Aleksandr Proxanov
Aleksandr Andreyeviç Proxanov (1938) –nasir, jurnalist, publisist, ssenarist, ictimai xadimdir. “Bunin”, “Qızıl Delviq” və bir çox başqa mükafatlar laureatıdır.
Tiflisdə anadan olub. Moskva Aviasiya İnstitutunu bitirdikdən sonra (1960) elmi-tədqiqat institutunda mühəndis, Kareliyada meşəbəyi işləyib, Tuvada geoloji kəşfiyyat işlərində iştirak edib. “Literaturnaya qazeta”nın jurnalisti kimi bütün SSRİ-ni gəzib, Arktikada və raket poliqonlarında, dünyanın bir çox qaynar nöqtələrində olub. “Zavtra” qəzetinin baş redaktoru, Rusiya Yazıçılar Birliyinin katibi vəzifələrində çalışıb.
1980-ci illərin əvvəllərindən hərbi-siyasi roman janrında yazır. Əfqanıstan müharibəsinə həsr olunmuş “Yanan bağlar” tetralogiyasının müəllifidir. 1990-cı illərin sonunda Aleksandr Proxanovun “Kabulun arzusu”, “Budur, külək gəlir”, “Adalarda ovçu” və digər romanlarının yer aldığı “Yeddi kitab”ı çapdan çıxıb.
Onun «Cənab Heksogen”, “Teploxod İosif Brodski”, “Çeçen blyuzu”, “Şərqşünas” və digər romanları həmişə ictimai etiraza səbəb olub.
A. Proxanovun əsas mövzuları şəxsiyyət və müharibə, rus və dünya sivilizasiyasının taleyi, sovet dövlətinin süqutu, geosiyasi fəlakətlərdir. Onun metaforik cəhətdən zəngin, alleqorik, “təmtəraqlı” nəsri əsasən rus kosmizmi və avrasiyaçılıq ideyalarından qidalanır.