Pavel Basinski
Pavel Valeryeviç Basinski (1961) — yazıçı, ədəbiyyatşünas və ədəbi tənqidçidir. “Böyük kitab” (2010), RF Hökuməti mükafatına (2014), Rusiya Dövlət mükafatına (2018) və A. İ. Gertsen (2020) mükafatına layiq görülüb.
Volqoqrad vilayətinin Frolovo şəhərində doğulub. A. M. Qorki adına Ədəbiyyat İnstitutunu (1986) və həmin institutun aspiranturasını bitirib. Filologiya elmləri namizədidir. 1981-ci ildən “Literaturnaya qazeta”da və digər sanballı dərgilərdə ədəbi tənqidçi kimi imzası parlamağa başlayıb. Rus klassik ədəbiyyatı və çağdaş ədəbi proseslə bağlı tədqiqatla məşğuldur. Məqalələr və resenziyalardan ibarət ilk kitabı (“Süjetlər və simalar”) 1993-cü ildə nəşr olunub. “Görkəmli adamların həyatı” seriyasından Maksim Qorki (2005) və Lev Tolstoy (2016) haqqında kitabların müəllifidir.
“Lev Tolstoy: cənnətdən qaçış”, “Lev Tolstoy — azad adam”, “Bir mənə baxın: Liza Dyakonovanın gizlinləri”, “Anna Karenina haqqında gerçəklər” Basinskinin ən məşhur kitabları sayılır.
Onun yazdığı sənədli əsərlər tədqiqi dərinliyi və rus nəsrinin ruhuna xas cəlbedici təhkiyəsi ilə seçilir.