İqor Melamed

1961-ci ildə Ukraynada, Lvov şəhərində anadan olub. Çernovitski Universitetinin Filologiya fakültəsində və A. M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil alıb. “Yunost” jurnalının tənqid şöbəsində redaktor və Peredelkinodakı Boris Pasternak Muzeyində elmi işçi kimi fəaliyyət göstərib. Onurğası zədələndikdən sonra müstəqil hərəkət etmək qabiliyyətini itirib. Xəstəlik illərində aktiv blogerlik edib, saxta şair və tənqidçilərin “ədəbi maskalarını yırtıb”. “Yuxusuzluq” (1994), “Qara cənnətdə” (1998), “Əvəz” (2010) adlı şeir kitablarının müəllifidir. “Moskovskiy sçyot”, beynəlxalq “Voloşin” və “Qorki” ədəbiyyat mükafatlarına layiq görülüb. 2014-cü ildə vəfat edib. Ölümündən sonra üç cilddə şeir və esseləri, “Ədəbi maskalar” adlı yazıları nəşr olunub.

Ədəbiyyatşünas və tənqidçi Pavel Basinski onu belə xatırlayır: “İqor həyatımda rastlaşdığım ən maraqlı və qeyri-adi insan idi. Amma məhz şairə heç oxşamırdı. Onda mən şairləri başqa cür təsəvvür edirdim. O elə məhz şair idi. Nə qədər bayağı səslənsə də, o elə Tanrıdan gələn şair idi”.