Timur Kibirov

1955-ci ildə Ukraynada, Xmelnitski vilayətinin Şepetovka şəhərində anadan olub. Moskva Vilayəti Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsini bitirib. Şeirləri “Samizdat”da nəşr olunub. “Adasakinov küçəsi” (2000), “Lirik qəhrəmanın yubileyi” (2000), “Amor, exil” (2000), “Kim hara, mən-Rusiyaya” (2001), “Şaltay-baltay” (2002), “Şeirlər” (2005), “Kara-baras” (2006), “Üç poema” (2008), “Sevgi şeirləri” ( 2009), “Bax.: yuxarıya” (2014), “Musdramteatr”(2014), “Günəşli səhər” (2020), “Kiçik formalar. 1978—2015” (2020) və başqa bütövlükdə iyirmi yeddi poetik toplunun, iki nəsr kitabının müəllifidir. Şeirləri bir çox Avropa və Asiya xalqlarının dillərinə tərcümə edilib. Yaradıcılığı boyu Alfred Tepfer Fondunun (Almaniya) “Puşkin” mükafatına, müstəqil “Antibuker”, “Bunin”, “Antologiya” mükafatlarına, “Şair” milli mükafatına, RF Hökümətinin mədəniyyət mükafatına, Şimali Osetiyanın K. L. Xetaqurov adına Dövlət mükafatına layiq görülüb. Moskvada yaşayır.

Tənqidçi, ədəbiyyatşünas Andrey Nemzer şair barəsində belə yazır: “Kibirov poeziyasının məğzi belədir ki, o gerçək reallıqda “əbədi nümunələri”, nəsnələri həmişə görə bilib. Vətəndaş hərc-mərcliyi, doğma ocağın, evin rahatlığı, sevgi və nifrət, yağış və yarpaq tökümü, dəb olan intellektual doktrinalar, səfeh kazarmalar, “ümumi şeylər” və uzaq ulduzlar, maliyyə problemləri, mütləqin cəzası, təbiət, tarix, Rusiya, Allahın yaratdıqları Kibirovla (onun vasitəsilə bizimlə də) eyni bir dildə — qıvraq, rahat, əsəbi, zərif, söyüşcül, nazlı, avazlı və natiqanə, qaranlıq və işıqlı, arifanə dərəcədə mənasız — olduqca dəqiq rus dilində danışırlar.