Aleksandr Timofeyevski
1933-cü ildə Moskva şəhərində anadan olub, müharibə vaxtı mühasirədəki Leninqradda yaşayıb. Ümum-Rusiya Dövlət Kinematoqrafiya İnstitutunun (“VQİK”) Ssenari fakültəsini bitirib. “Tacikfilm”, “Soyuzmultfilm” və “Multtelefilm” kinostudiyalarında redaktor işləyib. Cizgi filmləri üçün ssenarilər və mahnılar yazıb. “Çeburaşka” cizgi filmindən “Timsah Genanın mahnısı” ilə məşhurlaşıb. Uzun müddət çap olunmayıb. İlk şeirlər toplusu yalnız 1992-ci ildə işıq üzü görüb. “Gecikmiş atıcı” (2003), “Yüz səkkiz sətir və sadəlövh Hamlet” (2004), “Sevginin mahiyyəti barədə Parisə məktublar” (2005), “Zooparkda möcüzələr” (2006), “Dəniz sahilində düşüncələr” (2008), “Kraş-test” (2009), “Romalı dostun cavabı” (2011), “Mən burda doğulmuşam” (2017), “Sirakuzda metamorfozlar” (2020) və b. on beş şeir kitabının müəllifidir. “Drujba Narodov” jurnalının mükafatına (1998), Moskva Yazıçılar İttifaqının “Çələng” (2006) mükafatına layiq görülüb; “Moskovskiy sçyot” (2007) və “Antologiya” (2009) ödüllərinin laureatıdır. 2022-ci ildə vəfat edib.
Tənqidçi Danila Davıdov yazır ki, A. Timofeyevski müxtəlif məna səviyyələri ilə asanlıqla işləyə bilir, onu fərqli səviyyələrdə oxumaq olar; onu hansısa cərəyana aid etmək çətindir, qətiyyən dəbə uymaz, amma onun poeziyasını müasir edən də elə budur.