Tankçı və ya “Bəyaz pələng”

(romandan parça)

Barəsində bəlli olan yeganə xüsus, yenə də elə əvvəlki kimi, onun Kursk dairəsindən huşsuz vəziyyətdə çıxarılmaqla, buraya gətirilməsi idi. Ona dair kasad və etibarsız bilgiləri də öz rastına çıxan və aşağıda sadalanan şəxslər vermişdi: təmirçilər — yük maşınının sürücüsü — döyüş meydanının evakuasiya üzrə hospitalı. Əlinin altda başqa bilgilər olmayan mayor rütbəli cərrah isə onunla bağlı sənədlərdə tələm-tələsik “naməlum tankçı” ifadəsini yazmışdı.

Qışda İvan İvanıç tamam sağaldı. Doğrudur, özü barədə hələ də heç bir məlumat verə bilmir, ən bəsit sözlərin tələffüzü zamanı aciz qalırdı. Buna baxmayaraq, istənilən komandanı tam mənada dərk edərək yerinə yetirir, özünün bu təzə adına da həvəslə reaksiya verirdi. Ən nəhayət, müayinələrdən sonra onun döyüşə yararlı biri olduğu təsdiqləndi. Sadəcə gözgörəsi, yəni gerçək əlilləri vətənlərinə yola salırdılar, kontuziya alanlar, yanıq xəsarəti alanlar, hətta yaddaşını itirənlər də daxil, geriyə qalanları isə təkrar tibbi bərpaya cəlb edirdilər. Belə “bəxtəvərlərin” ardınca ən müxtəlif hərbi hissələrdən daima alıcılar gəlirdi. Bəxti üzünə gülənlər adətən qvardiyaçı reaktiv minomyot alaylarına təyinat alırdılar, çünki “katyuşaçılar” arasında ölüm-itim sayının ən aşağı olduğu qənaəti yaranmışdı. “Qənimətçilər” və aerodrom xidmətçiləri də hörmət sahibi idilər. Piyadalar ilə topçuların isə toxunulmaz qalması elə də asan deyildi. Ancaq İvan İvanoviçin gələcəyi tamamilə ümidsiz görünürdü — zirehli qoşunlarda itkilər necə artmışdısa, şəxsən Ali Baş komandan əmr vermişdi ki, bütün sağ qalanlar mexanikləşdirilmiş korpuslara, yəni geriyə göndərilsin.> Cərrah mayorun hazırladığı o iki kəlməlik hökm sənəd səciyyəsi daşımasaydı, İvan İvanoviçi də maneəsiz şəkildə topçulara-filana qoşacaqdılar. Ancaq bu işdə heç riskə getmək istəmədilər. Başlarına gələnlər ucbatından komissiya üzvləri artıq başmaqçı idilər və bilirdilər ki, qiymətli kadrları arxa cəbhədəki hissələrə yönləndirənlərin fəaliyyəti xüsusi təhqiqat çərçivəsində araşdırılacaq.> Hospitalda ikən də sənədlərə çox da baş qoşmadılar — bu qorxunc görkəmli adama təzə ad-soyad verib, ağ vərəqdə qara mürəkkəblə yazdılar: İvan İvanoviç Naydyonov. Milliyyəti barədə də çox götür-qoy eləmədilər — adamın dilində şivə sezilmirdisə, deməli, o, rusdur ki var. Doğum yeri kimi isə həmin hospitalın adresini göstərdilər. Partiya mənsubiyyəti qrafasına “yoxdur” yazdılar (Hətta əvvəllər kommunist olsaydı belə, indi bunun nə mənası vardı ki?!). İxtisas qrafasına isə — tankçı. (Hara göndəriləcəyinə qoy orada qərar versinlər). Bircə yaş məsələsində ilişib-qaldılar. Onun yaşını hər nə qədər təyin və ya təxmin eləməyə çalışsalar da, vücudu tam yandığından bu işdən əl üzdülər, əllərini yelləyib, onu bu əsrin yaşıdı kimi göstərdilər (özünün yeni həyat tarixçəsini uyduranlar qarşısında İvan İvanoviç bir başqasının köhnəsi sayılan və rəngi soluxana qədər geyilən nimdaş bir formada, qəddini dimdik tutaraq dayanmaqda idi o ara).

Vacib məşğuliyyəti olmayan bütün həkim və tibb bacıları Naydyonovu ötürməyə çıxdılar, çünki bu fakt həm bənzərsiz, həm də tibb elmi üçün izaholunmaz sayılmalıydı. Vücudunun doxsan faizi yanan, əzik-üzük olan tankda düz bir həftə qaldığı üçün yaşamaq şansından məhrum olan bu adam indi sanki o dünyadan geri qaytarılmışdı, ayaqlarında hansısa ölən əsgərin uzunboğaz çəkmələri, əyninə böyük gəldiyindən ətəkləri yerlə sürünən və bir neçə yerdən dəlmə-deşikli şinel vardı, şaxta vurmasın deyə, qulaqlıqlarının ipləri çənəsinin altında düyünlənmiş əsgər papağı qoyan bu adam binanın artırmasından həyətə çıxırdı artıq. Tankçının çiynindən asılan bel çantasında bir qəlib sabun, kərpicvarı çörək və Amerika istehsalı ət konservi vardı — bunlar nəcib həkimlərinin ona hədiyyəsi idi. Mundirinin döş cibinə isə onun indiki kimliyini təsdiqləyən əsgər vəsiqəsi qoyulmuşdu.

O, bir yük maşınına minib, getdi.

İvan İvanoviçin zühuru Çelyabinsk yaxınlığında, həm də yenidən formalaşdırılan briqadaya unudulmaz bir təəssürat bağışladı. Şəxsi heyət sıraya düzüləndə, onun öz üz-gözü də yanıq-çapıq içində olan otuz yaşlı veteran komandiri dodaqaltı mızıldandı (adamın ayaması “Keçi ayağı” idi, çünki bu ifadə onun dilindən heç düşməzdi):

— Bu zavallının sifətində, keçi ayağı, salamat yer qalmayıb ki!

Sonra isə kobudluqda ad çıxaran briqada komandiri bu yeni əsgərə bir addım irəli çıxmağı əmr elədi:

— Haradan gəlibsən belə?

İvan İvanoviç bu “haradan”ın cavabını heç özü də bilmirdi.

Cavan rota komandiri dili tutula-tutula podpolkovnikə məsələni izah elədi. Briqada komandiri soruşdu:

— Hər kim olur-olsun da, keçi ayağı! Nişançıdır, ya mexanik?

Çarəsizliyə qapılan leytenant mızıldandı:

— Sənədlərdə sadəcə tankçı olduğu yazılıb.

— Onda topa mərmi qoyandır bu!

Bu amansız müharibənin məğzini məhz nişançılar özlərində tam mənada təmsil edirdilər, çünki onlara sadəcə qaba güc lazım idi: mərmini qoy və gilizləri lyukdan kənara at, getsin. “Qəlpələnən” və “zirehdələn” mərmiləri bir-birindən ayırd eləməyi isə ən küt hərif də bacarar. Sırf gözlərinə görə yoldaşlarının “Qafatası” adlandırdığı sıravi əsgər Naydyonovdan da elə bundan başqa bir şey tələb olunmurdu. lang="en-US"> Əlüstü formalaşdırılan o hərbi hissədə heç kəs onunla maraqlanmırdı (diqqətləri ona kilidləyən məqam sadəcə zahiri görkəmi idi). Yeri gəlmişkən, kadrların axını ba­xımından heç bir qoşun növü tank ekipajlarıyla yarışa bilməzdi: üç-dörd həftəlik tez-tələsik hazırlıq bitən kimi adamı cəbhəyə yollayırdılar, orada isə elə ilk döyüşdən sonra “T-34” tamam yanıb, külə dönmürdüsə, hesab eləməliydin ki, bəxtin gətirib. Sıradan çıxanları isə təkrar əldən keçirməklə, ön xəttə yollayırdılar.

Yaddaşı silinmiş İvan İvanoviç də, hamı kimi, səssizcə öz şorbasını içir, ayazda barakda oturub, donurdu (çünki çılpaq taxtalar üstə yatan döyüşçülər sadəcə şinellərinə bürünürdülər). Ən azından, yaxın dönəm üçün taleyi bəlliydi onun. Ekipajı isə ordan-burdan yığılmışdı: cavan leytenant komandir, yaşlı özbək isə mexa­nik-sürücü təyin olunmuşdu, moskvalı olduğu üçün özünü dilli-dilavər və yekəxana aparan keçmiş dustaq isə nədənsə özünü rabitəçi elan eləmişdi.

Aradan heç bircə ay da ötməmiş əlüstü (və müvəqqəti) qurulan bu dörd nəfərlik tank heyəti Çelyabinskdəki traktor zavodunda, həm də sonuncu seriyanı təmsil edən T-34-76-nın******** yığıldığı sexə gəlib çıxdı. Sexlərdə dolaşdığı vaxt Naydyonovu görən hər kəs istər-istəməz içini çəkirdi. Yeniyetmə və qadınlar isə qorxu qarışıq maraqlarını əsla gizlədə bilmirdilər. Belə maraq sahiblərinə hər hansı məhəl qoymayan Naydyo­nov gərəkli detalları ora-bura daşımağa daha böyük səy göstərirdi, halbuki yoldaşı sayılan özbək ilə keçmiş dustaq sadəcə zavod yeməkxanasında əlavə pay almağın hayında idilər. Tabeliyindəkilərlə münasibətlərdə öz nüfuzunu hər vəchlə qorumağa çalışan sütül leytenant isə sırf bu üzüyolalığına görə ona rəğbət bəsləyirdi. Mos­kvalı o oğru rabitəçinin aşkar cırnamasına və özbəyin duyduğu dəhşətə rəğmən, tank gözgörəsi yığılıb-tamamlanmaqda idi: sürət qutusuna transmissiya, çarx və tırtıl quraşdırılandan sonra növbə mühərrikə və digər daxili detallara da yetişdi, bunların ardınca isə qülləni öz yerinə bərkitdilər.

Hamının ürəyi əsərək gözlədiyi o gün gəlib, çatdı: komandirə qələmyonan bıçaq, saat və kompas verildi. Ekipaj isə xeyli iriölçülü brezent örtüklə təmin olundu. Təzədən dünyaya gələn “T-34”-ü sexdən sürüb-çıxarmaqla, zavodun geniş həyətinə, orada yola salınacağı günü gözləyən yeni partiyanın yanına çıxarmağa hazırlaşırdılar. Məhz o məqamda İvan İvanoviç öz varlığını hamıya göstərdi.

Görünür, onun qafasında nələrinsə qarşılıqlı əlaqəsi nəticəsində bir qığılcım çaxmış və onun total huşsuzluğuna son qoymuşdu. Sexin içində ilk sürüşdən əvvəl hamı İvan İvanoviçin tankın içinə dürtüldüyünə şahid oldu — leytenant hər hansı əski parçası gətirməyi ondan rica edibmiş. lang="en-US"> Hər səslədiklərində Naydyonov oyuncaq fiqur kimi ta qurşağa qədər mexanikə aid lyukdan bayıra çıxırdı — adam yamanca həyəcanlı görünürdü. Ekipaj üzvləri və fəhlələr də hər səfər bundan diksinirdilər. lang="en-US"> Sonra İvan İvanoviç təkrar içəri dalırdı. Onun qutuyabənzər qafatasının dərinliyindəki göz­ləri o ara bir cüt qorxunc fara kimi yanırdı. Heç kəs kəlmə kəsməyə macal tapmamış tankın mühərriki işə düşdü. O an leytenant, moskvalı və Kokand sakini özlərini bir tərəfə, sazlayıcı fəhlələr isə digər tərəfə atmağa ancaq fürsət tapdılar.

Yerindən sıçrayan T-34 iki sıra boyu düzülən digər tankların arasıyla irəliləyərək, ensiz darvazaya tərəf yönəldi. Sürəti azaltmaq gözü dönmüş Naydyonovun heç ağlına da gəlmirdi, — çünki yolunun üstündəki hər kəs gizlənməyə imkan taparaq, az sonra baş verəcək dramın tamaşaçısına çevrilmişdi artıq. Tank isə maksimum sürətlə irəliləməyində idi. Ardında topa-topa tüstü buraxan, silindrləriylə şiddətli uğultu qoparan tank gözgörəsi bir faciəyə doğru inamla irəliləyirdi. Tankın komandiri sayılan leytenant da daxil, hər kəs çaşqınlıqla az sonra qopacaq o müdhiş metal cırıltısını indidən xəyalında canlandırırdı.

Sürətini azaltmaq niyyətindən uzaq görünən “T-34” isə heç nəyə məhəl qoymadan, həm də tam sürətlə yerində döndü və maşınların arasından keçməklə, daha otuz metr irəlilədikdən sonra həyətdə qəfil durdu.

Komandir təlaş içində ona sarı qaçdı. Özbək ilə özündən deyən o rabitəçi də tələsik tanka yanaşdılar. Maraq duyanlar həyətə axışdı. İvan İvanoviç də lyukdan bayıra çıxdı. Dişlərini ağartdığı üçün qorxunc bir təbəssüm yağırdı üzündən. Necə titrəyirdisə, artıq özünə hakim ola bilmirdi.

Öz keçmişini xatırlamışdı o, daha doğrusu, əlləri öz köhnə vərdişlərini yada salmışdı.

Heç bir şübhə yeri ola bilməzdi: yanıb-qarsalanmış, yaddaşsız, öz zahiri görkəmiylə onunla qarşılaşanlara mərhəmət və mənhus dəhşət hissi aşılayan bu tankçı keçmiş həyatında misilsiz məharətə malik bir sürücü-mexanik imiş!

Özbək sevincək tankın qülləsinə dırmaşdı, deyəsən, o ara unutmuşdu ki, döyüş vaxtı belə davransaydı, sağ qalma ehtimalı yarı-yarıya azalardı. Vaxtilə oğru, indi isə rabitəçi olan o cələqırmış moskvalı tankda kimlə dostluq quracağını artıq anlamışdı deyə, əllərini sükandan ayıra bilməyən İvan İvanoviç üçün tənbəki bükməyə girişmişdi, özü bir qullab aldıqdan sonra onu mexanikin o qaralan, qorxunc damağına dürtürdü. Bundan əlavə, tank hərəkətə gəldiyi vaxt o, hər dəfə bu Qafatasıyla eyni vaxtda sürət ötürücüsünün dəstəyini geri çəkməklə, daha bir canfəşanlıq sərgiləyirdi, axı bu T-34-76-da nədənsə hələ də> tankı dörd ayrı sürətə kökləmək üçün sürətötürücü qutu var idi və bütün sürücülər onun yöndəmsizliyindən zinhara gəlmişdilər********.

Eşelona qoşulmazdan əvvəl briqada əlli kilometrlik məsafəni qət elədi və atəş açmaq imkanlarını poliqonda sınaqdan keçirdi. Qışın şaxtası otuz dərəcə civarında idi deyə, sürətötürücüsü əməlli-başlı donurdu. Qafatasının sürdüyü bu tank döngələrdə nərə qoparır, yoxuşlara dırmanır, lüləsini dikəltməklə, üzüaşağı enir, o ara möhkəm silkələnib, ləngər vurduğu vaxt özbək dualar oxuyur, ora-burası şişlərlə örtülən sütül leytenantın isə canını dişinə tutaraq, öz komandir qülləsindən yola göz qoymaqdan başqa bir çarəsi qalmırdı. Ətrafında heç nə görməyən rabitəçi isə öz söyüş məharətini işə salır, o ara dilini dişləyəcəyini də unudurdu. İvan İvanoviç isə, nəriltiyə bənzər səslər çıxarmaqla, təkbaşına “T-34”-ü boş çöllər və dağılmış yollarla sürüb getməyində idi. İndi onun durmadan harayasa bu cür baş alıb getməsi təkcə oğrunu yox, elə özbək ilə komandiri də təlaşa salırdı.> Qorxuları da bu aralı qalan ağız, səbirsiz hərəkətlər, titrəmələr, yalnız və yalnız irəli can atmalar ucbatından səbəbsiz sayılmazdı, halbuki əvvəllər bu Qafatası necə də üzüyola birisinə bənzəyirdi. Həm lyukunun qapağı açıq olurdu, həm də o, arxa tərəfindəki ventilyatoru durmadan çalışdırırdı — istənilən canlının donub-qacımalı olduğu bu şəraitdə həyatdan bezən ekipajın təkcə bir üzvünün, bu dəli-dolu mexanikinin nədənsə havası çatmırdı. Rabitə əlaqəsiylə leytenant dayanmaq əmri almışdı, amma bu sütül komandir nə qədər bağırsa da, həmin əmri İvan İvanoviçə heç cür ötürə bilmirdi. Bütün kolonna yerində durdu, amma Naydyonovun sürdüyü tank cərgədən kənara çıxmaqla, ərazidə dai­rələr cızmağa başladı, o ara gah qarlı dərələrdəki çovğunda görüntüdən itdi, gah da özündən arxada və öndə qardan əsl pərdə yaratdı.

Briqada komandiri şəxsən özü tankın önünü kəsməsəydi, bu iş belə də davam edəsiydi. Qurşağa qədər qara gömülən “Keçi ayağı” tankın az qala düz qarşısında peyda oldu. Məhz o an İvan İvanoviçin ağlı üstünə gəldi. Qüllədəki sütül komandir hönkürməyə hazır görünürdü, ancaq rəhbəri olan zabit onun qırıq-qırtıq hüdüləmələrinə heç bir məhəl qoymadı.

Cavan podpolkovnik ona çımxırdı:

— Mexaniki mənim maşınıma göndər! — Sonra üzünü Naydyonova tutdu: — Mənimlə gəl, ə skelet! Hə, keçi ayağı, indi sən burada hünərini göstərəcəksən!

Beləcə, İvan İvanoviç komandirin tankında sürücü oldu, öz təcrübəsiz mexanikini isə podpolkovnik leytenantın, özbəyin və oğrunun olduğu digər tanka göndərdi. Və bütün briqadanın gözləri qarşısında İvan İvanoviç özünün bütün məharətini ortaya qoydu — “T-34”-ün bircə fırfıra kimi yerində dönmədiyi qaldı. Tanklardan enən həmkarlarının ağzı heyrətdən açıla qalmışdı.

Gördüyündən çılğına dönən briqada komandiri də elə İvan İvanoviç kimi nərə çəkirdi. Həmişə olduğu kimi, yenə də o, ayaqlarını usta döyüşçüsünün çiyinlərinə qoymuşdu: bir zərbə vurmaqla, sürüşə qısa ara verə bilirdi, növbəti zərbə ilə tank təkrar hərəkətə keçirdi. İvan İvanoviç bunu xatırlayırdı. Bütün qalan məqamları unutsa da, məhz bunu xatırlayırdı. Kollarla örtülən, dərə-təpəli bu ərazidə komandirin olduğu texnikanın çıxartdığı bu hoqqaları yeni tankçılar dərin heyrət hissiylə süzürdülər.>

Bu Qafatasının artıq tamamən öz ixtiyarında olduğundan, həm də bir daha özündən ayrılmayacağından, belə bir mexaniki heç nəyin bahasına başqasına verməyəcəyindən əminlik duyurdu “Keçi ayağı”, çünki döyüşdə, həm də tank döyüşündə insan həyatına bir göz qırpımındaca nöqtə qoyula biləcəyini, buna görə də yaxın gələcəkdə özü üçün yeganə qurtuluşun məhz mahir mexanikdən asılı olduğu fikrini artıq özünə aşılamışdı, axı sadəcə belə sürücü nə vaxt manevr edəcəyini, nə vaxt qaz pedalına basacağını və deməli, irəli sıçrayacağını dəqiq bilir. O, xırıltılı bir səslə təlimat verdi:

— Haydı İrəli, daz iblis!

Ən nəhayət, “T-34” dayananda o, mexanikə səsləndi:

— Bəs Kursk döyüşündə sən necə vurulmuşdun?

İvan İvanıç, sualı anlamırmış kimi, gözlərini öz yeni komandirinə zilləyib, durdu.

Briqada komandiri isə əl çəkmək istəmirdi:

— Ə keçi ayağı, necə olmuşdu ki, tankın yanmışdı? Sipərinmi yox idi?

O məqamda İvan İvanoviç təkrar nəyisə xatırladı. Onun qaranlıq keçmişində ötəri bir işartı yarandı.

Qafatası qəfil dilləndi:

— “Pələng”. “Bəyaz pələng”!

Sonra gözləri nifrətdən alışdı və vücudu hiddətdən lərzəyə gəldi.



* «34-lük” — bənzərsiz bir tankdır, onun necə formalaşmasından burada ətraflı söz açmağa bir ehtiyac duymuram, çünki elə etsəm, onda gərək oxucularıma bu məsələlərin incəliklərindən bəhs edən xeyli sayda araşdırmanın ip uclarını da verim. Onu da vurğulayım ki, dava illərində bu tank modeli hər barədə yenilənsə də, onun zahiri görünüşü eynən qorunub-saxlandı. 1941-ci ilin “T-34”-ləri müharibənin sonundakı “T-34-85” ilə ümumiyyətlə müqayisəyə gələ bilməzdi. Hələ 1941—1942-ci illərdə bu tank alman tanklarının və tankəleyhinə topların dəlinməz sayılan zirehlərinə davam gətirəcək divarlara malik idi, onun atdığı mərmilər isə PzT-II, PzT-III və PzTVI tanklarının nəinki yan, hətta ön zirehlərini də dəlməyə qadir idi, ancaq bu mərmilər qənimət kimi ələ keçirilən çex istehsalı Pz 35(t) и Pz 38 (t) tanklarının zirehini 1000 metr məsafədən də deşə bilmirdilər. “34-lük” tankların mühərrikləri qüsurlu olduğundan daima sıradan çıxırdılar. Halbuki alman tanklarının motorları hər cür tərifə layiq idilər, almanların Moskvanın həndəvərinə yanaşmalarını mümkün qılan əsas səbəblərdən biri də bu motorlardakı dözümlülük idi. Qalın zirehə malik alman tanklarının (“pantera” və “pələnglər”in) isə motorları problemli  idi. Bununla yanaşı, onlar öz mərmiləri ilə 1,5, hətta 2 kilometrlik məsafədən də bizim “34”-lərin zirehini dələ bilirdilər. Amma ortabab sovet tankına quraşdırılan yeni, 85 mm-lik top almanların tərifli “8-8”-indən heç də zəif sayılmazdı, təkmilləşdirilmiş “B-2” mühərriki sayəsində isə düşmənin arxasına doğru hətta 500 km-lik yürüş etmək də mümkün idi. O ki qaldı artilleriya təchizatına, bütün müharibə boyu konstruktorlar “T-34”-ü ən güclü və istismar üçün ən yararlı mərmilərlə təmin etməyə cəhdlər göstərirdilər. 1944-cü ilə qədər tank 76 mm-lik topla birgə istehsal olunurdu. Ona görə də tankqayırma zavodlarında “T-34-76” seriyası yığılırdı. Ancaq 1942-ci ildə “T-34”-lərlə ilk dəfə qarşılaşan almanlar əsl şok keçirdilər və Almaniya sənayesindən bu modeli birəbir yamsılamaqla tank istehsalına keçməyi tövsiyə etdilər: elə bu səbəbdən də bizim tankların zirehdəlmə qabiliyyəti sonradan meydana çıxan layiqli tanklar və tankəleyhinə modellər qarşısında, nəinki “pələng” və “pantera”lar qarşısında, hətta modern alman tanklarından “üçlük” və “dördlük” qarşısında da xeyli aciz oldu. Bu “pişikkimi”ləri yenə bilməkdən ötrü bizimkilər 85 mm-lik toplara üstünlük verdilər. 1944-cü ilin qışından etibarən “T-34-85” seriyasına keçildi və ta davanın sonuna qədər onlar əsas tank modelimizə çevrildi. “T-34-76”-nın bir sıra nöqsanları vardı: qülləsi hədsiz dar olduğundan iki ekipaj üzvü ora sığmırdı, xəz və pambıqdan gödəkçə geyinən rus tankçılarının qış vaxtı ora necə sığdığını amerikanlar öz təsəvvürlərinə heç cür gətirə bilmirdilər. Qülləyə daha bir adam sığmadığından komandir özünün birbaşa vəzifələri ilə yanaşı, nişançının funksiyalarını da boynuna götürməyə məcbur qalırdı, bu isə həm rəhbərlik, həm də dəqiq nişan alma işinə xələl gətirirdi (halbuki alman tanklarında ekipaj üzvlərinin sayı beş nəfər idi, bunlardan üçü — komandir, nişançı və atəşləyici tankın qülləsində otururdu). Bundan əlavə, tankdan ətrafı çətinliklə görmək olurdu ki, bu da döyüş meydanındakı vəziyyəti dəyərləndirmək və buna uyğun davranmaq imkanlarını azaldırdı. Bu səbəbdən sürücümexanik daima öz lyukunu açıq saxlamalıydı. Nişançı-rabitəçi isə oturduğu yerdən heçcə nə görə bilmirdi, buna görə də döyüş vaxtı qarasına atəş açmağa məcbur idi. İlk ratsiya cihazları çox aşağı səviyyəli idi və necə deyərlər, “radium” tanklarında onlara rast gəlinirdi. Yanacaq çənlərinin yeri də uğursuz seçilmişdi, onlar alışdığı zaman ekipaj üzvlərinin qaçıb-qurtulmaq imkanı sıfıra enirdi. Bütün bu sadalanan qüsurlar dava illərində aradan qaldırıldı (hərçənd yanacaq çənləri elə əvvəlki yerlərində də qaldı). Belə ki, yeni qülləyə malik “T-34-85” ekipajı “hər tələbə cavab verirdi” və artıq beş nəfərə hesablanmışdı, ancaq tankçılar rabitəçi-atıcıdan imtina etməklə, hələ də dörd nəfərlik heyətlə (üçü qüllədə, biri sürücü-mexanik olmaqla) vuruşmağa üstünlük verirdilər.


** İlk “T-34”-lərin ən başlıca qüsuru zəif və tez sıradan çıxan dördlü sürət qutusu idi. Sürət dəyişdirilərkən adətən dişciklər ovulub-tökülür, qutunun karterində qopmalar yaranırdı. Sürəti dəyişməkdən ötrü atıcı-rabitəçi də, sürücü-mexanikə qoşularaq, gərək dəstəyi özünə doğru çəkəydi, çünki sürücü təkbaşına bu işin öhdəsindən gələ bilməzdi. Bu səbəbdən də təzə tank üçün daha səriştəli sürücülər tələb olunurdu, belələri isə hələm-hələm ələ düşmürdü. Təcrübəsiz mexanik birinci əvəzinə dördüncü ötürücünü seçdiyi təqdirdə, qutu tamamilə sıradan çıxırdı. Bu durumun köklü şəkildə aradan qaldırılmasına isə məşhur 183-cü zavodda bir-birindən asanlıqla çıxmayan dişli çarxlara malik beşli sürətötürücü qutu işlənib-hazırlanandan sonra nail olundu.


*** Dünyanın ən ağır çəkili hərbi texnikası hesab olunan və 1944-cü ilə qədər az qala ən dözümlü tankı sayılan “Pələng” bizim döyüşçülərin qanını əməlli-başlı qaraltmışdı. Onun çəkisi təqribən 60 ton idi. Bu nəhəng texnika öz ağırlığından əziyyət çəkməsin deyə, onun silindrləri şahmatvarı düzülmüşdü. 

Dəstəklər əvəzinə, sükana malik ilk tank olan Pz T-VI-i idarə etmək xeyli rahat idi. Onun 100 millimetr qalınlığındakı ön zirehini bizim tankların mərmiləriylə dəlmək, demək olar ki, imkansız idi. Yan divarlara təsir imkanı da az idi, gərək onunla aranda azı 500 metr, real döyüş şəraitində isə daha az məsafə qalaydı, bu səbəbdən Pz T-VI nadir hallarda düşməni o dərəcədə yaxınına buraxırdı. Onun 88 mm-lik mərmisi isə həmin dövr üçün ən keyfiyyətli və qorxunc mərmi sayılırdı. Optik cihazlara, çox yüksək hazırlıqlı ekipaja isə söz ola bilməzdi və bizimkilər bu barədə onlardan inanılmaz dərəcədə geridə idilər. Dərin məyusluq hissiylə onu da vurğulayaq ki, bu cür yırtıcı texnikanın öhdəsindən gəlməkdən ötrü bizimkilər hər fəndə əl atırdılar. Bu lənətəgəlmiş texnika ilə üzbəüz gələn döyüşçülərimiz özlərini tamamilə əliyalın hiss edirdilər. 1943-cü ildə onlar yaxın məsafədən (300—500 metr aralıdan) “Pələng”lərə öz 76 mm-lik mərmiləriylə xəsarət yetirə bilirdilər, həm də bu, yeni kalibrli mərmilərlə mümkün idi və onları ekipajlara həm bir döyüş komplektinə qarşılıq, həm də imza atmaqla 3 ədəddən çox vermirdilər. Bir müşkül də onunla bağlı idi ki, hətta ən əlverişli şəraitdə belə düşmən texnikanın hər tərəfinə yox, sadəcə bəlli qismlərinə xəsarət yetirilə bilirdi. Bizimkilər fürsət tapan kimi mərmini ya ayaq silindrlərin arasındakı borta (onun ardında “Pələng”in ehtiyat sursatı saxlanılırdı), ya qüllənin oturacaq qisminə (belədə qüllə artıq fırlana bilmirdi), ya tank topunun lüləsinə, ya da yanacaq çəninin yerləşdiyi arxa qismə yönəldirdilər. Lap çarəsiz qalanda isə az fırlanan təkəri, aparıcı təkəri, əsas silindri və ya tırtılı nişan alırdılar. Bütün qalan qismlərə tuş gələn mərmilər “Pələng”in səthinə dəyib, bir kənara yönəlirdi. Bu səbəbdən də onlar heç nədən çəkinmədən “T-34”-lərin düz üstünə yeriyirdilər. Bu yerdə tankçı N. Y. Jeleznovun bir xatirəsini misal gətirmək olar: “...“Pələng”lər açıq ərazidə mövqe tutublar. Həddin var, onlara yanaş. O, sənə 1200—1500 metrdən də od qoyar. Özlərinə yamanca güvənirdilər!.. Biz isə, eynilə dovşanlar kimi, bu “Pələng”lərdən qaçır, girəvə tapan kimi geri dönüb, onları 

bortundan vurmaq üçün bir fürsət axtarırdıq. Durumumuz xeyli ağır idi. 800—1000 metrlik məsafədəki “Pələng” sənə tuşladığı lüləsini üfüqi istiqamətdə gəzdirirsə, hələ tankda otura bilərdin, elə ki lülə şaquli hərəkətə keçdi, gərək tankdan özünü cəld yerə ataydın, yoxsa yanacaqdın!”


“T-34”-lər 85 mm-lik mərmilərlə təchiz olunandan sonra isə vəziyyət artıq müsbətə doğru dəyişmişdi və düşmən texnikasıyla burun-buruna gəlmək də mümkün idi. Bununla yanaşı, ta müharibənin sonuna qədər Pz T-VI tankları bizimkilər üçün ən arzuolunmaz texnika sayılacaqdılar. 


**** 1939—1943-cü illərdə istehsal olunan və görkəmli dövlət xadimi Kliment Voroşilovun ad-soyadına uyğun olaraq bu cür adlandırılan tank seriyası. — Tərc.


***** “MG-42” — qorxunc silah idi. Əsgərlərimiz onu “Hitlerin dəryazı” da adlandırırdılar. Bu pulemyotun gülləsi tuş gəldiyi sümüyü bədəndən qoparırdı.


****** Neva çayının bir qolu. — Tərc.


******* M. Y. Katukov — sovet tank qoşunları üzrə ən görkəmli komandirlərdən biri olub. Onun rəhbərlik etdiyi və “T-34” tanklarından mütəşəkkil briqada Tula yaxınlığında alman generalı Quderianın tank kolonunu tamamilə darmadağın eləmişdi və məhz həmin vaxtdan etibarən “pantservaffe” birliklərinə “T-34”-lərə qarşı total bir qorxu aşılanmışdı. Kursk döyüşü zamanı bu general I Tank ordusuna başçılıq edirdi. Onun komandanlığı altında alman cinahlarına qarşı gerçəkləşdirilən əks-hücumlar sayəsində əlamətdar Proxorov döyüşündən sonra Manşteyn öz qoşunlarını geri çəkməyə məcbur qalmışdı. Müharibənin sonlarına doğru artıq aşağıdakı 6 qvardiya Tank ordusu yaradılmışdı: I Tank ordusu (M. Y. Katukov) II Tank ordusu (A. İ. Radziyevski) III Tank ordusu (P. S. Rıbalko) IV Tank ordusu (D. D. Lelyuşenko) V Tank ordusu (İ. T. Şlemin) VI Tank ordusu (A. G. Kravçenko).


******** 1943-cü il üçün “Pələng”, “Panter” və “Ferdinand”lara layiqli rəqib olaraq biz də 152 millimetrlik mərmi atan və dünyanın ən güclü özüyeriyən artilleriya qurğusu sayılan SAU-152-ləri qabağa verdik: bunların uyğun məsafədən açdığı atəş nəticəsində istənilən alman tankından geriyə sadəcə tırtıllar qalırdı. Ona verilən ləqəb də elə bu məharətinə tamamilə uyğun idi — “Vəhşilərin qənimi”.