Xəstəxanada

Sənin çoxdan nazilmiş bu xəstə damarın da
partlasaydı — görəsən indi hardaydın, ey can?
Palatanın ağappaq cəhənnəm girdabında
yaşayır ağrısını hər kəs öz qınındaca.

 De, vücuddan kədərli nə var axı dünyada,
de, ilahi, ağrıdan müqəddəs nə var axı?
Həddini çoxdan aşmış, aşıb keçmiş ağrıdan —
yorulub-üzülürsən, səni aparır yuxu.

 Pəncərədən baxırsan, daha yanmır ürəyin
o qara ağaclara. Qürbətdə ayaq izi
düşür qar üstə sanki... Cırıltısı xərəyin...
Ömürdən də uzunmuş xəstəxana dəhlizi.