Ən uzun gün

İlin ən uzun gündüzünün iyuna təsadüf elədiyi sizlərə də bəllidir. Həmin ayın on doqquzundan ta iyirmi beşinə qədərki gündüzlər on yeddi saat otuz yeddi dəqiqə sürür. Halbuki iyirmi altısından etibarən gündüzlər qısalır. Lap bircə dəqiqəliyinə də olsa, qısalır. Sonra qısalma iki, üç dəqiqə olur. Azala-azala gedir. Əlbəttə, qarşıda hələ bir xeyli yay günləri var, amma onların hamısı bir-birindən daha qısa olasıdır...

Ən uzun gündüzə sahib o gün mən dan yeri ağaranda, düz saat dörddə oyandım. Ağ qaradan seçilirdi artıq. Üfüqdə sarımtıl və ürkək bir zolaq vardı. Qəsəbə həyətlərindəki xoruzlar səs-səsə vermişdilər. Şehlər elə göz qabağındaca puçurlanırdı: kələmlərin enli yarpaqlarındakı parlaq damlalar havadakı nəmi çəkməklə, bir az da ağırlaşırdılar. Soğanın sivri ucları isə şeh sayəsində göyümtülə çalırdı. Həyətdəki ağacların alaqaranlıq kölgəsi sərin idi.

Qonşunun xoruzu qanadlarını çırparaq, əvvəlcə bir, ardınca ikinci və üçüncü kərə banladı. Demə, yatıb, qalıbmış, indi bunun əvəzini çıxır.

Şərq tərəfdə səmanın rəngi çəhrayı çalar qazanır. Sonra bu çalar xəfif tərzdə, getdikcə səmanın daha yüksək qatlarını, həm də geniş qismi bürüyür. Budur, səmanın yarısı şəfəqə boyanıb. Hələlik günəşi görməsəm də, az sonra onun ağacların ardından yüksələcəyindən artıq əminəm.

Səhər üşütməsi hiss olunur. Termometr on dərəcəni göstərir. Sinədolusu nəfəs versən, ağzından buğ çıxır. Xoruzlar tədricən yorulub, susurlar. Qəsəbənin arxa tərəfindəki məzarlıqdakı ağaclarda gecələyən qarğalar da artıq oyanıblar. Qarıldaşırlar. Bağçada isə ilk arıquşu ötməyə başlayır. Yuxuya qalan sərçə öz dalda yerindən pırıltıyla uçub, albalı ağacına qonaraq, cikkildəyir və pənbə rəngli meyvəni dimdikləyir. Mənim də yemək vaxtım yetişib.

Qarağat qismən dəyib. İri çətirli tut ağacının altındakı torpaq giləmeyvələr ucbatından qapqara olub. Erkən yetişən albalı hələ alakal olsa da, adama iştaha verir. Onca bar hamıya yetər — sərçələrə də, biz günahkar bəndələrə də.

Şəfəq qismən sozalır. Səmada çatılan tonqal getdikcə aşağılara doğru enir: çəhrayı, al qırmızı və lap aşağılarda isə moruğu çalar qazandıqca, onun uc nöqtələrindəki közərti qismən sönür. Haradasa uzaqlarda, ağacların ardından moruğu rəngli günəş sanki yerdəki hansısa çuxurun içindən sürətlə yüksəlir.

Xoruzların banı kəsilir. Sükut bərqərar olur. Bağdakı ağacların arasıyla süzülən günəş işığı zolaqlar şəklində özünü göstərir. Səhərin erkən çağıdır.

Günəşin ağacların üzərinə yüksəldiyi və şehlərin artıq buxarlandığı vaxt isə səhərin gec vaxtıdır, masamı günəş şüalarının hələlik ətrafı yaxmadığı bir guşəyə çəkib, qəhvəaltı eləməm məsləhətlidir.

Kənd yerində yayda açılan qəhvəaltı süfrəsi xeyli bəsit görünür: dənəvər və günəşin altında qızılıya çalan kəsmik; təzə, yəni hələ qatılaşmamış xamaya sonradan ağız dadıyla gəmirilməkdən ötrü gömülən şirəli və çəhrayı rəngli turp; ağappaq, şirin dadan gövdəyə və tünd yaşıl budaqlara malik təzə-tər soğan; lang="en-US"> bir dəstə şüyüd; acımtıraq qıtığotu yarpağı; üstü tikanlı xiyarların xoş və ürəyəyatımlı tamı da yetərli olur. lang="en-US"> Günəşin altında açılan bu cür süfrədə yer alan istənilən nemət, səxavətli bir ovucdaymış kimi, qızılı, yaşılı, al qırmızı rənglərə boyanır, göz oxşayır. Ye ki yeyəsən.

İsti deyil. Səhərin səssizliyində sərçələr cikkildəşir. Haradasa yuxarılarda və civildəşərək uçuşan qaranquşları isə gözlə görmək xeyli müşkül məsələdir. Ayaqlarımın dibində çobanyastığı çiçəkləyir, bir qədər aralıda isə yasəmən və bəyaz petunyaların qrammofonsayağı gövdəsi nəzərə çarpır. Vızıldaşan bal arıları orda-burda yem arasalar da, tapa bilmirlər. Yaxşı ki, albalı ağacının altında bitməklə, onun yarpaqları arasından boylanan əməköməci çəhrayı rəngdə çiçəklər açıbmış.

Bal arıları iki-iki, ya da üç-üç iri açılan bir çiçəyin qoynuna dalır, oradakı həzzə bayılırlar. Səhərdir. Günəşin şüaları xəfif də olsa, artıq yaxmağa başlayır. Qışda yelçəkərdə qalıb, qacıyan və ara-sıra ağrıyan kürəyimi gözəgörünməz və imisti əllərin ovxaladığının fərqindəyəm. Günəşin yaydığı hərarət, şəfalı bir məcun kimi, ağrılı damarlarıma nüfuz edir. Qımıldanmıram. Əsən meh yarpaq və otlarda bir xışıltı yaradır. İsinən yerləri bir ləhzə sərinlədir.

Sonra günəşin sıcaq əlləri təkrar vücudumu ovxalayır, hay-hayı gedən sümüklərimi isindirir.

Bir cüt zərif kəpənək vurnuxaraq, həyətdə ora-bura uçuşur. Parlaq qanadlarını əsdirən göy rəngli bir mizəngül yanımdan ötüb-keçir. Uçan quşun kölgəsi torpaq üstə bir görünüb, bir yox olur. Qanadlarının pırıltısı eşidilir.

Çay gəlir. Süfrəmdə təzə bal da var. Onu dünən süzüblər. Şəffafdır, yaşıla çalır. Şirəsi bəyaz akasiyadan və tikanlı pıtraqdan çəkilib. Səhradaymışam kimi, sıcaq iyun rüzgarı öz ədviyyə dolu qoxusuyla üz-gözümü yalayır. Akasiya ilə pıtraq eyni vaxtda çiçəkləyir axı: onların bəyaz salxımlarından və topa şəklindəki qızılı ulduzlarından ətrafa şirin bir rayihə yayılır.

Burada, həyətimizdə də rüzgar əsir. Sonra araya sükut çökür. İyun günəşi altda ruhum və canım isinir. Yay isti keçir. Mövsümün ən uzun günüdür bu. Nə qədər gözləmişdik onu... Sonralar, yəni payızda və qışda, onu yada salacaq, növbəti gəlişini arzulayacağıq.

Bal arıları əməköməcinin çəhrayı çiçəklərinə daraşıblar. Görünür, şirindirlər. Bir Tanrı bəndəsi olaraq, indi mən də, özüm üçün nəzərdə tutulan bir çiçəyin qoynunda donub, qalmışam: həndəvərim göy-yaşıl çalarlara, bir də qızılı günəşin hərarətinə bürünüb. Yay günüdür də.

Uzandıqca uzanacaq o. Hər şey hələ qarşıdadır: bürkülü gündüz də, isti axşam da. O uzun gündüzlərdə səni qoruyan o dörd divar, o ağardılmış tavan olmayacaq ha — yer üzündəki yaşıllıq və ucsuz-bucaqsız səma olacaq. Qarşında bütün ehtişamıyla uzanan ulduzlu asiman olacaq. Uzun-uzadı seyrinə daldığın zaman qeyri-ixtiyari ruhun sərinləyəcək, çünki o ara əbədiyyətlə təmas quracaqsan. Yayda gündüz səması özünün mavi-göy-lacivərd çalarları ilə, adi gözlə alqılanması müşkül sayılan sonsuzluğu ilə, yüksək buludları ilə ilin istənilən vaxtında insanın könlünü açmağa qadirdir. Baxışlarını göy rəngin sərinliyinə gömüb, buludların ard-arda uçuşuna nə qədər baxırsansa, bax — bu, dadına doyulmaz bir mənzərə olacaq.

Hələ yay yağışları... Gündüzlər çaxan şimşəkləri isə heç demirəm. Gün işığında, həm də göz qamaşdıraraq yağan yağışlar.

Yay günü xeyirli-bərəkətlidir. Çünki səxavətlə verilən bir hədiyyə kimi, bitib-tükənmək bilmir, uzandıqca uzanır.

Günorta bürkülü keçir. Hələ kölgədəki hərarət otuz iki dərəcədir. Ancaq alma ağacının geniş çətiri altına sığınıb, kətanla üzlənən kresloda oturduğun vaxt o bürkünü-filanı əsla hiss eləmirsən. Yarpaqları xışıldadan xəfif meh sənin də başını lang="en-US"> tumarlayıb, lang="en-US"> sərinlədir. Dirrikdəki şüyüdlərin çətirləri rüzgarda yellənir. Sonra külək yatır, hər şey susur. Bircə yarıyuxulu cırcırama çəmənlikdə öz nəğməsini ara vermədən ötür.

Gömgöy səmadakı buludlar orda-burda topalar şəklində durublar. Bir qədər yuxarılarda lələkvarı buludlar gözə dəyir. Bir cüt qırğı dolanır səmada. Əvvəlcə — aşağılarda uçurlar, onları seçə bilirəm. Sonra dövrələr vurmaqla, lap yuxarılara doğru yönəlir, getdikcə yüksəlir və görüntüdən itirlər. Göylərin qoynunda qeyb olurlar. Oralar sərindir axı. lang="en-US"> Hind okeanında çimdiyim vaxt suyun eynilə vannadakı qədər isti olduğunu indi xatırladım: sərinləməkdən ötrü elə hey şəffaf suların dərinliklərinə, sərin qatlarına baş vururdum. Ancaq orada da nə qədər davam gətirəcəksən ki?! Qırğı isə bax, yüksəklərə cummaqla, artıq gözdən itdi.

Külək fasilələrlə əsir. Bir az əsir, sonra səngiyir. Sıcaq havada o, başımı öz həmlələri sayəsində sərinlədir.

Amma indi, saata inansaq, axşam düşür. Günəş hələlik öz taxtından enməsə də, qayğıkeş qırt toyuq öz cücələrini artıq hinə tərəf çəkib, aparır. Sürünən sarmaşığın al çiçəkləri yumulur, bunların ardınca sarı gülümbahar çiçəyinin ləçəkləri də yığılır. Axı günəşin şüaları onların düppədüz üzərinə düşür.

Hər şeyə rəğmən, artıq axşamdır. Bağçadakı sisəy öz uzun nəğməsinə başlayır. Qovaq ağacının yüksək budaqlarına qonan qumru isə inildəyir. Sarıköynək quşu hönkürür sanki. Günəşin soyuyan halqası da saralmağa başlayır.

Qürub başlayır. Albalı ağacının budaqlarından sallanan al qırmızı meyvələr bərq vurur. Evin saldığı kölgə qaramtıla çalır, içindəki adamı üşüdər yəqin. Ağacların yamyaşıl budaqları arasından süzülən axşam şəfəqləri zolaqlar şəklində düşür. Həyətdəki hörümçəklər ora-bura vurnuxur, gecə üçün tor hörməyin tədarükünü görürlər.

Səma gündüz maviliyinə bürünüb və onun xeyli yüksək qismlərində qərarlaşan, günəşdə parlayan buludların ləng şəkildə qət edəcəyi uzun bir yol var. Bu başdan ta o başa. Axşamüstü onların sayı bir az da artır. Qürub vaxtı isə qərb cinahda onlar nəhəng bir dəniz donanması kimi cəmləşirlər. Sonra onlar donub qalır, zirvələrindən tutmuş ta ətəklərinə qədər nura boyanırlar. Həmin vaxt zatən səmanın yarısı al qırmızı duman və alova bürünür sanki. Sonra səma yanıb, külə dönür və saf zümrüdü bir çalar qazanır.

Yer üzünə isə işıqlı şəfəqlər çökür. Gün bitmək üzrədir. Ancaq bu yay şəfəqləri hələ uzun sürəcək. Onlar seyrəldiyində təzə Ayın gümüşü dilimi, onun böyründə isə gümüşü rəngdə təptəzə bir ulduz görünəcək.

Sabah təqvim vərəqində yazılacaq ki, gün qismən də olsa, qısalıb, kiçilib. Damla-damla da olsa, eynilə həyatımız kimi, o, qısalacaq. Biz isə fürsət varkən isinməliyik. Səhərin gec saatlarında, gün tutan tərəflərdə. Qoy sonra, yəni uzun qış günərində xatırlanacaq bir xatirəmiz olsun barı.