Sergey Lukyanenko

Sergey Vasilyeviç Lukyanenko (1968) — fantast yazıçıdır. “Aelita”, “EuroCon”, “Aleksandr Qrin” və başqa mükafatların laureatıdır.
Qazaxıstanın Qaratau şəhərində həkim ailəsində doğulub. Alma-Atada Tibb institutunu bitirdikdən sonra psixiatr işləyib, “Dünyalar” fantastika jurnalının redaktoru olub. İlk hekayələri 1988-ci ildə dərc edilib. “Qırx adanın cəngavərləri” və “Atom yuxusu” əsərləri ilə tanınmağa başlayıb. “Fəlsəfi-kosmik opera” da adlandırılan “Röya xətti”, “İllüziya imperatorları”, “Yuxu kölgələri”, “Bu gün, ana!”, “Yer planetindən olan lord” kimi trilogiyalarına, “İnikaslar labirinti” romanı, “Keşikçilər”, “Razılaşma” kimi əsərlərinə görə dövrümüzün ən tanınmış fantastlarından biri sayılır.
Öz yaradıcılıq metodunu “kəskin davranışlar fantastikası” adlandırır. Kosmik savaşlar və əlbəyaxa döyüşlər, kiberxuliqanlıq motivlərinə xüsusi meyil göstərir. Tənqidçilərin fikrincə, S. Lukyanenko kiberxuliqanlıq mövzulu əsərlərini onların ənənəvi problematikasına (insan və süni intellekt) əxlaqi məqamlar əlavə edərək işləməsi ilə seçilir.