Yuri Qaqarin
(kitabdan parça)
Qaqarin və gözəgörünməz nərdivan
Tomska sürgündən uğurla yayınan Qaqarin 27 oktyabr 1955-ci ildə Saratov şəhərinin Oktyabr rayon hərbi komissarlığı tərəfindən Sovet Ordusu sıralarına çağrıldı və K. Y. Voroşilov adına Birinci Çkalovsk Hərbi Aviasiya-Təyyarəçilər Məktəbində oxumağa göndərildi. Yəni o, hər şeyə rəğmən, həmin məktəbə daxil olmuşdu, yoxsa 21 yaşlı cavan oğlanı, sadəcə, texnikumu qurtardıqdan sonra orduya aparmışdılar? Böyük ehtimalla, daxil olmuşdu, hərçənd imtahansız; şəxsən təşəbbüs irəli sürdüyü və xidmətini zabit qismində davam etdirmək arzusunu dilə gətirdiyi üçün, xidmətkeçmə yerini özü seçə bilmişdi; prinsipcə, sözügedən məktəbdə oxumaq orduda xidmətə bərabər tutulurdu. Yaxşı, amma bir halda ki, artıq Saratov aeroklubundan təyyarəçi kimi çıxmışdı, nəyə görə ikinci dəfə təyyarəçilik dərsi almağa gedirdi? Ona görə ki, aeroklubda həvəskar təyyarəçilər hazırlanırdı, məktəbdə isə peşəkarlar.
Dolaşıqlıq bununla bitmir: deməli, Qaqarin Çkalovskdakı məktəbə daxil olub, amma Orenburqdakını bitirib. Bu necə olur? İş bundadır ki, Orenburq şəhəri 1938-1957-ci illərdə təyyarəçi Çkalovun adını daşıyıb, amma sonra müəmmalı səbəblər üzündən (bəlkə də, kiminsə ağlına gəlibmiş ki, şəhərə heç vaxt orada olmamış birinin adını vermək əcaib haldır) əvvəlki ad qaytarılıb; müvafiq şəkildə məktəbin də adı dəyişdirilib.
Orenburq uçuş bazasında iki yüzdən artıq usta təyyarəçi, Sovet İttifaqı Qəhrəmanları yetişiblər, o cümlədən, Çkalov (onda məktəb hələ Serpuxovda yerləşirdi; Serpuxovdan ona görə köçürüldü ki, Moskva ətrafına nisbətən, Orenburqda günəşli günlər daha çox olur, bu isə təyyarəçilikdə vacib amildir), Baxçıvançı, Polbin, Qrisevets, Yumaşov: bura sovet zabitləri hazırlayan elə bir tədris müəssisəsi idi ki, səma romantikasına can atan gəncin xəyalı da ola bilərdi, Pelevinin “Omon-Ra” romanında təsvir etdiyi kimi, kursantların* ayaqlarının məcburən amputasiya olunduğu Maresyev adına Qırımızı Bayraqlı Zaraysk Məktəbinin prototipi də.
“Hərbi məktəbin bizim gəldiyimiz binası Uralın sahilindəki yüksəklikdə yerləşirdi, ətrafdakı mənzərə ilə birlikdə gözişləməz bir genişliyə açılırdı...” Öndən baxanda (girişdəki fəvvarə ilə bərabər) son dərəcə təmtəraqlı görünən bu əzəmətli bina inqilabdan əvvəl Kadet Korpusu idi. Bu memarlıq əsərinə nəzər saldıqda, Qaqarinin iki il ərzində burada — Manej və şəhərin ən seçkin salonları arasında cərəyan edən — parlaq bir qvardiyaçı-gizir həyatı keçirdiyini təsəvvür etmək asandır. Gerçəkdə isə şəhərdə atdan çox dəvə vardı, zadəgan salonlarının yerini rəqs meydançaları almışdı, həm də kursantlar məktəbin binasında elə də çox vaxt keçirə bilmirdilər. Əslində “Sovet küçəsi 48”dəki bina ordu həyatının eləcə vitrini idi; kursantlar tədris müddətinin çoxunu xeyli bəsit şəraitə malik qarnizonda və yay düşərgələrində qalmaqla keçirirdilər. Qaqarinin komandirlərindən biri, “Yuri Alekseyeviç Qaqarinin yetişdirən mühitin, hərbi kollektivin o illərdəki həyat və fəaliyyət şəraitini xatırlarkən”, orada hər yeri milçək basdığı, həmçinin, düşərgəni yoxlamadan keçirən hansısa generalın öz boşqabında həşərat tapdığı barədə dilxorçu epizoda memuarlarında bir neçə geniş abzas həsr edib: “İş orasındadır ki, bizim yeməkxana böyük peyin yığınına yaxın idi və milçəklər bizi təngə gətirirdi. Tibb işçisi M. Pavlyuk milçəklərə qarşı qətiyyətlə mübarizə aparırdı, gecələr masaların üstünə milçək dərmanı səpir, süfrəçilər masalardan topa-topa milçək ölüsü süpürürdülər, amma axşamüstü yenə də yeməkxanada onların üzündən göz gözü görmürdü”.
1955-ci ilin oktyabrından 1956-cı ilin 8 yanvarına (andiçmə tarixinə) qədər Qaqarin gənc döyüşçü kursu keçib, yəni şəxsi heyətə əsgər kimi daxil edilib ki, sıra hazırlığının əsasları ilə tanış olsun, atış vərdişlərinə yiyələnsin, nizamnaməni öyrənsin: qısacası, yeni gələnlərə bunları öyrətməklə ordu həyatının zövqünü dadızdırırdılar. Oxucu həmin aylar barədə daha canlı təsəvvür əldə edə bilsin deyə, bizə məlum olan iki qaynaqdan sitat gətiririk.
Birincisi Qaqarinin və xidmət yoldaşının Saratovdakı uçuş təlimatçısına yazdıqları məktubdur: “Tolyanla vəziyyətimiz qaydasındadır. Dərslər pis getmir. Eyni sinif bölümündə dərsə girir, bir-birimizdən iki-üç çarpayı aralıda yatırıq. Günlük məzuniyyətə hələ çıxmamışıq. Andiçməmiz də olmayıb, ancaq zənnimizcə, tezliklə olar. Bütün günü dərslərlə məşğuluq. Burada yaxşı müəllimlər var, amma sərtdirlər, elə komandirlər də. Tez-tez “iynələyirlər”. Zauralsk ormanında məşğələlər keçirik. Burada tez-tez şaxta olur. Məsələn, bu gün 29 dərəcə şaxta var. Həm də şiddətli küləklər əsir. Ancaq öyrəşirik. Əsgər həyatına alışırıq. Bu bizə çox da çətin gəlmir... Amma tez-tez — burada deyildiyi kimi — “sükanı hərləməli”, yəni döşəmə silməlisən... Boş vaxtlarımızı yaxşı keçiririk. Klubda, həftədə iki dəfə, kinoya baxırıq. Bundan başqa, hər həftə klubda rəqs gecələri olur. Rəqsə şəhərli qızlar çox gəlirlər. Tolyanla o ki var rəqs edirik...”
Qəribədir ki, rəqs meydançası məktəbin ərazisində imiş və qızlar kursantlarla tanış olmağa özləri gəlirmişlər, heç günlük məzuniyyət almağa da ehtiyac qalmırmış.
İkincisi, A. Dixtyardan öyrəndiyimiz məzəli əhvalatdır:
“1955-ci ilin oktyabrında Qaqarin, təyyarəçilik məktəbinin 1-ci kursuna qəbul edildi. Yaraşıqlı bir kapitan — əllərinə keçəni geyinib düzülmüş — yeni gələnlərin cərgəsinə təbəssümlə nəzər saldı.
— Elə bilirsiniz, kursantsınız artıq? Yanılırsınız! Kursant insandır, bəs siz?.. Heç insanabənzərlərə də oxşamırsınız hələ. Üstünüzdəki mülkidənqalma tozu çırpaq, bax onda diaqnoz qoyarıq — hansınız uçacaq, hansınız iməkləyəcək. Kəsəsi, mənim qıllı “pencəklər”im** anlara: cəld, növbəli qaydada: bərr-bəə-rəə!!
Qəşəngcə dikəlmiş tellərini ən birinci itirən isə Qaqarinin adaşı — Yuri Derqunov oldu. Bir-iki dəqiqə sonra Derqunov güzgüdə özünün tanınmaz hala gəlmiş, pələqulaq əksini gördü. Və başladı oxumağa:
— Əcaib sualdır bu:
Saçım niyə yox oldu?..
Qafiyəni göydə tutan Qaqarin, əlini dibdən qırxılmış başında gəzdirdi:
— Qoy səni hər diversant
Dərhal tanısın, kursant!”
Sonra, andiçmənin ardından, qırxıqbaş əsgər kursant-mütəxəssis olaraq müvafiq bölmənin (ekipaj, qrup, eskadrilya) üzvünə çevrilirdi; uçuşun nəzəri, tarixi və taktiki (həm də yalnız Sovet silahlı qüvvələrinin yox, ehtimali düşmənlərin — ABŞ, Böyük Britaniya, Fransa ordularının da taktikasının) əsaslarını, radiomübadiləni (gündə 30 dəqiqəlik, Morzi əlifbası ilə qəbul və ötürmə məşqlərilə) öyrənirdi. Kursantlara xarici hərbi təyyarələri qaraltısından da tanımaq, həm də təkcə markalarını deyil, “taktiki-texniki xüsusiyyətlərini, zəif və güclü tərəflərini, yerləşdikləri aviabazaları, həmin aviabazalarda nə kimi hava hücümündan müdafiə vasitələri olduğunu və sair” müəyyənləşdirməyin incəliklərini aşılayırdılar. Sonra təyyarəçiliyə təməlli hazırlıq başlanırdı: qaz dinamikasının əsasları, təyyarənin hissələri, mühərrikin quruluşu, qalxıb uçmaq, uçub enmək, ikili uçuşlar, müşayiətlə uçuşlar, sınaq uçuşları, marşrutlu uçuşlar, sıra halında uçuşlar, akrobatik uçuşlar; nəticələr uçuş kitabçasına yazılır, bu qeydlər əsasında hərbi təyyarəçilik dərəcəsi verilirdi.
Kifayət qədər yetkin, 21 yaşlı, peşə məktəbi və texnikum bitirmiş, nisbətən “qocafəndi”, görüb-götürmüş, kurs yoldaşlarının hörmətini qazanmış Qaqarinə — elə məktəbə daxil olan kimi — serjant*** rütbəsi verərək onu vzvod**** komandirinin köməkçisi təyin edirlər. Rəisləri Qaqarinin bioqrafiyasına dəyər verir və ona gələcəyin komandiri kimi baxırdılar. O, öz ekipajının (8 nəfər) başı olur. Ancaq məqam gəlir ki, rəislərin xoş münasibəti onun əleyhinə çevrilir.
Bu məktəbdəki ikinci ilini Qaqarin daha Orenburqun özündə yox, vilayət mərkəzindən 18, “Mübadilə meydanı” stansiyasından 9 kilometr aralı, Vetelki dəmiryol qovşağına yaxın qarnizonda keçirir. O buraya 1956-cı ilin oktyabrının sonlarında gəlmişdi. Bura həm kursantların, həm də müddətli əsgərlərin xidmət etdikləri təlim polku***** idi. Qışda kazarmalarda (ikimərtəbəli binaların birinci mərtəbəsi altlı-üstlü əsgər çarpayıları düzülmüş kazarma, ikinci mərtəbəsi isə adi çarpayılar olan kursant yataqxanası idi; qışda çoxlu qar yağır, o qədər qalaqlanırdı, kursantlar elə ikinci mərtəbədəki pəncərədəncə qar yığınının üstünə adlayır, birtəhər sürüşüb düşürdülər), yayda isə düşərgədəki altımetrlik çadırlarda qalırdılar.
Birinci tədris ilində kursantlar Qaqarinə hələ Saratov aeroklubundan tanış olan “Yak-18”lə (doğrudur, bu, modifikasiya olunmuş versiya idi: quyruqdakı yox, burun tərəfdəki təkərin üstünə endirildiyi üçün qısaboy pilotun enməyə nəzarət etməsi asanlaşır, təyyarə özü isə keçi kimi dingildəmirdi) uçuş təlimi alırdılarsa, ikinci il ondan cəld, yüngül, manevr imkanları geniş olan, rahat idarə edilən reaktiv təyyarəyə — “MiQ-15”ə keçirdilər. “MiQ”lər akrobatik uçuş nömrələrini yerinə yetirmək üçün daha əlverişli olsa da, öyrəşilməsi xeyli risk tələb edən yeni bir texnika idi. Taleyin amansız kinayəsinə bax ki, Qaqarin 11 il sonra məhz bu “MiQ”lərdən birində həlak olacaqdı; 1960-cı illər üçün bu, son dərəcə inanılmaz olay idi artıq. O zaman isə hələ “MiQ-15”lərin quruluşunda aradan qaldırılmalı bir çox qüsur vardı (xüsusən də bəzən heç nədən “burğu” vəziyyətinə düşürdü, yəni öz oxu ətrafında uzununa fırlanaraq alçalmağa başlayır, bu vəziyyətdən çıxması isə çox çətin olurdu) və “MiQ”də həlak olan pilotların qalıqlarının yığıldığı kisələrin üstünə çilənən “Şipr” odekolonunun qoxusu 1950-lərin təyyarəçilərindən çoxunun yaddaşına həkk olunmuşdu.
Müəllimi Akbulatovun söylədiyi olduqca geniş — və dolaşıq: çünki belə təəssürat yaranır, təkcə Qaqarini öyrədən təlimatçılardan bütöv bir eskadrilya düzəltmək olarmış — hekayətə görə, “MiQ-15” Qaqarinin qanını çox qaraldıb. Ekipajdakı xidmət yoldaşları artıq çoxdan müstəqil uçduqları halda, o elə müşayiətli uçuş proqramında qalıbmış. Qaqarin uçuş texnikasında hər dəfə eyni səhvə yol verir, enmə profilini nizamlamağa çox yüksəkdən başlayırmış: “Qaqarini İvan Mixeyeviç Polşkov sınaqdan keçirir və sonrakı müstəqil uçuşlardan kənarlaşdırır. Buraxmır onu. Əlbəttə, belə bir zərbə təlimatçılara çox ağır təsir edir, xüsusən də Anatoli Qriqoryeviç Kolosov kimi cavana. Qaqarin özü də görəndə ki, onu buraxmırlar (deməli, hələ kəm-kəsiri çoxdur), çiyinlərini sallayıb dinməz-söyləməz, bir növ, əzilmiş kimi dolaşır. Sözsüz, bu, heç xoş hal deyil. Qaqarini dəfələrlə sınağa buraxmışdılar, hər dəfə də “kafi” qiymət almışdı. Müstəqil uçmaq üçünsə yağlı “beş”in, ya da “dörd”ün olmalı idi. Yuri Qaqarinə görə çox çalışdılar. İvan Mixeyeviç məktubunda bax belə yazır: “Əvvəldən bu cür bildirilmişdi ki, Yuri Qaqarinin nəzəri qaydaları yalnız “beş”ə oxumuşdu, “MiQ-15Bis”də uçmağa gəldikdə isə ciddi çətinlikləri vardı. Müstəqil uçuşa buraxılması üçün mən onunla üç dəfə birgə uçmalı oldum. Hər üçündə də hazırlıqsız hesab edib, buraxılışına icazə vermədim. Uçuşlarda zəif nəticə göstərməsinin bir səbəbi də enmə məqamında Yurinin yerədək olan məsafəni müəyyən etməsini əngəlləyən qısa — 1 metr 62 santimetrlik boyu idi. Onun bacarıqları ilə bağlı digər səbəblər də vardı. Uçuşlarının keyfiyyəti və buraxılışdan sonra müstəqil uça bilmək ehtimalı orta səviyyədə idi. Onun məktəbdən xaric edilməsi məsələsi qaldırılmışdı. Buna dair material da hazırlanmışdı. Amma təlimatçı Kolosov səhra aerodromundan uçub gələrək, məndən Qaqarinin təlimə davam etməsini istədi, üstəlik, Qaqarin özü də, ağlamsınaraq, uçmasına icazə verməyimi xahiş etdiyi üçün onu məktəbdə saxladıq”.
Mən bu yazılanlara bir az aydınlıq gətirim. İş ondadır ki, Yuri Qaqarin uçuşlarda çətinlik çəkirdi: həm təlimdə, həm də Kolosovla birgə döyüş təyyarəsində. Ən qorxulusu da enmədəki yüksək profil məqamı idi. Enmə isə təyyarəşi üçün əsas cəhətdir. Bax burada İvan Mixeyiç yazır ki, bunun səbəbi Yurinin gödəkliyidir. Ancaq sizə deyim, bilin ki, heç də belə deyil. Mən Yuri Qaqarindən hələ iki-üç santimetr də gödək olaram, amma bəlli bir təcrübəm var, yaxşı və əla səviyyədə uçuşlarım, xüsusən də enmələrim olub. Burada məsələ başqadır. Qaqarin təlim təyyarələrində, digər kursantlara nisbətən, iki dəfə az uçmuşdu. Odur ki, təcrübəsi az idi, uçuşda, xüsusən də qalxma, hesablama və enmə kimi əsas elementlərdə. Uzun müddət uçduqca, təcrübə, vərdiş qazandıqca bunlar da qaydaya düşür. Digər tərəfdən, İvan Mixeyiç vurğulayır ki, Yurini üç dəfə sınaqdan keçirdib və onun məktəbdən xaric edilməsi barədə material təqdim olunub. Mən bu yaxınlarda Orenburqda olarkən polk komandiri və polk komandirinin keçmiş müavini ilə söhbətləşdim. Və indi bütün öyrəndiklərimi ümumiləşdirə bilərəm...
Qaqarin, ayyarımdan artıqdır, srtarta yollanır və hər dəfə də müstəqil uçmaq istəyir. Çox böyük həvəsi var, amma alınmır. Kolosov da bu işin üstünə düşür. O arada qrup komandiri yox imiş. Qrup komandiri vəzifəsini müvəqqəti icra edən mayor Pikulev də öz ekipajı ilə uçurmuş. Bu halda Kolosov, demək olar, başlı-başına qalıbmış. Mayor Belikov Qaqarinin o birilərdən geri qaldığını, başqaları müstəqil uçduqları halda, onun hələ də uça bilmədiyini görəndə Kolosova əmr edir ki, uçma proqramının öhdəsindən gələ bilməyən Qaqarinin, “uçuş yarıtmazlığı” səbəbi ilə, təlim prosesindən kənarlaşdırılması barədə təqdimat yazsın. Kolosov təqdimatı yazıb Belikova təqdim edir, o da imzalayaraq polk komandirinə ötürür. Polk komandiri, adəti üzrə, yubadır, çünki komandırdir, işi çoxdur, vaxtı yoxdur, odur ki, həmin sənədin imzalanması ləngiyir. Qaqarin isə uçuşlardan kənarlaşdırılıb artıq, bir halda ki, xaric edilməsinə dair təqdimat yazılıb, vəssalam. Və əlbəttə ki, ortalığa ağır, bərbad vəziyyətdə çıxırdı: nə başını qaldırır, nə baxışlarını yerdən ayırırdı. O, məktəbdə saxlanılması xahişi ilə təlimatçı Kolosova da, Belikova da üz tutur: “Mən istəyirəm... Təyyarəçi olmalıyam mən...” Amma təqdimat artıq göndərilib.
Kolosov təyyarəsini əsas aerodroma endirəndə orada polk komandiri ilə rastlaşır və İvan Mixeyiç Polşkovdan xahiş edir ki, həmin sənədi imzalamasın, Qaqarinə təhsilini davam etdirmək imkanı versin: o cavanın təyyarəçi olmağa çox böyük həvəsi var. Məsələni belə qoymuşdu ki, onun təyyarəçi olmasına var qüvvəmizlə kömək edək. Onda Polşkov razılaşmış, ona əlavə bir neçə uçuş da vermişdi ki, Qaqarinlə uçub onu öyrətməyə davam etsin. Üstəlik, müavini Qriqori Konstantinoviç Serkovu da dəvət etmişdi ki, leytenant Kolosova köməklik göstərsin, ekipajda işlər yoluna düşsün, geri qalmış kursant Qaqarin müstəqil uçuşa çıxa bilsin. Və podpolkovnik****** Serkov Kolosovla bərabər bu işə girişmişdi. O özü bir neçə gün Qaqarinlə birgə dövrələmə uçmuş, ikili sınaq uçuşlarında, əsasən də enmələrdə dəfələrlə “elə yox, belə yox” deyə ona iradlarını bildirmişdi. Qaqarin səhvlərini görüb aradan qaldırır, sonra da enmələri qaydasınca icra edirdi. Müstəqil uçmağı bərk arzulayırdı, təyyarəçilərin ilk dəfə belə uçandan sonra hamını, “uçuş papirosları”na qonaq etmələri ənənəsindən də xəbərdar idi. Planşetinə bundan ötrü altı qutu papiros qoysa da, həmin müddətdə onların hamısı korlanmışdı. Əlbəttə, oğlanın əhval-ruhiyyəsi son dərəcə aşağı idi. Ancaq Qaqarinlə — bir yox, iki-üç gün — ikilikdə uçduqdan, Yurinin öz səhvlərini görə və aradan qaldıra bildiyinə, enməni qaydasınca icra etdiyinə əmin olduqdan sonra podpolkovnik Serkov onu müstəqil uçuşa buraxmağı qərar alır. Əvvəlcədən danışmışdılar onunla: “Səhvini görürsən?” — “Görürəm”. “Bax indi mən səninlə birgə uçuram, hər şey sənlikdir, görsən ki, təyyarə qaydasınca uçmur, özün yoluna qoyursan, enməni də yerbəyer icra edirsən”. Belə də alınmışdı. Bundan sonra Serkov deyir: “Görürsənmi döyüş təyyarəsini, otur, özün müstəqil uç”. Qaqarin sevincək həmin təyyarəyə doğru yüyürəndə Serkov onu qaytarır: “Yox, otur hələ, dincini al. Həm də döyüş təyyarəsinin yanına gedəndə tələsmə. Yüyürmək lazım deyil, əsəblərin onsuz da gərgindir, həyəcanlısan, qaçacaqsan, nəbzin lap 200-ü vuracaq. Hər işi qaydasınca görmək lazımdır”. Bunun ardından Serkov onu təyyarənin yanına yollamışdı. Qaqarin təyyarəni texniki işçidən təhvil alır, kabinəyə keçib əyləşir. Serkovla leytenant Kolosov gəlib onun necə oturduğuna, təyyarəni düzgün işə salmasına nəzarət edirlər. Və Qaqarinin sorğusu: “Mən 210-cuyam, tərpənim?” Belikov cavab verir: “Tərpən, 210-cu”. Heç bilmir ki, Qaqarini müstəqil uçuşa buraxır. Qaqarin mühərriki işə salıb 210-cunu döndərəndə, Belikov Serkovdan xəbər alır: “Bu nədir, 210-cunu buraxırsınız?” — “Hə, qoy uçsun, hər şey qaydasındadır”. 210-cu hərlənib havaya qalxır. Çox yaxşı yüksəlir, marşrut cızır, enişə keçir, yerə yaxınlaşır, azacıq yüksək profildədir, bu fərqi də nizamlayır və enməni düzgün icra edir. İlk uçuşu alınır, yəni müstəqil uça bilir. Müstəqil uçursa, demək, təyyarəçidir artıq”.
Qaqarinin özünün xatırladığına görə, hava döyüşü üzrə təlimatçı olan Akbulatov ona oturacağının üstünə xırdaca yastıq qoymağa icazə veribmiş ki, yerində dikəlmədən önünü daha ətraflı görə bilsin. O xırda yastığın gerçəkdə nə qədər faydalı olduğunu söyləmək çətindir: hər halda, boylarından asılı olmayaraq, həmin “yüksək profil” üzündən çox kursant “yanıb”, güzəşt görmədən məktəbdən xaric edilib. Qaqarininki gətirib.
Başqa bir yöndə Qaqarinin bəxti daha çox gətirmişdi: hansı səbəbdənsə (bəlkə də, yuxarı kursdan bir çox kursant yarıtmazlığa, intizamsızlığa və sağlamlıq durumuna görə məktəbdən qovulduğu üçün; yaxud, ola bilsin, artıq onda Xruşşov bu qənaətə gəlməkdəymiş ki, raket qoşunları olan yerdə, aviasiyanın müasir müharibədəki rolu azalmağa başlayır və kursantlara bir il artıq dərs keçməkdənsə, raket istehsalına pul xərcləmək yaxşıdır) məktəb komandanlığı “vaxtından qabaq əlavə təyyarəçilər eskadrilyası buraxmaq” barədə tapşırıq alır, hər halda, onu — uçuş bacarığı olan və aeroklubdan təyyarəçilik şəhadətnaməsi almış üç kursantdan birini — vaxtından qabaq ikinci kursdan üçüncüyə, yəni buraxılış kursuna keçirirlər.
Bu, sözsüz, onun xeyrinə idi: tam bir il irəli düşmüşdü, kazarma həyatı qısalmış, zabit rütbəsi alıb karyera qurmaq, pul qazanmaq imkanı əldə etmişdi; ən əsası, məhz vaxtından qabaq məzun olması sayəsində Qaqarin, məqamı gələndə, kosmonavt seçimi proqramında yer ala bilmişdi. Bu bəxtigətirmənin tərs tərəfində isə yeni kurs yoldaşlarına çatmaq vardı ki, nəzəriyyə məsələsində bunu əzmkarlıq hesabına həll etmək olardı, amma uçuş praktikasında tez irəliləmək xeyli çətin idi. Bundan əlavə, “qocalar”ın arasına “südəmər” kimi düşmək də psixoloji baxımdan rahatlıq vəd etmirdi.
Qaqarinin kursant həyatının heç də özünün “Kosmosa gedən yol”da yazdığı kimi rahat keçmədiyini elə Lidiya Obuxovanın kitabındakı eyhamlardan da anlamaq mümkündür. “Altlı-üstlü çarpayılar düzülmüş uzun kazarmada — onların yeni evində — müəyyən sərt qaydalar qoyulmuşdu. Amma Çkalovsk Hərbi Aviasiya-Təyyarəçilər Məktəbi (ÇHATM) rəisinin təsdiqlədiyi gündəlik rejimdən əlavə, yeni gələnlərlə “qocalar” arasındakı qəliz münasibətlər aləminin qurulub-nizamlanması və qorunub-saxlanılması da qaçılmaz idi. Üstünlərin və hegemonların gözəgörünməz nərdivanında özünəvurğunluq oyunları bəzən amansız formalar alırdı...
Gecənin səssizliyində yalın ayaqların ehmal şappıltısı, kibrit qutusuna sürtülən çöpün xışıltısı eşidildi. Bursakların******* əski-qədim hoqqaları xortladı, yatan adamın — yenicə vzvod komandirinin köməkçisi təyin edilmiş Qaqarinin yalın pəncələrinin dibində od vurulan kağız topası alışdı. Amansız əyləncə elə başdanca pozuldu. Gecə hoqqabazları bu ildırımsürətli reaksiyanı hesaba qatmamışdılar. Qəzet topası od almış göyərçin kimi üstdəki yataqda təzəcə pərvazlananda Qaqarin yerindən sıçrayıb hər iki ayağını döşəməyə basmışdı. Səssiz süpürləşmə başlandı. Yura Qundarev — vzvod komandirinin yeni gələnlərdən olan ikinci köməkçisi — bir neçə saniyə sonra yuxudan dik atılaraq, cantaraq balıq kimi, cəld və sərrast sıçrayışla bu gecə vurhavurunun ortasına tullandı.
“Oğlum haqqında sözüm”ün Anna Timofeyevna Qaqarina ilə həmmüəllifi olmuş Tatyana Kopılovanın bir neçə onillik sonra çap etdirdiyi mətn bundan çox-çox açıq məzmunda idi. “1984-cü ildə Orenburqdan məni və Anna Timofeyevnanı çox maraqlandıran bir məktub gəldi. Məktub Çkalovsk Təyyarəçilik Məktəbinin nəzdindəki döyüş tətbiqli reaktiv qırıcılar polkunun keçmiş komandiri, istefada olan polkovnik İvan Mixeyeviç Polşkovdan idi. Gələcəyin hərbi təyyarəçiləri buraxılış ərəfəsində son təcrübəni bu polkda keçirdilər. İvan Mixeyeviç yazırdı ki, onda indiyədək heç yerdə dərc edilməyən, yada belə düşməyən bir sənəd var. Biz görüşdükdə o, saralmış vərəqləri mənə doğru sürüşdürdü. Tarix — “4 mart 1957-ci il”, qalın şriftlərlə fərqləndirilmiş soyadlar və bir ifadə diqqətimi çəkdi: “1-ci ÇHATM-in kursantları Buşnev İ. L., Şpanko B. Q., Oşurkov E. N. barəsində, vzvod komandirinin köməkçisi serjant Qaqarini xidməti tələbkarlığına görə döymələri ilə əlaqədar Cənubi Ural Hərbi Dairəsinin 28 fevral 1957-ci il tarixli hökmü elan edilir... Müttəhim Buşnev vzvod komandirinin köməkçisi serjant Qaqarinin xidməti tələbkarlığından narazı olduğu üçün müttəhimlər Şpanko və Oşurkovu Qaqarini döyməyə sövq etmiş və onlar da buna razılıq vermişlər. Bu niyyəti — Şpankonun fəal iştirakı ilə — həyata keçirmək üçün 1957-ci ilin 30 yanvarına keçən gecə, yatmaq əmri verildikdən sonra bütün şəxsi heyət, o cümlədən Qaqarin yuxuda ikən Oşurkov və digər kursantlar Qaqarinin üstünə cumaraq onu döyməyə başlamışlar; bu zaman tanınmamaq üçün Şpanko və Oşurkov başlarına dəsmal örtmüş, Buşnev isə həmin vaxt, komandanlıqdan kimsə gəldiyi halda, Qaqarinin döyülməsinin icraçılarını xəbərdar etmək məqsədilə kazarmanın girişində durmuşdur. Buşnev, Şpanko və Oşurkovun cinayətkar əməlləri nəticəsində serjant Qaqarin döyülmüşdür”.
Hiyləyə əl ataraq başlarına dəsmal örtsələr də (Şpanko ilə Oşurkovun o məqamda kimə oxşadıqlarını düşünmək adamın canına qorxu salır), bədniyyətləri ifşa etmək mümkün olmuşdu; nazlarıyla oynamayıb, onları məhkəməyə vermişdilər. “Məhkəmə iclasında müttəhimlər qeyd olunan cinayətkar əməllərdə özlərini təqsirli bilərək ətraflı ifadə verdilər... Hərbi Tribunal qeyd edilənlər əsasında Buşnevi, Şpankonu və Oşurkovu bir qrup şəxsi hərbi xidmətin tələblərini pozmağa sövq etməkdə, yəni RSFSR******** Cinayət Məcəlləsinin 193-4 maddəsinin “b” bəndi üzrə tövsif olunan cinayət əməlində təqsirli bilmişdir”... Bunun ardınca hökmdə cəza tədbirləri göstərilir: Buşnev və Şpanko cəzalarını islah-əmək düşərgəsində çəkməklə 3 il, Oşurkov isə intizam batalyonunda********* cəza çəkməklə 2 il müddətinə, hər üçünün hüquqları qorunub-saxlanmaqla, azadlıqdan məhrum edilsin...
Sonra İvan Mixeyeviç 1957-ci ildəki bu hadisələrə aydınlıq gətirdi. Deməli, vzvod komandirinin öhdəsinə daxili intizamı — yataqdan qalxmanı, səhər idmanını, məşğələlərə davamiyyəti təmin etmək kimi xoşagəlməz bir vəzifə düşürdü. Qaqarin həmişə bu vəzifəni özü üçün də, başqaları üçün də ayrıcalıq tanımadan yerinə yetirirdi. Onun tələbkarlığı üç yoldaşının xoşuna gəlməyibmiş. Ən çox da səhər idmanı üçün yataqdan erkən qaldırılmaq onları cırnadırmış. Odur ki, serjanta xəbərdarlıq etmişdilər: əmrinə tabe olmayacağıq. Amma o da qətiyyətlə cavab vermişdi: “Kazarmada nizam-intizama hər kəs riayət edəcək”. Üçlük bir də hədə-qorxu gəlmişdi. Vzvod komandirinin köməkçisi israr etmişdi: “Heç bir ayrıcalıq ola bilməz!” Onda hədəni əmələ çevirmişdilər. Qaqarin amansızcasına, huşunu itirənədək döyülmüşdü və bir neçə günlüyə hospitala göndəridi. Qalan kursantlar təkid etdilər ki, xuliqanlar komandanlığın əmrinə yollansın. Tribunalın iclası bir ay sonra oldu. O vaxtacan Qaqarin artıq sağalmışdı və əvvəlki kimi komandir köməkçisi vəzifəsini yerinə yetirməkdə idi”.
Əhvalatın bir qədər fərqli — böyük ehtimalla, “idman məşğələsinə erkən qaldırma” üstündə davaya nisbətən, daha gerçəyəyaxın — versiyasını isə Qaqarinin kurs yoldaşlarından biri danışıb: “Qaqarin xidmətpərəst idi... O, eskadrilyanın starşinası********** olduğu üçün kursantların bütün xətaları, hətta kiminsə günlük məzuniyyətdən gec qayıtması barədə də komandanlığa məruzə etməliydi. Başa düşürsünüz də, cavan adamdırlar, qızdan ayrıla bilmirlər deyə gecikirlər. Qaqarin isə onlar barədə məruzə edirdi. Bir dəfə uşaqlar “xəlvətə salıb” Qaqarinə çatdırdılar ki, bu cür olmaz”.
Qaqarinin “hamıdan artıq can qoyanlar”dan olduğunu müəllimlərindən biri — İ. Skutin də xatırlayır: onun sözlərinə görə, ayıq-sayıq Qaqarin bir dəfə Sovet İttifaqı Kommunist Partiyasının tarixinə dair imtahandan kəsilən kurs yoldaşını belə danlamışdı: “Necə yəni, sən Sovet Ordusunun təyyarəçi-zabiti yox, hava yollarında yükdaşıyan olmaq fikrindəsən?”
“Xəlvətə salmaq” əhvalatını 1957-ci ildə Qaqarinin xidmət etdiyi aviasiya polkunda baş mühəndisin müavini olmuş V. S. Kislov da bu kitabın müəllifinə müsahibəsində şəxsən təsdiqləmişdi.
Amma həmin əhvalat Qaqarinin orduda xidmət həvəsini öldürməmişdi; ordu müxtəlif cəhətlərinə görə Qaqarinin xarakterinə uyğun bir struktur idi və ömrünün sonunadək də onun tərkibində qaldı. “Mən ordunu uşaq vaxtımdan sevmişəm”. “Kosmosa gedən yol”da mülki adamı mat-məəttəl qoyan bir neçə abzas var, orada Qaqarin döyüş robotunu xatırladır.
“Ayaq sarığına və uzunboğaz çəkmələrə, şinelə və gimnastyorkaya alışmağa ehtiyacım yox idi. Kazarma həmişə təmiz, işıqlı, isti və qəşəng olurdu, hər şey — su çəlləklərindən oturacaqlara qədər — bərq vururdu.
Vzvoddakı ailəsayağı rahatlıq da, düzülüş də, intizam da, “farağat” vəziyyətində məruzə etmək də, əsgər nəğmələri də, qəfil “Qal-xın!” hayqıran növbətçinin ləngərli səsi də ürəyimcə idi və mən də əsgər oldum.
Fiziki hazırlıq məşqləri, soyuq suyla yuyunmaq, yatağını yığmaq, səhər yeməyi üçün kazarmadan çıxıb yeməkxanaya yollanmaq... Orduda xidmətim ərzində mən bir dəfə də töhmət almadım, daxili intizama ciddi riayət etdim. Sevinirdim ki, hərbi hissədə hər şey cədvəl üzrədir, hamısının öz vaxtı var: işin də, yeməyin də, dincəlməyin də, yatmağın da. Bunların hər gün təkrarlanması məni zərrəcən də bezdirmirdi. Orduda mən nizamnamə üzrə yaşamağı və oxumağı öyrəndim. Nizamnamə həyatla, təhsillə, xidmətlə bağlı bütün suallara cavab verirdi, xidmət etməyin, hərb sənətini öyrənməyin, silahla, hərbi texnika ilə davranmağın, siyasi hazırlığını günbəgün artırmağın yollarını aydın göstərirdi. Bir dəqiqə boş vaxt tapan kimi nizamnaməyə göz atırdım. O məndən ötrü həyatın qanununa çevrilmişdi”.
*Hərbi məktəb müdavimləri. Mətnə xas koloriti qorumaq üçün Sovet hərbi sisteminə aid xüsusi anlayışları ifadə edən bəzi kəlmələr, izahı verilməklə, orijinaldakı kimi saxlanılıb. — Tərc.
**Peşəkar hərbçilərin orduya mülki həyatdan yeni çağırılmışlara ənənəvi kinayəli müraciət formasıdır. — Tərc.
*** Çavuş. — Tərc.
**** Taqım. — Tərc.
***** Alay. — Tərc.
****** Polkovnik-leytenant. — Tərc.
******* Keçmişdə işlənən, hərbi məktəb müdavimləri anlamı verən kinayəli jarqondur. — Tərc.
********Rusiya Federasiyasının Sovet dövründəki adının abbreviaturu. — Tərc.
********* Tabor. — Tərc
**********Sovet ordusunun kiçik komandir heyətində ən yuxarı rütbə. — Tərc