Bilal

Moskva məktəbində bir çeçen — yeddi yaşlı,
Öz parta yoldaşını hədələyir ölümlə.
Necə kəsər, boynunda əliylə də göstərir.
Valideynlər coşurlar, hamısı yaşlı-başlı,
Qoy başqa məskən seçib qalmasınlar bizimlə,
Hamı artıq onlarsız bir Moskva istəyir.

 Baxın, baxın necə də heyvan kimi gülümsər,
“Xəstə” sayır uşaqlar, tutmurlar heç adını.
Çünki tez-tez əsəbdən uşaq çıxır özündən,
Deyir ki, atam gəlib bir gün sizi güllələr.
Sonra arıq canıyla hədələyir hamını,
Hirsi soyuyanacan təhqir düşmür dilindən.

 Şkafın arxasına keçib nəfəs dərəndə
Deyir bəs, Qroznıda əmim qartal tutmuşdu.
Qəfəsə saldıq, sonra bir ördək atdım ona.
...Valideyn iclası... O gərginlik, hədələr:
“Ata-anası gəlsin! Bəsdir, artıq yorulduq!
Burda bir dəqiqə də daha yer yoxdur buna!”

 — Sümüklərə ayırdı, qartal yedi ördəyi,
Qanlı-qanlı ötürdü içəriyə heyvanı!
Bilal bunu fəxrlə danışırdı onlara.
— Hələ o biri əmim vurmuşdu bir inəyi
Və hamı yesin deyə açdıq böyük masanı,
Əsl qonaqlıq oldu, məhləyə, qonşulara.

 Belə olmaz dedilər anasına analar.
Qadın dedi: “Gələndə danışaram Aslana”.
Kişilərsə susaraq dinlədi “müttəhim”i.
Mavi gözlü Bilalın iki çapığı da var,
Baxışları dikilər sərt-sərt uzaq ünvana —
Əmisinin qurbanı həmin o inək kimi.

 Uşağın gözlərində qəzəbli həsrət yatır,
Bu baxışı Qafqaza əmr edəcək gücdə bil.
Sanki kimsə əliylə açıbdı o yarığı,
Bu gözlərdəki ağrı, sərtlik insani deyil.