Valeri Popov

Valeri Georgiyeviç Popov (1939) — nasir, şair, ssenaristdir. RF Hökuməti (2013) və Sankt-Peterburq Hökuməti (2014) mükafatlarına, “Böyük kitab” və bir sıra başqa ödüllərə layiq görülüb.
Kazan şəhərində anadan olub. Leninqrad Elektrotexnika İnstitutunu bitirib, mühəndis işləyib. VQİK-in (Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutu) Ssenari fakültəsini bitirib.
“Əvvəlkindən daha cənubda” adlı ilk hekayələr toplusu 1969-cu ildə nəşr olunub. Otuzdan çox bədii və sənədli nəsr kitabının, “Pislərin ən yaxşısı”, “Göbələk yığanlar bıçaqla gəzir”, “Mürəkkəb mələyi”, “Qələbə dəhşəti”, “Maqdalenanın İncili”, “Üçüncü nəfəs”, “Həyat yaxşıdır”, “Dəyişiklik dövründə həyat” povestlərinin müəllifidir. Bir neçə ssenari də yazıb. D. S. Lixaçov və Sergey Dovlatov haqqında JZL (Görkəmli İnsanların Həyatı) seriyasından olan kitabların müəllifidir.
Onu Andrey Bitov və Sergey Dovlatovun da təmsilçisi olduğu «Leninqrad nasirlər məktəbi»nə aid edirlər. V. Popovun nəsri tragikomikliyi, qrotesk üslubu ilə səciyyəvidir, bu əsərlərdə məişət mövzusu həssaslıqla, əyləncəli təhkiyə isə etirafla birləşir.