Vasili Belov

Vasili İvanoviç Belov (1932—2012) — nasir və publisist kimi şöhrət tapıb. SSRİ və RF Dövlət mükafatlarına (1981, 2003) və bir sıra digər ödüllərə layiq görülüb.
Voloqda vilayəti Xarkov rayonunun Timonixa kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra xarrat, motorçu və elektrik montyoru peşələri üzrə çalışıb. Əvvəlcə zavodda, sonra rayon qəzetində işləyib. M. Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. Voloqda şəhərində yaşayıb.
“Kənd nəsri” ədəbi cərəyanının əsas lider və ideoloqlarından biri olmaqla, rus şimalının məişətini həm araşdırıb, həm də tərənnüm edib. “Adi məsələ” və “Xarrat hekayətləri” adlı povestləri qısa müddətdə ona görünməmiş şöhrət qazandırıb. Şimali Rusiyanın tədqiqiylə bağlı “Lad. Xalq estetikası barədə oçerklər” və “Şimali Rusiyanın gündəlik həyatı” adlı araşdırmaları yüksək qiymətləndirilib. Özünün “Ərəfə”, “Nəhəng dönüş ili” və “Altıncı saat” romanlarında XX yüzildə rus kəndlilərinin başına açılan müsibətlərdən söz açıb. Rus dilinin qorunması və ilkin mənbəyinə dönməsinin tərəfdarı olub.