Sergey Kruqlov
1966-cı ildə Krasnoyarskda anadan olub. Krasnoyarsk Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. 1999-cu ildən keşiş kimi, öncə Minusinskdəki Spasski Kafedralında, daha sonra Moskvada kilsədə xidmət edib. “Radio Kultura”da müasir rus poeziyası haqqında həftəlik yayımlanan “Poeziya. Sözlərin hərəkəti” proqramının aparıcısı olub. Onlayn fəaliyyət göstərən bir sıra pravoslav nəşrləri üçün köşə yazıları yazıb. “İlanın çarmıxdan çıxarılması” (2003), “Güzgü” (2007), “Qurban” (2008), “Köçürücü” (2008), “Xalq mahnıları” (2010), “Lazarev baharı” (2010), “Lirika” (2022), “Kraliça Şənbə” (2016) də daxil olmaqla on üç şeir kitabının müəllifidir. Hazırda nəsr yazır. Şeirləri bir sıra Avropa və Asiya xalqlarının dillərinə, o cümlədən ingilis, ərəb, italyan, ispan və Çin dilinə tərcümə olunub. “Antologiya” poeziya mükafatının laureatıdır. Minusinskdə yaşayır.
Ədəbiyyatşünas və tənqidçi Boris Dubin qeydlərində onun barəsində belə yazır: “S. Kruqlov, adətən, “kiçik”lərin dilindən danışır, bu da ənənəvi iyerarxiyada ən zəif, əhəmiyyətsiz olanı diriltmək deməkdir. Onun nöqteyi-nəzəri adi baxış səviyyəsindən aşağı, hətta çox aşağıdır, buna görə də ətrafdakılara belə geniş gözlə baxmaq, təxminləri belə sezmək qabiliyyətinə malikdir”.