Mixail Anişenko
1950-ci ildə Kuybışev (indiki Samara) şəhərində anadan olub. A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Frezerçi, çilingər, santexnik, qarovulçu, mer köməkçisi, jurnalist işləyib. İlk şeirlər kitabı 1979-cu ildə nəşr olunub. “Gözmuncuğu” (2008), “Kor yağışın nəğməsi” (2011) və başqa şeir kitablarının, romanların və U. Şekspirin həyatı barədə “Ucsuz-bucaqsız ulduz dənizi açıldı” adlı bioqrafik araşdırmanın müəllifidir. “Serebryannıy strelets” və “Sergey Mixalkov” mükafatlarının, “Xalq şairi” şəbəkə ədəbiyyatı ödülünün laureatıdır. Ömrünün son illərini Samara vilayətinin Şelexmet kəndində yaşayıb. Rusiya Yazıçılar Birliyinin üzvü olub. 2012-ci ildə vəfat edib.
Hər il Samarada şairin xatirəsinə həsr olunmuş Ümumrusiya Gənclik Ədəbiyyatı Festivalı keçirilir. Yevgeni Yevtuşenko şair barədə yazırdı: “O, özünün müdrik uşaq saflığı, tövbəkarlığı ilə dayaz adamların tüfeyli saydığı Sergey Yesenin, Nikolay Rubtsov və Veniçka Yerofeyev kimi kövrək və cəsur, vətənə, qadınlara və təbiətə nəvazişlə yanaşmağı bacaran adamların arasında təsadüfi şair deyil əlbəttə...”