Daniil Qranin
Daniil Aleksandroviç Qranin (1919—2017) — nasir, ssenarist, publisist və ictimai xadim kimi şöhrət tapıb. Əsasən hərbi, tarixi və sənədli nəsr, habelə “şəhər nəsri” janrında əsərlər yaradıb. Ədəbi yaradıcılığına görə SSRİ (1976) və RF Dövlət mükafatlarına (2001 və 2016), bir sıra digər ödüllərə layiq görülüb.Daniil Aleksandroviç Qranin (1919—2017) — nasir, ssenarist, publisist və ictimai xadim kimi şöhrət tapıb. Əsasən hərbi, tarixi və sənədli nəsr, habelə “şəhər nəsri” janrında əsərlər yaradıb. Ədəbi yaradıcılığına görə SSRİ (1976) və RF Dövlət mükafatlarına (2001 və 2016), bir sıra digər ödüllərə layiq görülüb.
Kursk quberniyasının Volınka şəhərində doğulub. Leninqrad Politexnik İnstitutunu bitirib. Energetika mühəndisi kimi çalışıb. 1941-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. D. Qraninin ilk hekayələri 1937-ci ildə işıq üzü görüb. 1960-cı illərdə gənc sovet alimlərinin səyləri və qarşılaşdıqları problemlər barədə qələmə aldığı roman və povestlər (“Axtarışçılar”, “Toydan sonra”, “Tufana doğru gedirəm”, “Şəxsi mövqe” və digərləri) ona geniş şöhrət qazandırıb. 1979-cu ildə Ales Adamoviç ilə birlikdə Leninqrad blokadasından bəhs edən genişmiqyaslı sənədli araşdırma əsəri olan “Blokada kitabı”nı ərsəyə gətirib. Tarixi mövzuda nəsr əsərləri də var. “Yenidənqurma dövrü romanları”na aid edilən və görkəmli genetik Nikolay Timofeyeviç Resovskinin taleyindən bəhs edən “Zubr” adlı romanı vaxtilə cəmiyyətdə çox böyük əks-səda doğurub.
Müharibə nəsri, oçerklər və publisistik əsərlər də yaradıb. Fəal ictimai fəaliyyətlə məşğul olub, bir sıra mədəniyyət və xeyriyyə layihələrinin təşəbbüskarı kimi çıxış edib.