Aleksey Purin

1955-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Leninqrad Texnologiya İnstitutunu bitirib. 1989-cu ildən “Zvezda” jurnalının (Sankt-Peterburq) poeziya şöbəsinə, 2002-ci ildən isə tənqid şöbəsinə rəhbərlik edib. Holland və alman şairlərinin əsərlərini rus dilinə tərcümə edib, səkkiz tərcümə kitabı çap olunub. “Avrasiya və digər şeirlər” (1995) “Arxaika” (1998), “Çarlar vadisi” (2010), “Poçt göyərçini” (2015), “Astralar” (2021) və b. iyirmidən çox şeir kitabının, dörd esse toplusunun müəllifidir. Şeirləri ingilis, holland, italyan, Litva, alman, polyak, rumın, Ukrayna, fransız və çex dillərinə tərcümə olunub. “Neva” və “Novıy mir” jurnallarının mükafatlarına, “Şərəf və Azadlıq”, “Severnaya Palmira” ədəbi ödüllərinə layiq görülüb. Sankt-Peterburqda yaşayır.

Purinin müasir rus poeziyasında xüsusi yeri var. O, böyük sələfləri tərəfindən işlənib hazırlanmış “poetik alətləri” yüksək məharətlə istifadə edən estet və üslubçudur. Yüksək ənənə özünü hər şeydə göstərir, lakin bütün səhnə sözün əsl mənasında yalnız hazırlıqlı oxucu gözü üçün özünü faş edir. İncə yarımtonlar, çalarlar, eyhamlar və illüziyalar anlamağın nəfis sevincini bəxş edir.