Andrey Rubanov
Andrey Viktoroviç Rubanov (1969) — yazıçı, publisistdir. “Yasnaya Polyana” (2017) və “Milli Bestseller” (2019) mükafatları laureatıdır.
Moskva vilayətinin Uzunovo kəndində anadan olub. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Sürücü, tikintidə fəhlə, sahibkar kimi fəaliyyət göstərib. Rusiya Federasiyasının Çeçenistandakı səlahiyyətli nümayəndəliyinin aparatında mətbuat katibi işləyib.
2005-ci ildə yazıçının debüt kitabı olan “Əkin, bitəcək” avtobioqrafik romanı çapdan çıxıb. Bunun ardınca “Böyük arzu”, “Həyat uğurludur”, “Xlorofiliya”, “Canlı torpaq”, “Yod”, “Psixodel”, “Patriot”, “Finist”, “Fırtına xəbərdarlığı” (Vasili Avçenko ilə birlikdə ), “Qırmızı kəndin sakini”, “Sərt və qaşqabaqlı” və digər kitabları nəşr olunub.
“Yeni realizm” və fantastika janrında yazır. Tənqidçilər onun yaradıcılığında Eduard Limonov nəsrinin aydın təsirini qeyd edirlər. A. Rubanovun qəhrəmanları cəsarətli və kobuddurlar, böyük ehtiraslarla yaşayırlar. Eyni zamanda, onun nəsri özünə qarşı istehzalı və refleksivdir, çox vaxt böyük dəyişikliklər dövründə yaşayan insanın şüurunu əks etdirən “kişiləşmə romanı”, “yetkinləşmə romanı”dır.