Aleksey İvanov

Aleksey Viktoroviç İvanov(1969) — nasir və ssenaristdir. “Böyük kitab” (2006), “Yasnaya Polyana” (2006), RF Hökuməti mükafatlarının (2017) və digər ödüllərin laureatıdır.
Qorki (Nijni Novqorod) şəhərində gəmi təmirçiləri ailəsində dünyaya gəlib, Permdə orta məktəbi bitirib. Ural Dövlət Universitetinin Jurnalistika və sənət tarixi fakültələrində ali təhsil alıb. Müəllim, qarovulçu və gid işləyib.
İlk kitabı olan “Parmanın qəlbi” (2003) adlı tarixi romanının çapından sonra tənqidçilər A. İvanovun özünəməxsus dilə və mövzuya malik fərqli, parlaq bir yazar olduğunu yekdilliklə etiraf ediblər. Onun “Qana bələnmiş yataqxana”, “Qlobusunu içkiyə satan coğrafiyaçı”, “Qiyam qızılı”, “Tutqun hava” və digər romanları oxucular arasında böyük rəğbət qazanıb. Bunlardan əlavə, o, Ural barədə kulturoloji araşdırma janrında bir sıra kitabların da (“Rusiyanın bel sütunu”, “Dağ-emal sivilizasiyası”, “Yoburq”, “Yabalar” və b.) müəllifidir.
A. İvanovun rus klassik nəsrinin ənənələri ilə kütləvi mədəniyyət ünsürlərini sintez edən yaradıcılığında realizm mistisizmə qarışır, hadisələrin dinamikası və kəskinliyi tez-tez insan portretləri və təbiət mənzərələriylə əvəzlənir.