Gizlinc

Keşiş ayini icra edənəcən kişi, meymuna oxşayan qızı — öz qızını qapının ardında saxlamış, qız da xəstəxana dəhlizində elə o an inciyib darıxmışdı, odur ki, heç nəyi nəzərə almaq istəmədən palataya can atırdı. Diqqətçəkən hərəkətlər etməyi xoşlayırdı o. Təxəyyülü yalnız xırda, ancaq büsbütün qadınsayağı bicliklərə yetirdi. Əvvəl özünü elə göstərdi, guya qəsdən atasının onu bərk danlamasını istəyir, amma yenə də ondan çəkinmir. Sonra yumşalıb itaətkar görkəm aldı, qəfildən bağlı qapıya cumub atasının üstünə atılanda bir də baxdı ki, onun qoluna bənd edilib. Görünür, qız öz dediyini yeridib üstünlük qazanmaq üçün artıq bütün hiylələri işlətdiyindən, çikkə çəkib onu xəbis, ögey adlandırdı, sonra da ağlamsınaraq “Anacan! Anacan!” deyə çığırdı, əvəzində atasından ağzının üstünə ani və sərt şillə yedi. Onda qız gerçəkdən ağladı, hıçqırdıqca da, qorxusundan, elə ağızdolusu nəfəs alırdı, sanki ona hava yedirirdilər. Ətrafdakı hər şey gözlərində bulanıqlaşdı. Onu dəhşət bürüdü... Gözlərindən yaş elə axırdı, deyərdin, kor olacaq. Qız gözlərini sildi, göz yaşı şəffaf idi, üzünə cəfakeş bir ifadə verərək ovuclarına baxdı, ancaq guya özü bulaşmaqdan qorxubmuş kimi, görünməyən iztirabını da, qanını da başqa kiməsə də göstərmək istədi. Və titrəyib nəfəsini qırıq-qırıq buraxaraq, ölüvay səslə hecaladı: “Mən ü-rə-yi-mi ud-dum...”

Atasının vecinə deyildi, baxışlarını xəstəxananın divarına milləmişdi.

Anası isə — qız bunu bilirdi — acıqlanar, susdurardı onu. Ailəyə daha bir uşaq gəlmişdi deyə, daha ona can yandıran yox idi. Qızdan aldıqlarını oğlana vermişdilər. Kuklaya — amma canlısına — oxşayan çağa ona iyrənc gəlirdi. Əgər gerçəkdən kukla, həm də onun öz oyuncağı olsa, ayaqlarını, əllərini, başını qırıb qoparar, zərrəcə yazığı gəlməzdi. Çünki elə həmişə nəsə istəyirdi: zığıldayır, ağlayır, çığırırdı. Özünü batırır, hər cəhətdən eybəcər görünürdü. Ancaq valideynlərinin idi bu çağa, onlardan icazəsiz ona heç toxunmağa da cürət etmirdi.

Qıza, əlbəttə, demişdilər ki, sən böyüksən, gərək onu çox istəyəsən. Demişdilər ki, bu məxluq onun sevimli qardaşıdır.

Qız isə səbrlə onun nə vaxt öləcəyini gözləyirdi: axı sısqa, çirkin, həm də evdə artıq idi.

Bu barədə sərbəst, rahat, inamla fikirləşirdi, elə bil arzulaması yetərliydi, mütləq arzusu gerçəkləşəcəkdi.

Qız sadəcə susur, bunu sirr kimi saxlayırdı. Hətta özünün də yox, başqasının sirri idi elə bil, çünki bunun necə və nə vaxt baş verəcəyini özü də bilmirdi. Ancaq qız inanırdı — bundan xəbərdar birinə inanırmış kimi.

Sirr isə onu heç incitmirdi.

Yalnız tezliklə qardaşını başından eləmək istəyirdi: yatsın, oyananda görsün, çağa daha yoxdur və qız özü yenə sevimlidir, tək baladır.

Əmin idi ki, valideynləri çağanı unudarlar, eynilə oğlan doğulandan sonra onu daha çox sevdikləri, qızı isə unutduqları kimi.

Unudacaqlar və oğlanın ölümünə vaysınmaları da bitəcək.

O özünün xoşagəlməz əməllərini keşişə söyləmək və buna görə hədiyyə almaq üçün aparıldığı məbəddə də dinib-danışmamışdı.

Qız bilirdi ki, göydə Tanrı var, yer üzünü yaradan, insanları icad edən odur və hər bir insan onun sözünə baxmalıdır, kim sözə baxmırsa, onları cəzalandırır: ya xəstələndirir, ya da tamam öldürür.

Anası məcbur etdikcə atası onlarla birgə məbədə gedirdi. Atası məzəli adam idi, çünki özünü çox ağıllı saydığından, Tanrıya inanmırdı. Anası deyirdi, Veroçka nənə ataya pis tərbiyə verib. Deyirdi, Veroçka nənə səfehdir. Qız dinləyir və ürəkdən gülürdü, çünki anasına özü kimi inanırdı. Görürdü ki, anası Tanrıya aşiq olub, elə özü də aşiq olmaq istəyirdi. Nağıl saydığı üçün hər axşam ona Tanrı haqqında kitabın oxunmasını xahiş edir, yuxularkən düşünürdü, birbaşa səmaya, Tanrı ilə görüşə uçacaq. Anası da onu “Balaca mələyim” adlandırırdı.

Ona elə gəlirdi, kilsə bir evdir, oraya qonaq gedirlər.

Qız öyrətdikləri kimi dua edib xaç çəkirdi ki, həm Tanrının, həm anasının xoşuna gəlsin; orada — içəridə özünü bayram yerində bilirdi, əgər yüyürməyə, səs salmağa, gülməyə də icazə verilsəydi, demək olardı, uşaq şənliyidir. Əvəzində — ad günü tortunun üstündəki kimi — şamlar yandırmaq ki vardı, onların işığı məbədə yaraşıq verirdi.

Gözəl olan hər şeyi xoşlayırdı: elə kilsə də gözəl idi..

Ancaq hər şeydən çox, rəsmləri — ikonaları öpmək xoşuna gəlirdi, onlarda Tanrını görür, baxdıqda nəfəsini tuturdu; bəzənsə, əksinə, Tanrının diqqət və ciddiyyətlə ona baxdığını düşünür, canlı saydığı surətə ixtiyarsız, haradasa ülviyyətdən xəbər verən ani, xoşbəxt bir təbəssüm yollayırdı. Və hər dəfə də mükafatını alırdı — anası belə yaxşı qızı olduğu üçün fərəhlənir, qürur duyurdu. O da bundan qürurlanır, öz varlığı ilə fərəhlənirdi.

Keşiş mehriban adam idi. Qız ondan qorxmurdu, anlayırdı ki, artıq, anasının bildiyi və özünü qəlbən günahkar hiss etməsinə səbəb olan işləri keşişə açıb demək lazımdır. Sonra keşiş onu özünün qızılı önlüyünün altında gizlədərək başının üstündə nələrsə söyləyirdi: beləcə, günahından keçirdi. Ardınca anasını gizlədir, onu da günahdan arındırırdı. Amma anası heç vaxt qızına öz günahlarından danışmırdı, qız isə, hər nə qədər çalışsa da, heç nə eşidə bilmirdi. Eləcə görürdü ki, anası ağlayır. Dərdli-dərdli: elə bil kimsə incitmişdi. Qız özü nəinki o cür ağlaya, heç oxşada da bilmirdi, hərçənd anasına bənzəməyi, hər cəhətcə onun kimi olmağı çox istərdi, çox. Anası, yəqin, nədənsə qorxurdu. Amma qızı qorxudan nəsə vardısa, o da anasının göz yaşları idi.

Qız Tanrıdan həm əfv, həm də özünə və valideynlərinə sağlamlıq diləyirdi. Tanrıya yalvarırdı ki, anası ilə atası onun arzularını yerinə yetirsinlər və bu, bəzən gülməli də çıxırdı, çünki ata-anasının ala biləcəklərini Tanrıdan istəyirdi.

Amma qardaşı peyda olanda Tanrıdan incik düşdü qız.

Qardaş istəməmişdi qız, amma o peyda oldu.

Valideynlərindən küsüb, axşamlar dua etməkdən vaz keçdi: hamının acığına. Hətta qorxu hissi də qalmamışdı, çünki ölümdən qorxmurdu.

Ölüm ona nəsə gülməli hal kimi gəlirdi.

Özlüyündə çoxdan belə qərar vermişdi ki, xəstəlik və ölüm hansısa axmaqlar üçündür. Onlar yoxa çıxırlar, vəssalam. Havaya çevrilir, bunun üçün də görünməz olurlar.

Özünü ağıllı sanırdı qız, çünki valideynləri həkim işləyirdilər. Soruşan olanda: “Böyüyüb nəçi olmaq istəyirsən?”, cavab verirdi: “Mən həkim olacağam”. Üstəlik, özü özündə təşəxxüs və gülüş tutması oyadırdı: “Mən kişi sevmək və bir neçə dil bilmək istəyirəm!”

Atası səhərlər onu maşınla gimnaziyaya aparırdı, qız artıq orada ingilis dilini öyrənir və qəşəng, varlı bir oğlanla eyni partada otururdu.

Anası da öz maşını ilə gəlib götürür, rəqs dərsinə aparırdı.

Qız böyüklər kimi düşünməyi və elə görünməyi sevirdi.

Özünü böyük kimi təsəvvür etmək və o cür düşünmək çox rahat idi. Bu rahatlıq heç bir hiss oyatmırdı.

Ancaq hirs və hikkə — bunların təsirindən özünü çaşqın və aciz hiss edirdi.

Ən dözülməzi isə özünə yazığı gəlməkdi.

Öz gözündə çırkin və yaşlı görünməkdi.

Qardaşının xaç suyuna çəkildiyi gün qızdan ötrü günlərin ən qəribəsi və dəhşətlisi olmuşdu. Maşında gedirdilər, qız arxa oturacaqda küncə çəkilib ayaqlarını qarnına yığmışdı, dinib-danışmırdı, heç ona fikir verən də yox idi. Körpə yenə orada — öz beşiyində uzanmışdı: anası dönüb bir əli ilə onu yellədirdi.

Sonra atası çağanı qolları üstünə alıb, adi vaxtlar anlaşılmaz olan üz ifadəsini dəyişdirmiş bir həyəcan içində, kilsəyə apardı... Bir an heç nə haqqında düşünə bilmədi. Bu gördükləri yuxu kimi gəldi qıza. Sonra isə... heç nə xatırlamırdı daha, bircə bu yadında idi ki, kimsəyə gərək olmayan Veroçka nənə tutmuşdu onun əlindən. Yəqin ki, qızın özünə qalsa, ölmək, hamını — ata-anasını, qardaşını, hətta Tanrını — atmaq, tərk etmək istərdi. Yatmaq və ayılmamaq... Amma o an — başından tutulub çəlləyə basılan çağa çabalayıb çığıranda, qıza elə gəlmişdi ki, qardaşı boğulub öləcək: ancaq çağanı dərhal da sudan çıxartmışdılar.

Evə qayıtdıqda özünün sevimli, Tanrı təsvirli, nə vaxtsa anasının kilsədə aldığı ikonasını döşəməyə çırpmış, amma sonra da, yöndəmsiz bir təbəssümlə ətrafa baxaraq qaldırmış, kimsə duyuq düşməsin deyə, səliqəylə yerinə qoymuşdu.

Və qız daha heç nəyə ümid bağlamadan — çünki daha kimsəyə inamı qalmamışdı — qardaşının var olması və çox istənməsi ilə barışmışdı.

Amma birdən-birə bu məxluqa yox, anasına nəsə oldu.

Anası, az qala heç qalxmadan, elə hey çarpayıda uzanırdı.

Deyirdi ki, çox yorğundur.

Sonra da getdi — onları yalqız qoydu.

Anası dəfələrlə başqa ölkələrə və şəhərlərə getsə də, qız buna görə pis olmamışdı, atası ilə qalmaq ürəyincə idi. İndi isə anası xəstəxanada dincəlirdi — lap yaxında, elə bir yerdəydi ki, qızın zənnincə, orada adamlar heç bir iş görmədən yeyib-yatır və həkimlərin sözünə baxırdılar. Atası daha işə getmirdi. Onlar hər işi birgə görürdülər: gəzir, özlərinə yemək hazırlayır, qab-qaşığı yuyur, televizora baxırdılar. Qız hiss edirdi ki, atası ona, az qala anasını unudacaq dərəcədə bağlanıb və onlar son dərəcə xoş bir duyğu ilə bütövləşiblər, sərbəst olublar, istədikləri hər şeyi — yəqin anası buna icazə verməzdi — edə bilirlər. Və qız əldən-ayaqdan gedir, qardaşı ilə bağlı dada yetir, köməyinə ehtiyac olmasından qürur duyurdu. Təklikdə qalanda xəlvətcə qardaşının çarpayısına yaxınlaşırdı, yatmış ikən onu evdən çıxardaraq aparıb harasa tullamaq keçirdi ürəyindən. Amma qardaşı oyandımı, qız yenə özünü elə aparırdı, guya anasıdır, o da inanırdı. Onu aldatmaq elə asan idi ki.

Körpə, yəqin, hələ bilmirdi, anası kimdir: bilmir, xatırlamır və sevmirdi, zərrə qədər də ürəyi yanmırdı anasına, bu səbəbdən onun özü də yazığı gəlinəsi deyildi. Qızın hələ ağlına gəlmirdi ki, anası bunun ucbatından xəstələnib.

Anasının xəstələnməyi qızdakı, özünə xoş gələn, maraqcıllığa zərbə vurmuşdu yalnız.

Qızın sirlərdən zəhləsi gedirdi. Hətta o Veroçka nənəsi də nədənsə xəbərdardı, kömək etməyə gələndə də evin xanımı kimi davranaraq özünü elə aparırdı, guya qız ona anası kimi tabe olmalıydı. Bax bu gün də atası onu özüylə aparmaq istəmədi. Qızın fikrinə gəlmişdi ki, çox vacib bir şeyi ondan gizlədirlər.

Amma bu nimdaş cübbəli adam — keşiş — qıza eləcə axmağın biri kimi görünmüşdü, bu səbəbdən qız özünü unudub qıqqıldamış, ancaq yenə də qətiyyən utanmadan, xeyli böyükmüş kimi davranıb, onu bilərəkdən zənnlə süzmüşdü. Elə bil keşişi küçədən tutub gətirmişdilər. Hətta qıza ağır da gəlmişdi bu adamın onun anasının hər sirrini bilməsi. Qız güman edirdi ki, bu da vaxtilə onun sevimli tanrısına dua etdikləri kilsədəki kimi bir hal olacaq: yenə anasının göz yaşlarını görəcəyinə əmin idi və onun əsəbi tərzdə qıvraqlaşıb-çirkinləşərək nə üçünsə hazırlıq gördüyünü seyr edə-edə nəyisə də gözləyirdi artıq. Dərin sükut içərisindən, hikkə və yalqızlıq dolu, yalvarışa yaxın nida qopdu: “Gedin... Nə dayanmısan... Olmaz sizə!” Qız həmin anda anasına sarı atılmış, onun — indicə döyülübmüş kimi — bərk-bərk yapışdığı əlindən öpmüş, bayaqkı ahəngi asanlıqla tutaraq yalvarmışdı: “Anacan! Canım anam! Mən də xəstələnmişəm! Mən də səninlə qalmaq istəyirəm!”

O saatda xəstələrə baş çəkməyə icazə verilmirdi. Xəstənin əri hər şeyi danışıb-razılaşdırmış, keşişi də özü tapmışdı. Axtarmışdı... Tanışlara — əlbəttə, inanclılara, pravoslavlara — zəng vurub soraqlamışdı. Ona məsləhət verməyə çətinlik çəkirdilər, çünki hələ heç vaxt belə vəziyyətə düşməmişdilər. Ancaq qorxmuşdular: “Ölür yoxsa?” O isə hər dəfə eyni kəlmələrlə söhbəti bağlamışdı: “Yox, yox. Yaşamaq istəyir”.

Cərrah... Yüzlərlə əməliyyat...

O özünə arxayın idi, çünki heç nəyə inanmırdı.

Kiminsə bağırsaqlarını eşələyirdi?

Bu məşğuliyyət ona zövq verirdi?

Yoxsa qorxulumu gəlirdi?

Öyrəşdirmişdi özünü. Xəstələrinə yazığı gəlmir həkimin. Yazığı gəlsəydi, həm ikrah, həm də qorxu hiss edərdi.

Apendisitlər, yırtıqlar, xoralar... Kütləşmişdi: adamları elə kəsib-tikirdi, guya onların ətdən-qandan ibarət əvəzləyiciləri üzərində insanlıqdan kənar təcrübə aparılırdı.

Yeknəsəqlik, duyğusuzluq varsa, onda iş vərdişə çevrilir. Elə maaş — yaxud onun məzə üçün dediyi kimi — “qayış” özü də. Bir az yatmaq — istədiyi təkcə bu idi. Adi bir həyat: ailə, iş. Başqa nəsə düşünmüşdümü — çətin... Nədən ötrü yaşayırdı? Ömrünü sərf etdiyi uşaqlarını düşünəndə bu sual ona əzab verirdi.

Kişi kimi, öz qanının xətrinə çox istəyirdi onları. Nəslinin davamı... Mirası kimi... Ancaq bu istəklə birgə hansısa inanc da ötürə bilmirdi... O bilirdi ki, sümüklərdən, damarlardan, əzələlərdən, sinirlərdən ibarətdir. Ölümdən özünə görə qorxmurdu. Ona ehtiyacı olanlar üçün yaşayırdı. Həm həyat, həm də ölüm dəxilsiz bir sonsuzluğa aparan düz xəttdir. Orada axtarılası heç nə, heç kim yoxdur — bəs burada?

Dodaqları dolğun, döşləri iri, dərisi bəyaz, yumşaq, nəmlənmiş kimi. Hər cəhətdən köntöy. Bəlkə kobud, şəhvətə meyilli. Ona bab bir qadın. “Tibb”də, adətən, birgecəlik tanışlıqlar olurdu. Yatırdılar, dostlaşırdılar. Fiziologiya — tədris predmeti, eynilə patoloji anatomiya kimi. Bütün peşələr bircinslidir. Cinslərin bərabərliyi isə dostluqdur. Əhatə daha geniş ola bilərdi. Dövrə boyu ötür-ötür olardı. Tələbə lağlağısı vardı axı: “Bütün həkimlər qardaş, bütün tibb bacıları qəhbədir”. Həkimlər hamıdan vasvası olurlar. Bəlkə, dostluq etmək sevişməkdən daha sterildir? Əvvəlcə cütlər yaranırdı: ortoped və oftalmoloq, kardioloq və uroloq, stomatoloq və proktoloq... Ya da onlar kimi: cərrah və dermatoloq... Ardınca da ailələr... Nədənsə artıq bir-biri olmadan keçinə bilməyəndə... Sonra bir çoxları tələbə yoldaşları ilə ailəvi dostluq edirdilər. Yoldaşlar, həmkarlar, təbiblər — hamı birağızdan and içirdi: “Apollonu, Eskulap-Loğmanı, Gigiyeyanı, Panakeyanı, bütün ilahları və ilahələri şahid tutaraq and içirəm və söz verirəm, bu anda namusumla, bütün gücüm və əqli imkanımla əməl edəcəyəm...”

Xəstəxanada keçirdiyi sutkanın ardından evə qayıdıb maşını həyətə tullayanda özünü o yerə qoymurdu. Qadın duyuq düşsə də susurdu, o isə yalanın bir mənası qalmayanda həddini aşmırdı. Ümumi, ortaq şeylər vardı. Ən qəribəsi də, uşağın ortaq olması idi. Qadın pul yığmışdı — özü üçün. Birdən toparlanıb naməlum bir rəfiqəsi ilə səyahətə yollandı. Bu, bir qaçış cəhdi idi. O hiss edirdi: qadın qayıtmaya da bilər. İspaniyaya getdiyini demişdi qadın... Sonra da Tailanda... Çaşqın, laübali bir vəziyyətdə dönürdü evinə — o balaca qızının yanına. Həmişə də suvenirlər, gərəksiz hədiyyələr gətirir, amma heç bir şey danışmırdı. O da heç nə soruşmurdu. Başqalarının əvəzinə növbətçi qalırdı, heç olmasa, gecələmək üçün evə gələrdi, bu hallar da seyrəlmişdi artıq. Bütün bunların bir sonu olmalıydı. Bir neçə dəfə olmuşdu ki, qadını vursaydı, hər şey bitə bilərdi. Amma dözüb durdu. Çünki özünü hamıdan güclü bilirdi, kimsənin onu sındırmasına yol verməzdi. Qadın da onun damarına buradan basırdı; söz deməklə tüpürməyin fərqi qalmayıbsa, ən acı kəlmənin də nə faydası... Onu özündən uzaq tutmalı, ya da sırf fiziki yaxınlığa imkan verməlidir ki, bu da getdikcə nəsə iyrənc bir hal alsın. Tələb, tələb, tələb etməli... Yaxud onu yox saymalı, insan kimi yan-yörədə olduğunu qəbul etməməli, sonra da onun varlığı üzündən şivən qoparıb çığır-bağır salmalı... Təki o özünü bir heçmiş kimi hiss etsin. Beləcə, qadın günbəgün özünü daha da bədbəxt duruma salırdı. Ağlayırdı, körpə uşaq kimi yuxuda zarıyırdı. Həyatın alçaltdığı, aciz, qəlbən yaralı bir varlığa çevrilmişdi... Bunu xəstəlik bilirdilər. Baş verənləri — onun özünə, xəstəliyinə aid həqiqətlərmiş kimi — elə özləri də gizlədirdilər. Qohumlardan da, yaxınlardan da. Və onların həyata az-çox bənzəyən, eynilə o cür səssiz, yalqız birgəliyini uzadan da susmaq barədə bu gizli razılaşma idi.

Qadını haqqında hər şeyi bildiyini zənn edirdi... Atasının balası idi, atasına daha çox bağlanmış, onun ölümündən sonra anasından ikrahla üz döndərmişdi. Atası o böyüyəndən sonra evdən getmiş, canının lap sulu vaxtı az qala qızı ilə yaşıd birini almış, iki il sonra isə — düz bağırsağın əməliyyata gəlməyən xərçəngindən — ölərək onu da dul qoymuşdu. Laqeydlik içində, sanki hamıya xəyanət edən, hamıdan da xəyanət görən biri kimi ölmüşdü. Qızı ona kimsənin gərək olmadığını yalnız belə bir məqamda — ata dediyi adam krematoriya sobasında yandırılmağa tamamilə yiyəsiz yollananda — dərk etmişdi. Və o da, valideynlərindən çox yaşayan əksər insanlar kimi, özünü elə göstərmişdi, guya hər şeyi başa düşür. Çox güman, bağışladığını düşündüyü və hisslərini büruzə vermədiyi üçün məmnunluq duymuşdu. Qız hamının onu, yalnız və yalnız onu çox istəməsinə can atırdı. Bu da bir növ dəlilik idi. Odur ki, ərini anasına qısqanır, onun varlığı ilə barışmaq istəmirdi. Əri atasız böyümüşdü. Pis-yaxşı, hər kəsin atası vardı. Onunsa doğum şəhadətnaməsində boş bir cizgi... Anası keçmişini gizlətmişdi: oğul öz atası barədə nə danışa, nə də düşünə bilərdi. O, bir çox qanun əsasında böyümüşdü, hansınısa pozsaydı, xainə çevrilərdi; əgər anası hələ də ona oğul deyirdisə, bu, atasını xatirindən tamam sildiyi üçündü. Ondan ötrü bu məqam özgəsinin sirrinə dönmüşdü: nə fərqi, kimin sirridir... Atası sağdısa da yox idi, ölmüşdüsə də. Nə cür olursa olsun, o, əsla atasına oxşamayacaqdı: bəs necə olmalıydı, bax bunu həyat öyrətdi ona — ögey bir oğul kimi.

Bir dəfə arvadı onu öpərək oyatdı: ehmalca, hərarətlə toxunmuşdu yanağına. Bu zərif təmasla oyandı, sanki yenidən doğulmuşdu. Qadın başqalaşmış, sanki xülyadan qopmuş, diqqətli, qayğıkeş, təmkinli və mehriban olmuşdı. Beləcə, bir anda, arvadının qərarı, arvadının istəyi ilə onların həyatı tamamən dəyişdi. Bundan sonra arvadı kilsəyə getməyə, qızcığazı da aparmağa başladı... “Hifz edərlər” ümidi ilə mənzilin hər yerinə ikonalar qoydu. Mömin idi... Mömin olmuşdu... Ancaq hər dəfə geri döndükdə çöhrəsində rahatlaşmanın coşqun sevinci bərq vururdu, kişi isə arvadına necə yadlaşdığını hiss edərək, gərgin bir intizar içində susub dururdu. Həyəcandan titrəyən qadın, gələcəyə dair hər yeni fikrindən təlaşa düşürdü, sən demə, nəyisə məhz indi seçib almaq, qərarlaşdırıb həll etmək lazımmış. O da qadınına tabe olurdu və bəsirəti elə bağlanmışdı, arvadının durumundakı daha ciddi dəyişiklikləri sezmirdi. Hamilə olduğunu gizlətmişdi qadın. Bu yalanı ilə qürur da duyurdu, görünür. Dözmüşdü. Gizlətmişdi. Hamısı da bundan ötrü idi ki, gözlənilməz bir axşam süfrəsi açıb şamlar yandırsın, bətnində onun uşağını — oğlan idi, qadın özü bunu bilirdi artıq — gəzdirdiyini sirli bir təbəssümlə söyləsin ərinə. Comərdliyi tutmuşdu qadının, möhtəşəm görünürdü. Hədiyyələrin ən bahalısını alıb gətirmişdi ərinə.

Oğlana qadının atasının adı qoyulacaqdı — arvadının qərarı idi bu.

Hər şey rahat danışıldı.

Kişi də rahatca razılaşdı.

Sonra da hər dəqiqələri rahatlıq içində keçdi. Qadının ürəyi şənlik istəyir və bunları düzüb-qoşan da elə özü olurdu: parklarda gəzintilər, şəhərdən kənara səfərlər, dostların dəvət olunduğu axşam yeməkləri... Körpə elə bil anasının bətnində yuxuya getmişdi, qətiyyən əziyyət vermirdi. Zaman başlı-başına buraxılmış kimi uçub getdi. Dözülməz bir astagəlliklə sona yaxınlaşdı. O günlərdə qadın susqunlaşdı, hər gün ibadət üçün kilsəyə gedir və yalqız qalmaq istədiyini bildirərək daha qızını özüylə aparmırdı. Sonra da qeyb oldu, getdi və evə qayıtmadı, neçə gün kimsə ondan bir xəbər bilmədi... Əri də gümanı gələn hər yerdə axtardı onu, bircə morqlara zəng vurmadı.

İnam — gözləməkdir. Ən doğrusu budur: inanırsansa, gözləyirsən.

O, gözləməli idi.

Qadın heç nə başa düşmürdü. Kişiyə bu durum qəfil bəlli oldu: qadının, qayıtdıqdan sonra, bircə suala da cavab verə bilməməsindən. Üstəlik, nəsə hürküdücü bir ifadənin donub qaldığı, geniş açılan gözlərindəki həlim, mehriban ifadədən. Məsum bir təbəssümlə... Qarnı çıxmış halda... Hamiləliyin son ayında... Kimsəyə bir şey demədən... Parabeyin, axmaq deyil ki... Ruhsuz bir varlıq da deyil... Qadın gülümsər halda susur, sorğu-sualın nə vaxt bitəcəyini gözləyirdi. Ona baxanda əri özü-özündən qorxdu... Qadını ev dustağınamı çevirsin? İztirabmı çəkdirsin? Axı köksünün altında onun uşağı var. Hər şeyi unutmaq lazımdı... Qadın ki doğdu — ər unutdu. Bağışladı. Oğlu dünyaya gəldi! İndi hay-küysüz bir səadət isidir onları... Uşağın ilk cikkəsi... Məna oxunan ilk baxışı... İlk təbəssümü... Və xaç suyuna salındıqdan sonra onu qucağına alıb, özünü bu körpəylə müqayisədə qoca, ələngə hiss edəndə, qullara xas belə bir duyğu — ondan ötrü, ona xidmət üçün yaşamaq istəyi keçmişdi içindən. Sevincin çoxluğundan hətta bir ara qorxuya düşmüşdü: “Bu nəyin əvəzidir?”

Oğlunu yığcam plastmas vannada çimizdirirdi, xaç suyuna çəkilmə anındakı sevincini xatırladı. Qəfil əlləri əsdi. Təsəvvür etdi, niyəsə belə təsəvvür etdi ki, telefona zəng gələcək, ardınca eşitdiyi yad, təmkinli bir səs deyəcək: “Arvadınız öldü...”

O özü neçə dəfə bu sözləri dilinə gətirmiş, heç düşünməmişdi də nəyə görə belə, məhz bu cür olmalıdır: bitdi və bundan o yanası yoxdur...

Özünü hələ heç vaxt bu qədər — bir insanı sağaltmağa gücü çatmadığını etiraf etdiyi andakı kimi — aciz bilməmişdi. Əlbəttə, belə hallarda hər bir həkim anlayır ki, Amerikada bunun müalicəsi çox asandır, Rusiyada isə nə etdiklərini heç özləri də bilmirlər, yəni belə öyrəşiblər: əllərində nə dərman varsa, götür-qoy edib sınaqdan keçirirlər, məlum olan müalicə pəhrizlərini yazıb verirlər. Bu arada isə hemoqlobin düşür. Hipoksiya yüksəlir. Bilirdi bunları. Ona görə də danışıb razılaşdı, amma özü qarışmadı, çünki arvadının necə qorxduğunu hiss edirdi... Elə bil bir uşaq qəfil öyrənmişdi ki, həyat əbədi deyil... Həyat elə ölümdür. Və yalnız o an — sarsıdıcı ağrı dalğaları gözlənilmədən səngiyəndə — başını yastığa ataraq, hər bir sinirində adi rahatlanma hiss edir, yarımcan adamı xatırladan, qanı qaçmış çöhrəsi təbəssümlə canlanır.

Xəstəxananın önündə — görünür, qorxuya üstün gəlmək üçün — yolasalma mərasimi təşkil etmişdi... Səhərisi onu, kimsənin öncədən bilmədiyi bir müddətə, xəstəxanaya məhz əri aparacaqdı və bu labüdlüyü qadın zahirən təmkinlə, həvəslə qarşıladı, sanki sadəcə bir rol almışdı və bu rolu oynadı da: amma çox ciddiyyətlə. Səhər tezdən, yeni işıqlaşanda, qızcığazı oyatmamağa qərar verib, uşaq arabası ilə birgə evlərinin həyətinə çıxdılar. Çağa, burun pərələrini tamam gərərək, bu mənfur yay boyu şəhərin nəfəsini kəsən qızmar üfunətdən arınmış, saf, sərin havanı uda-uda yatırdı... Onlar məzəli görünən, göy qurşağındakı bütün rənglərlə boyanmış, uzununa baxanda uşaq meydançasındakı oyuncaq şəhərciyə oxşayan skamyada əyləşib, mineral su qatılmış ağ şərabı — əlbəttə, büllur qədəhlərdə — yığcam qurtumlarla içirdilər, sanki Yeni il ərəfəsi idi, ürəklərində arzu tuturdular: ancaq indi birdəfəyə yox, hər yeni qurtumla təkrar-təkrar, ta şüşə boşalanacan. Qadın istəyirdi ki, bu arzular çox və tamam müxtəlif olsun, amma onları dilə gətirib bir-birinə nəsə deməsinlər... O da bacardığı qədər bu oyuna qoşulurdu. Şərabla hər şey xoş olur, elə ağrı da yüngülləşirdi. Çox soyuq, buz kimi şərab idi... Onda yemək yeyə bilmirdi artıq, yalnız su, adi su içməkdən isə çiyrinmişdi.

Uşaqlarından danışmışdılar... Kişinin təkbaşına onları necə saxlayacağından... Amma artıq evdən, ailəsindən qopduğu bir məqamda, niyəsə, özünün son və təbii sevincindən — çağasını görməkdən imtina etmişdi... Qorxmuş, heç bir halda buna yol verməməsini ərindən elə israrla xahiş etmişdi, guya arada ölüm-dirim söhbəti vardı. Qəribə şeylər demişdi: “Qoy oğlum heç nə bilməsin. Mən evə qayıdıb görərəm onu”.

Arvadı onu sağlam, sərbəst gördükcə kişi xəcalət çəkirdi.

Xəstəlik qadını zəiflətmiş, kövrəldib incəltmişdi...

İndi — qanını qaraldan nələrinsə baş verdiyi palatanın qapısı önündə dayandığı anlarda da — onu məhz qadın kimi fikrinə gətirir, bədənində xoş bir sızıltı hiss edirdi. Ona baş çəkməyə gəlmişdi...

Qadında adamı özünə məftun etmək qabiliyyəti vardı, bu, asanca alınırdı axı... Xəstəxanada ümumi müayinə, yaxud pəhriz yeməyi növbəsində kiməsə gülümsəməklə... Sanitar qadına, ya da tibb bacısına şirniyyat, mer-meyvə verməklə... Ona aid duş kabinəsini başqalarının ixtiyarına verirdi, nəticədə özü — vasvasılığını boğa bilmədiyi üçün — bədənini isti su ilə isladılmış dəsmalla silməli olurdu. Sonralar bəziləri onun çağdaş kosmetologiyanın möcüzələri, dəriyə düzgün qulluq barədə mühazirələrini dinləməyə gəlirdilər. Axşamlar da ümumi palatalardakı mömin qadınlar, birgə ibadət üçün, ona ayrılmış otağa keçirdilər; onları duaları növbəylə oxumağa, dinləməyə razı salmışdı. Hamısından da bir xahişi vardı: “Mənə alqış edin!” Elə tərzdə deyirdi ki, xahişi, bəlkə, müqəddəs kəlam qədər təsirli səslənirdi. O bunu bir əfsun kimi dilə gətirirdi: “Çoxlu qadın alqış edir mənə”.

“Bu minvalla çoxdan hansısa ölünü diriltmək olardı” — eşitdiklərinə inanmağı gəlməyəndə əri onunla bu cür zarafatlaşırdı.

Bir ara Diveyevodan söz salmışdı qadın, ərinə demişdi ki, gərək onu maşınla Diveyevoya, oradakı qadın monastırına aparsın, orada sağalacaq. Amma bu mümkün deyildi. Odur ki, arvadı keşiş çağırmağı xahiş edəndə kişi bir az rahatlaşmışdı: heç olmasa, onun bircə arzusunu yerinə yetirə biləcəkdi. Arvadının müalicə həkimi ilə danışmışdı, halbuki vəziyyəti bilirdi, heç o özü də belə halda buna icazə verməzdi. Həmin həkim eyham vurmuşdu ki, arvadı üçün psixiatrla söhbət daha faydalı olar, ancaq çox dirəşməyə də cürət etməmişdi. O da acıqlanaraq düşünmüşdü: “Əlbəttə, kimsə sənin xəstəxananda qıvrıla bilər, amma bu, normal haldır. Özünün kiməsə bircə damcı da köməyin dəyməyə bilər — buna görə antidepressant atası deyilsən ki... Sənin ağlın başındadır — cağbacağ... Sağlam adamsan... Ona görə də hər şeyi bilir, hər şeyə də sən qərar verirsən. Xəstələrin həyatı sənin ixtiyarındadır...”

Qadın bu qədər tab gətirmişdi, daha nə qədər dözmək lazım olduğunu bilmirdi... Neçəsə gün, həftə, ay...

Ağrı və soyuq, yapışqan tər, qusmaq və qan...

Mübarizə aparırdısa da, nə mətanəti, nə də gücü vardı.

Heç nə anlamırdı.

Atası göz yaşı axıdan qızını yanına çağırdı, baxdı qızına... Anasına çox bənzəyirdi qız, acıqla üzünü çevirib, gözlərini gizlətdi. Çımxırdı da: “Nədir? Mənə eşq elan etmək istəyirsən?” Atası dinməzcə onu köksünə sıxanda qız, hələ də bağışlamaq istəməsə belə, hər halda, sakitləşib donquldandı: “Hə, budur, daha bir nəfər vuruldu mənə...”

Xəstəxananın dəhlizində qadın cinsindən olan tənha məxluqlar evdən gətirdikləri xalatda dolaşırdılar. Nəhayət, keşiş, tər basmış halda, palatadan çıxdı. Tez-tələsik gah başını bulayıb, gah təzim edə-edə gözdən itdi.

Qadın palata çarpayısında üzü yastığa sıxılı halda uzanmışdı. Qızı dərhal ona doğru atılıb qucaqladı — qorxmuşdu: “Anacan, ağrıyırsan? Ağrıyırsan sən?”

Xəstə kəskin ağrının ardından gözlərini açdı, yuxusunda olduğu kimi, bir çox sima gördü.

Bu xəstə üçün əlləşməkdən yorulduğu aydın bilinən həkimin baş verənlər barədə müzakirə açmamağa qabiliyyəti çatdı.

Tibb bacısı xəstənin venasına iynə vurdu, sanki qanını çəkib boşaltdı deyə qadın rahatlaşdı və yumşaq, havayla dolu nəyinsə üstündəymiş kimi, huşa getdi.

“Ata, anam öldü?” — titrək, zəif bir səs eşitdi.

Onlar bu steril, kəsif qoxulu yığcam otağın çılpaq divarları arasında yalqız qaldılar. Soyuducusu, televizoru, kiçik masası, bir dənə də boş çarpayısı ilə birlikdə bura hansısa mənzili xatırladırdı.

“Ana yuxuladı. Gəl onu oyatmayaq, gedək biz”.

Və getməzdən əvvəl elə-belə, boşluğa pıçıldadı: “Hə, bəs hanı sizin Tanrınız?”

Evdə, anasının yanında özünü niyəsə yad hiss etdi, suallarına ləng və kobud cavab verməklə anlatdı ki, səmimi söhbətə həvəsi yoxdur, qadın da — artıq neçənci dəfə izzət-nəfsinə toxunulduğu üçün — çıxıb getdi: onun isə heç nə vecinə deyildi.

Qızcığaz öz balaca otağında gizlənmişdi, amma təklikdən qorxurdu. Nədənsə körpə qardaşı düşdü yadına və üzücü səssizlik onu valideynlərinin otağına — uşağın çarpayısı orada idi — doğru itələdi. Qardaşı yumşaq, sirli çökəklikdə uzanmışdı və sanki nəfəs almırdı. Qız səsləndi... Astadan...

Və oğlan qəfil gözlərini acaraq qımıldandı.

Qızı ağlamaq tutdu, elə bil onu sonuncu dəfə görürdü.

Çağa ona baxdı, xırdaca əllərini bacısına uzadıb gülümsündü. Uşağın gözləri parıldayırdı: onlarda elə bir sevinc, işıq, həyat vardı ki...