiş, o qədər tonqala atılmış, suda boğulmuş, baltayla doğranmış, bıçaqla kəsilmişdi ki, tükənmiş, zəifləmiş, ölmüşdü.> Qurumuş çiçəyə, taxta üzərindəki sakit kölgəyə, buzda donmuş solğun göy qurşağına çevrilmişdi.

Çelişev gözəl ölü Bakirə qıza görə əzab çəkdi, kədərləndi, ağladı. Ona pərəstiş etdi, onda ürkək həyat döyüntülərini oyada bilmədi. Güclə sezilən nəfəsini tutmaq ümidi ilə üzünü ona yaxınlaşdırdı. Dodaqları ilə onun dualı əllərinə toxundu. Bu əllər dodaqlarının altında çox zəif titrədi, onlardan güclə duyulacaq istilik vurdu. Çelişev şadlanaraq oyanmış kimi görünən Bakirə Məryəmə baxdı. O ölməmişdi, sonsuz əmək və iztirablardan yorularaq, dərin yuxuya getmişdi. Çelişev dəyərli bir pasiyentin həkimi kimi, onu sağaltmağa, yorğun və incik bədənində titrəyən zəif həyatı dəstəkləməyə başlayacaqdı. Həmin dəqiqə varlığının dəyişdiyini hiss etdi, ruhu şüb­hə etmədiyi və bütün bu illər ərzində yanında olan, müraciətini gözləyən nagahan yön aldı.

Lövhəni qurutmaq bir həftə çəkdi. İkonanın ətrafına qızdırıcılar qoydu, ventilyatoru işə saldı. Quru hava axınları ikonanı mehlədilər. Taxtanın nəmi yavaş-yavaş çəkildi. Çelişev sudan şişmiş liflərin tutqun küyü ksilofon dilinin cingilti səsinə keçənə qədər lövhəni yüngülcə tıqqıldatdı.

Böyük ehtiyatla ikonanı ağ kətana bükərək, tomoqrafiyada işləyən tanış həkimə apardı. Lövhəni geniş halqaya yerləşdirərək, halqanın uzanmış Tanrı Anası boyunca sakit xışıltı ilə necə hərəkət etdiyinə baxdı. Ekranda rəngbərəng gurultular və xətlər qaçışdı. Printer şüaları ikonanı kəsərək zədələri, boşluqları, qabartıları, ilk və sonrakı boya qatlarını işıqlandıran çoxlu şəkillər çap etdi.

Xəstəliyin xarakteri ona aydın olandan, dəyərli pasiyentin diaqnozu qoyulandan sonra Çelişev müalicəyə, yəni bərpa prosesinə başladı.

Mikroskop vasitəsilə xəstə hüceyrələrə baxıldığı kimi, zədələnmiş sahələri nəzərdən keçirdi. Hər bir hissəni, hər kiçik çatı araşdırdı. Ehtiyatlı əllərinə gah neştər, gah şpris, gah yumşaq fırça, gah da yaş tampon götürdü. Yanmış yerləri yudu, qırıntıları və qabıqları kəsdi, yapışqan maye vurdu, lövhədəki rəngələrə onların ilkin keyfiyyətini qaytardı.

Bir aylıq gərgin əməkdən sonra örpəyin kiçik bir hissəsini təmizləyib bərpa etdi, parlaq albalı, qan rəngdə səthin üzərində qiymətli qızılı ulduz işardı. Yorğun Çelişev xırda parlaq ulduza heyranlıqla tamaşa etdi.

Vaxt əridi, Moskva mövcudluğunu dayandırdı. Tver bulvarına baxan pəncərələrin pərdələri çəkildi. Parlaq ağ lampa gecə-gündüz yanır, Tanrı Anası onun altında nur saçırdı. Günəşin altındakı çəmənlikdən kölgə çəkiləndə olduğu kimi, paltarın bərpa olunan parçaları çiçək açdı.

Çelişev Tver bulvarındakı palıd və cökə ağaclarının necə saraldığını, maşınların yelinin xəzəli qovmasını görmədi. Soyuq yağışların necə başladığını, Puşkinin heykəlinin qara şüşə kimi parıldadığını, onun ayaqları ucundakı tənha qızılgülün kədərlə qızardığını da görmədi. İlk çovğunda Tver bulvarında solğun rəngli gecə fənərlərinin dumana büründüyünü də görmədi. Maşın axınının və yanıb-sönən üçrəngli svetoforun əks olunduğu navalça borusunda şəffaf buz qatı əmələ gəldiyini də görmədi. Bulvarın necə yaşıl dumana bürüdüyünü, qara ləkdəki lalələrin qızardığını da görmədi. İl günlərə və həftələrə deyil, ikonada məhv olmaqdan xilas etdiyi kiçik hissəciklərə bölünərək uçdu.

İşindən hədsiz ləzzət alırdi, sanki xilas etdiyi hər bir hissə ona sirli bir zövq verirdi. İşi başa çatdırdıqda isə onu görünməmiş mükafat gözləyirdi.

Tanrı Anasının üzündəki hisi təmizlədikdə onun siması bal rəngində zərif işıq saçdı, xırda dodaqları al qırmızı çiçək kimi oldu, xallı maral gözü kimi uzun və gözəl gözlərində, ulduzlu səma sayrışdı və birdən ikonadan gələn xoş ətri hiss etdi. Emalatxanadan qızılgül qoxusu gəlirdi və o, çiçək açmış bir kol görmək ümidiylə ətrafa baxmağa başladı.

Dost-tanışdan uzaqlaşmağa başladı, görüşlərdən yayındı. Moskva teatrsevərlərini dəli edən ingilis və fransız teatr tamaşalarının biletlərindən imtina etdi. Mədəniyyət nazirinin anadan olması ilə bağlı təşkil edilən qapalı şənliyə dəvətə məhəl qoymadı. Son vaxtlar sevgilisi olmuş qadının İspaniyaya fiestaya getmək dəvətinə cavab vermədi. Əvvəllər aramsız zəng çalan telefonunu söndürdü. Özünü tənhalığa məhkum etsə də, bunu hiss etmirdi. O, valehedici Bakirə Qızla tək idi və ona hər toxunuşu, ikonanın məhv olmaqdan qurtulan hər xırda parçası misilsiz xoşbəxtlik bəxş edirdi.

Muzeyin direktoru emalatxanaya gəldi. O, ovsunlanmış halda ikonaya baxdı və qurumuş, ürkək sifəti zərif şəkildə qızararaq çəhrayı oldu.

— İşiniz başa çatmaq üzrədir, Arkadi İvanoviç. İkonanın kilsəyə köçürülməsini istəyən monastırla muzey arasında artıq mübahisə başlayıb. Amma onlar onu qoruya bilməyəcəklər. Yenə barbacasına hisə batıracaq, soyuqda donduracaq, nəm divardan asacaqlar. Ona germetik, temperatur və rütubət tənzimləyicisi olan xüsusi fut­lyar lazımdır. Siz necə düşünürsünüz, Arkadi İvanoviç?

— Bilmirəm, — Çelişev parıldayan qızıl ulduza baxıb, sakitcə cavab verdi və üzündə xoşbəxt təbəssüm yarandı.

Onu bir vaxtlar Tanrı Anasının knyaz Andrey Bogolyubskinin yanına gəldiyi və knyazın onun şəklini çəkməyi əmr etdiyi monastırdan bir rahibə, hörmətli Yelizaveta ana ziyarət etdi. Arıq, düz sinəli, göyümtül-qara işıqlı gözləri olan Yelizaveta ana çevik şəkildə bir neçə dəfə ikonaya sarı əyildi və yüksək, azca çatlaq səslə oxudu:

— Tanrı Anası Bakirə Məryəm, sevin. Mübarək Məryəm, Rəbb səninlədir. Sən qadınlar üçün xeyir-duasan. Nə bəxtiyardır sənin bətninin meyvəsi, ruhlarımızı sanki Xilaskar dünyaya gətirdi.

O, ciddi, uzun burunlu səmimi üzünü Çelişevə çevirdi:

— Siz, Arkadi İvanoviç, bu dünyanın adamı deyilsiniz. Rəbb sizi ona görə seçib ki, Rusiyanın olum-ölüm taleyinin həll olunduğu günlərdə Müqəddəs Məryəmin obrazını Sizin vasitənizlə üzə çıxarsın. Sizin əllərinizdən çıxan pak obraz rus torpağı üzərində parlayacaq və bədbəxtliyi sovuşduracaq. Arkadi İvanoviç, siz bundan sonra Tanrı Anası hara getsə, onunla bir yerdə olmalısınız. O, mömin knyaz Andreyə göründüyü monastırımıza gedəcək. Siz də onun xidmətçisi olacaqsınız. Tanrı Anası bizə çarı göstərəcək, siz onun hüzurunda bu işarəni təxmin edəcək və bütün insanlara açacaqsınız. Sizin böyük itaətiniz və şücaətiniz bundadır, Arkadi İvanoviç.

Yelizaveta Ana Çelişevə xaç çəkdi. Arıq bədənini cəld ikonaya tərəf əydi və getdi.

İş başa çatdı. Moskvanın hər yerində çariçalar kimi mirvari boyunbağılar asmış yolka ağacları bəzədilmişdi. Tver bulvarındakı ağaclara ametist hörüklər dolanmışdı, insanlar bulvarda sanki şaxtanın yaratdığı büllurlarla cingildəyən şüşə meşəlikdə gəzirdilər.

Alnı sarğılı, sarışın saqqalı arıq sifətində qıvrılmış Çelişev əynində geniş köynək ikonaya baxırdı. Hər bir hissəcik, hər bir parça onun təmaslarından isinmiş, nəfəsiylə canlanmış, ilkin rəngləriylə sirli-sirli parlayırdı. Tanrı Anası Moskva qarının, yeni il yolkalarının, büllur ağacların arasında ucsuz-bucaqsız dənizdə üzən qayıqda uzanmış kimi görünürdü.

Birdən emalatxananın havasızlaşdığını, ikonanın ətrafında boşluq əmələ gəldiyini, saysız-hesabsız parlaq ulduzların olduğu mavi uçurumda fırlandığını hiss etdi. O boğulur, huşunu itirir, yaxınlaşan ölümdən dəhşətə gəlirdi. Birdən ikonadan, dərinliklərdən, taxta lövhədəki rəngli paltarlardan, ağlasığmaz ilahi möcüzənin gizləndiyi bal simadan göz qamaşdıran gur işıq vurdu və ruhuna hoparaq, içini hədsiz sevinclə doldurdu. Çox güclü və heyrətamiz kim isə onu qaldırıb, sayrışan ulduzların, işıldayan göy qurşağının, sehrli çalarların, şən dalğaların arasında tutdu. Elə bir sevinc, elə parlaq qüdrət, elə sevgi yaşadı ki, məkan və zaman yox oldu, yalnız gözləri qamaşdıran sevinc qaldı.

Bir an belə oldu. Sonra yenə adi emalatxana idi. İkona soyuyan külçə kimi uzanmışdı. Amma Çelişevin içindəki sevinc davam edirdi. Görünür, içinə sirli bir güc yerləşmişdi, mayalanma baş verdi və o, göz qapaqları altında başlayan böyümədən, yırğalanan ipək göy qurşağını hürkütməkdən qorxdu.

O gündən etibarən Çelişev ikonadan şirin bir asılılıq hiss etdi, sanki o, ikonanı deyil, ikona onu həyata qaytarmışdı.

Ona elə gəlirdi ki, Tanrı Anasından sözsüz əmrlər gəlir, onda xatirələr oyadır, hər biri ona toxunur və sevindirir. O, gənc, gözəl, geniş ağ köynək geyinmiş anasını xatırladı. Güzgünün qarşısında dayanıb, taxta daraqla gur qəhvəyi saçlarını darayırdı, güzgünün qabağındakı şüşə qablardan biri isə günəşin şüaları altında zümrüd rəngdə işıq saçaraq yanıb-sönürdü.

O, bağlarını, gicitkan kəpənəklərinin qonduğu boz taxta çəpəri xatırladı. Onlar şokolad rəngli qanadlarını açdılar və Çelişev balaca toppuza bənzər nazik bığların titrəməsinə, incə bədənlərdə bərq vuran xəzlərə baxdı.

Qarşıdakı evin abajurdan narıncı rəngə boyanmış axşam pəncərəsini xatırladı. Bəzən pəncərədə gənc bir qadın görünürdü. O, çılpaq qolları ilə dirsəklənib, dalana baxdı. Başından arxada qalan otağın dərinliyində sirli və cazibədar işıq parıldayırdı.

Bir dəgə Çelişevə elə gəldi ki, Tanrı Anası onu küçəyə dalandarların damdan saldığı buz parçalarından gətirməyə göndərir. Həyətə düşdü, göyümtül sivri bir buz parçası götürüb evə gətirdi və ikonanın yanına qoydu. Tanrı Anası, yeni il yolkalarının işığını əks etdirən buza baxdı.

Gecə qəfil həyəcandan oyandı. Elə sandı ki, Tanrı Anası onu çağırır. Ayaqyalın emalatxanaya girib, işığı yandırdı. İkonanın ətrafında zəif çəhrayı işıq yanırdı, sanki qızdırması vardı. Ətrafındakı hava həyəcanla parıldayırdı. Çelişev Tanrı Anasının gözlərindən iki damla qanlı yaş çıxdığını gördü. O ağlayırdı. Yaxında bəla hiss edirdi. Bəla təkcə Çelişevə deyil, bütün insanlara, bütün Rusiyaya gəlirdi. Yelizaveta ananın dediyinə görə, Tanrı Anası onu xilas etmək üçün gəlmişdi. Çelişev Tanrı Anasının yaşadığı böyük ağrı və iztirabları hiss etdi. Hiss etdi ki, bədbəxtliyin mənbəyi pəncərədən bayırda, gecənin qatanlığına qərq olmuş şəhərdə, nəhəng daş binalarda, maşınların uğuldadığı küçələrdə, parıltılı yolka ağacları arasındadır. Tanrı anası Çelişevdən şəhərə getməyi, bəlanın mənbəyini tapmağı və aradan qaldırmağı tələb edirdi. Tanrı Anasının iradəsi qəti idi, onu tələsdirirdi. Ondan yayılan enerji yolu göstərirdi. Çelişev tələsik geyindi və kütləvi bəla gətirən şər laxtasını axtarmaq üçün qaranlığa çıxdı.

Moskva gün ərzində yorulmuş sakinlərini yaşayış evlərində gizlədib, restoranlarını, gecə klublarını, teatr salonlarını əyləncəsevərlərin, dadlı yemək həvəskarlarının, yorulmadan həzz axtaranların üzünə açaraq gecə həyatını yaşayırdı. Bu yaxında yağmış qardan sonra ağaran bahalı avtomobillər fənərləri ilə onu parıldada-parıldada küçələrdə diyirlənirdilər. Dəbli mağazaların vitrinlərini mavi şümal tülküsü xəzləri, xarici qadın paltarları, qızıl və brilyantlar bəzəmişdi. Gecə barlarının və əyləncə müəssisələrinin lövhələri şaxtalı havada benqal alovu kimi qığılcım saçırdılar. Küknar ağacları hər yerdə — meydanlarda, yol ayrıclarında, gözəl xanımlar kimi boy göstərirdilər — hər biri öz geyimində, qiymətli zinət əşyaları ilə bəzənmiş, yaşıl, mavi, al-qırmızı krinolinlərdə.

Çelişev Tanrı Anasının ona göndərdiyi sirli göstərişlərə, səssiz əmrlərə tabe olaraq Moskvada gəzirdi. Hansısa güc onu səkilərdə addımladır, yeraltı keçidlərə salır, bir ərazidən digərinə aparırdı. Bu xətlər onu hər birində dünyanın məhvi olan şər və əzab pıxtılarına yaxınlaşdırırdı. Bərq vuran şəhərdə ağrılı qara ləkələri göstərən rentgen şüaları kimi qara dumanlar gizlənmişdi.

O, gürcü qanuni oğruların əyləndiyi restoranın yanından keçdi. Onlar böyük bir neft sövdələşməsini yuyurdular. Pulu zibil kimi səpir, gənc qadınları otaqlara aparır, masalara tərləmiş, köynəklərinin düymələri açılmış halda qayıdırdılar. Qadınlar incə barmaqları ilə onların tüklü sinələrini qıdıqlayır, gürcülər şirin-şirin gülürdülər. Onlardan birinin dəbli pencəyinin cibindən qızılı tapança düşdü.

Çelişev çoxrəngli göy qurşağı parıldayan dəbli gey-kluba yaxınlaşdı. Qadın kürkü, hündürdaban ayaqqabı geyinmiş, dodaqları boyalı portye qapıları açdı, dəbdəbəli maşından düşən tosqun və qoca rejissor qamətli bir gəncin çiyinlərini qucaqlamış halda içəri keçdi. Onlar zalın ilıq, tərli bədən iyi, zəhərli ətirlərin boğucu qoxusunu verən alaqaranlığında gözdən itdilər.

Çelişev gecə diskotekasının yanından keçdi. Divarların yumşaltdığı gurultulu musiqi və küt zərbələr küçəyə sızırdı. Diskotekanın mavi şüaların kəsiklədiyi yarımqaranlığında kütlə bir-birinə yapışmış halda rəqs edirdi. O qədər sıxlıq idi ki, rəqqaslar ancaq yerlərində atılıb-düşür, bir-birinə sürtüşür, sərxoş halda öpüşür, qəfil qıc olmuş kimi titrəyirdilər. Kütlənin başı üzərində tutqun gur işıq salınmış hündür dirəkdə çılpaq bədəni sehrli pəri kimi qızıla bürünmüş bir qadın rəqs edirdi. O, yorulmadan əyilib-düzəlir, qızıl ayaqlarını qaldırır, qızıl ilan kimi qıvrılırdı. Kütlə rəngli selik ifraz edən nəhəng yapışqan molyusk kimi çırpınırdı. Bu molyuskun se­liyi küçəni çoxrəngli damcılar kimi ləkələyirdi.

Çelişev, Tanrı Anasının işarə barmağının davamı olan və onu qaranlığın laxtalarına aparan xətlərlə hərəkət edirdi. Lakin onların heç birində qara almada olduğu kimi, kütləvi məhv sürfəsi yox idi, Rusiyaya hücum etməyə hazır əjdaha gizlənməmişdi. Çelişev növbəti əyləncə yeri ətrafında dövrə vuraraq, Moskva gecəsinin brilyant yolkaları arasında sehrli səyahətinə davam etdi.

O sanki yuxuda gəzirdi. Gözləri açıq idi, amma lunatik kimi yatmışdı. Onu sözsüz, inadkar bir iradə hərəkət etdirirdi. Dalanlara baxmağa, həyətləri dolaşmağa, tənha fənərin altında donmağa, tək-tük işıqlı pəncərələri olan solğun fasadlara baxmağa sövq edirdi. Dalanlardan birində yaşayış binaları ilə əhatə olunmuş və prospektdən görünməyən həbsxanaya rast gəldi. Həbsxana dama-dama qını olan nəhəng, eybəcər tısbağaya bənzəyirdi. Kərpic divarın, tikanlı məftil sarğıların arxasında nəsə ah çəkir, əzab içində sayıqlayırdı. Oradan dəmir, yağlı kilid, üfunətli tər, qəddar zorakılıq yayılırdı. Həbsxana qaşqabaqlı halda Çelişevə baxdı, sanki onu qovdu. Dəmir darvaza açıldı. Oradan içərisində görünməyən məhkum ruhun büzüşdüyü maili polad kuzovlu bir yük maşını çıxdı.

Çelişev Moskvanın bu başından vurub o başından çıxdı, onu sanki gecənin qar fırtınası aparırdı. Elə bil özündən gedərək, gözlərini yumur, açanda isə şəhərin prospektlərini, küçələrini tanımadığı o başında görürdü. Qarşısına qaya kimi nəhəng bir bina çıxdı. O içərisində canlı nəsə gizlənən işıqsız azman futlyara bənzəyirdi. Titrədi, şişdi, çəkildi. Bu, onkoloji mərkəz idi və Çelişevə elə gəldi ki, orada böyük bir şiş var. O, yavaş-yavaş böyüdü, bənövşəyi damarları partladı, qan sızmağa başladı. Çelişev beton örtüklərin titrəməsini, metal konstruksiyaların uzun cingiltisini eşitdi. Böyüyən şiş binanın divarlarını basdı, onlar parçalansaydılar, Moskvaya dəhşətli və yapışqan bir lət düşəcəkdi. Qara binanın üstü zəif şəkildə işıqlandı. Bunlar ölülərin əzabdan qurtulmuş, göylərə uçan ruhları idi.

Şəhərdən kənardakı yaşayış binasının birinci mərtəbəsindəki pəncərənin işığı tək-tənha yanaraq, qar topasının üzərinə sarı zolaq salmışdı. Çelişev pəncərədən içəri baxdıqda bir qadının huşsuz halda əməliyyat kreslosunda uzanaraq ayaqlarını araladığını gördü. Əynində qan sıçramış xalat olan cərrah onun bətninə polad borucuq daxil edir, qanlı məhlula çevrilən embrion minalı ləyənə tökülürdü.

Güc xətlərinin Çelişevdə yaratdığı ağrı və iztirabın içində Rusiyanın altını üstünə çevirməyə hazır olan dəhşətli təhlükələr gizlənmişdi. Ancaq güc xətləri yalnız ağrılı laxtalara yaxınlaşır, onların yanından keçir, Çelişevi irəli apardı.

Səssiz iradəyə tabe olaraq, yenidən öz evinin yanına, Puşkin meydanına, abidənin ərafındakı bağa gəldi. Tunc şair papağını çıxararaq təzim etdi və yüngül qar fırtınası qıvrım saçlarına, şlyapasına, ayaqları altındakı qızılgülə gümüş səpdi. Çelişev Tverskaya küçəsi boyunca işıq saçan maşın qatarına baxdı, onlar fənərlərinin ağ işığı ilə hücuma keçir, kömür kimi közərən qırmızı işıqlarla uzaqlaşırdılar. Bulvarlardan şütüyən maşınlar qırılır, donur, küçəni boşaldaraq sürətlə yolu kəsir, meydanı alovlu gecə xaçına çevirirdilər.

Güc xətləri onu azsaylı piyadaların tələsdiyi yeraltı keçidə apardı, burada saçları yanına tökülmüş gənc skripkaçı yayı çılğıncasına tərpədərək keçidi hönkürən musiqi ilə doldurdu. Onun qarşısında sikkələr və əzik əskinaslar olan papaq vardı.

Çelişev Tver bulvarına çıxdı və özünü büllur meşədə gördü. Ağaclar ametist çələnglərə bürünmüşdü. Onların gövdələri mavi buzdan idi və sanki zəif səslə cingildəyirdilər. Şəffaf qar fırtınası büllur ağaclarla əhatə olunmuş boş xiyabanı uzaqlara aparırdı.

“Puşkin” restoranının qarşısında maşınlar dayandı. Silindrli qapıçı onların qapılarını açıb, qonaqları restoranın girişinə qədər müşayiət etdi, xanımlara çətir tutdu. “Turandot” restoranının qarşısındakı mavi qaz məşəlləri atəşpərəst məbədlərini xatırladırdı.

Çelişev bulvarla getdikcə artan həyəcan hiss edirdi. Bu həyəcan büllur gövdələr arasında dolaşır, ampir üslublu malikanələr üzərində əsir, İncəsənət Teatrının qara binasından tüstü kimi çıxırdı. Narahatlıq qatılaşdı, ağırlaşdı, parıldayan ağacların arasından bulud kimi qalxdı. Qorxuya çevrildi. Çelişev müqavimət göstərdi, getmək istəmədi, amma inadkar güc onu yeriməyə vadar etdi. O sanki içərisində düyün düşmüş gözəgörünməz bədheybət olan dəhşət buluduna girdi.

Buralarda haradasa Puşkini xatırlayan üç yüz yaşlı palıd ağacı vardı. Lakin Çelişev onu tapmadı. O, nəhəng pəncərələri olan hündür, yüz illik bir binanın qarşısında dayanmışdı. Bina qara idi, amma iki mərtəbəsində gur işıq yanırdı, sanki oralarda gecə əyləncəsi gedirdi. Hörmə çərçivələrdəki büllur şüşələrdə gümüşü çovğunu əks etdirən ağ işıq şölələnirdi. Bu pəncərələrdən adamı dəli edən dəhşət saçılırdı.

Çelişevi bura, bu möhtəşəm evə Tanrı Anası gətirmişdi. Burada Rusiyanı məhv edəcək şər yuva salmışdı. Gecələr bulvarda soyuqdan donan zəif Çelişev bu pisliyi dayandırmalıydı.

O, ametist ağaclarının arasında donmuş halda dayanıb şölələnən pəncərələrə baxırdı.