Aleksandr Soljenitsın
Aleksandr İsayeviç Soljenitsın (1918—2008) — nasir, publisist, dramaturq, şair və ictimai xadim kimi şöhrət tapıb. Ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır (1970).
Kislovodsk şəhərində anadan olub. Rostov-Donda böyüyüb. Rostov Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirdikdən sonra Moskvada Fəlsəfə və Tarix İnstitutuna daxil olub. 1943-cü ildə müharibəyə gedib, ordenlərlə təltif edilib. 1945-ci ildə antisovet ovqatına görə həbs və sürgünlə cəzalandırılıb. Azadlığa çıxandan sonra Vladimir vilayətində kənd məktəbinin müəllimi işləyib. 1957-ci ildə bəraət alıb.
Dərc edilən ilk əsərləri — “İvan Denisoviçin bir günü” hekayəsi və “Novıy mir” jurnalında çıxmış “Matryonanın ocağı” povesti sensasiya kimi qarşılanıb. Bununla da QULAQ mövzusu ik dəfə ədəbiyyata yol tapıb. Tezliklə əsərlərinin çapı əngəllənib və A. Soljenitsın “sovet sistemini tənqid etdiyinə, yaradıcılığı özbaşınalıqla çap olunduğuna görə” SSRİ-dən qovulub. Vətəninə yalnız 1994-cü ildə qayıda bilib.
Onun bütün önəmli əsərləri — irimiqyaslı “ədəbi araşdırma təcrübəsi” sayılan “QULAQ arxipelaqı” da, “Dövrədə birinci”, “Xərçəng korpusu” romanları da, rus inqilabının mənəvi köklərindən bəhs edən möhtəşəm “Qırmızı çarx” epopeyası da, yaddaş-gündəlik məzmunlu nəsr nümunələri və filoloji oçerkləri də ədəbi-ictimai hadisələrə çevrilib.
A. Soljenitsın kitablarında XX əsr Rusiyasının özünəxas tarixi konsepsiyası əksini tapıb. Soljenitsının yaradıcılığı rus milli xarakterinin taleyüklü məqamlardakı təzahürlərini və totalitarizmin mahiyyətini dolğun ehtiva edir.