Zəncirotu balı
Zəncirotu yenə də çiçəklədi. Amma həyətdəki onca yaşıllığın və gül-çiçəyin arasında onun sarı kasaları gah orda, gah burda boy göstərir. Artıq bağçada bəmbəyaz çobanyastığı, bəyaz və bənövşəyi petunyalar, “qızılı” aloe, bostanda isə noxud, boranı və paxla gözə dəyir. Yay gəlib deyə, zəncirotu adamın gözünü bir elə də yağır eləmir. Bu bitkiylə bəslənənlər isə onu əsla görməməzlikdən gələ bilməzlər, daha dəqiqi, onun o qızılı səbətindən yan keçməyə qıymazlar.
Budur, indi də bal arısı və kəpənək oralarda fırlanır. Əyilib, diqqətlə, hələ üstəlik, zərrəbinlə süzdüyün zaman heyrətdən içini çəkməli olursan, çünki onun içində, sımsıx, qızılı rəngli ləçək və dişciklərin arasında ləziz təamlar var. Ora-bura var-gəl edən cücü-mücülər də bu bol neməti toplayırlar. Hər səbətə, gör, onların nə qədəri cəmləşib! İyirmiyə qədər saydıqdan sonra say-hesablarını itirdim. Zəncirotu çiçəyi öz qonaqları qarşısında padşahlara layiq bir süfrə açıbdır.
Ancaq indi bu, keçmişin sadəcə bir əks-sədasıdır. Zəncirotu öz toy-büsatını yazda, yəni qalan çiçəklər yuxuda ikən quracaq.
Günəşli bir aprel günü, insan məskənlərindən nisbətən aralanınca, zəncirotular bitən düzlə rastlaşanda adamın lap gözləri qamaşır, çünki onların qızılı rəngi hədsiz işıq saçır. Həmin vaxt qəsəbə bostanlarında, hətta çılpaq torpaqda belə zəncirotular baş alıb, gedir. Bu dəfə isə onların sayı-hesabı yox idi, dörd yanı bürümüşdülər.
Rütubət artan kimi onlar yumulurlar və həyət adama darıxdırıcı görünür. Günəş parlayan kimi həmin qızılı süfrə təkrar qarşında açılır. Onda hər şey var: bal da, şirin ətir də, göz üçün dinclik də. Üzərində isə cingilti və uğultu dolaşır. Uçmağı bacaranlar — yəni arılar, milçəklər və kəpənəklər — bu səxavətli süfrəyə dəvətlidirlər.
Bu il isə zəncirotu ilidir. Həm də təkcə bizim diyarda deyil.
Mayın əvvəlində Moskvaya gedib, Peredelkinoda qaldım. Orada zəncirotu istəmədiyin qədərdir. Fərq etməz, Lukinoya get, yoxsa Solntsevoya, adamın gözü qamaşır. Qızıl külçəsini xatırladır rastına çıxan o iri çiçəklər.
May balı bizim bu yerlərdə gur alverdən ötrü sadəcə bir bəhanədir. Bazarda maraqlanırlar: “Nə balıdır bu?” Cavab gəlir: “May balıdır. Şəfa mənbəyidir”. Halbuki bizim yerlərdə və may ayında heç kəs o balı hələ toplamır. İlk bal adətən iydə qarışıq akasiya balı olur. Onlar birgə boy atıb çiçəkləyir və bol da məhsul verirlər.
May balının ticarətiylə bizdə əvvəllər, yəni keçmişdə adətən qaraçılar məşğul olardı. Həyətbəhəyət dolaşaraq səslənərdilər: “May balı var! May balı! Can dərmanıdır!”
Bir dəfə məni çaya qonaq edən ahıl qadın danışmışdı ki, cavan vaxtlarında qaraçılar ondan sığınacaq yer istəyibmiş. Uzağı bir neçə günlüyə-filan. Özləriylə lang="en-US"> xeyli şəkər gətiribmişlər. Sonra onlar zəncirotunun çiçəklərini yığıb, bişirməyə başlayıblar. Bişirdikləri həmin qarışımı “may balı” adıyla xutorun camaatına satmağa girişiblər. Dadına baxsın deyə, ev sahibələrinə də ondan bir az veribmişlər. Qadın qarışımı bəyənibmiş. O vaxtdan bəri də hər yaz özü üçün “zəncirotu balı” hazırlamağı bir adət halına gətiribmiş.
Mürəbbə, yoxsa bal deyəcəyimi dəqiq bilmədiyim o qarışım ilk daddığımda elə mənim də könlümə yatdı. Növbəti yazda özüm də ondan bişirdim... Yığıb, yuduğum o qızılı başlıqlardan əvvəl şərbət hazırladım, bir az saxladıqdan sonra isə onları bişirdim. Babat alınmışdı. O vaxtdan bəri hər il olmasa da, mən zəncirotundan bal çəkirəm.
Qışda bankanı açdığın vaxt aprelin o təravətli ətri vurur burnuna. Kamışi xutorunun yaxınlığındakı o qızılı çəmənliyi xatırladır sənə. Oradakı isti torpaqda necə uzandığını, arıların vızıldaşmasını canlandırır xatirində. Bu da olur yayın daha bir xatirəsi.




