Vladislav Otroşenko
Vladislav Oleqoviç Otroşenko (1959) - yazıçı və esseistdir. RF Hökuməti (2014), “Yasnaya Polyana” (2003) mükafatlarına, eləcə də Rusiya və Avropanın bir sıra digər ödüllərinə layiq görülüb.
Novoçerkasskda anadan olub. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Radioda işləyib və müəllimlik edib. Avropa universitetlərində rus ədəbiyyatından mühazirə və məruzələr oxuyub. İlk kitabı «Pasxa haykusu. Üçlük” 1991-ci ildə işıq üzü görüb. “Məni apar, kor adam”, “Əsilsiz adam”, “Yaradılışın məxfi tarixi”, “Fotoalboma əlavə” və başqa romanları təkcə Rusiyada deyil, həm də beynəlxalq səviyyədə tanınıb. “Qoqoliana və başqa hekayələr” esselər kitabı və “Suxovo-Kobılin. Rus dramaturqunun taleyi və cinayət işi haqqında roman-araşdırma” sənədli romanı intellektual bestsellerlərə çevrilib.
Avropalı tənqidçilər V. Otroşenkonu “Cənub adamı, fantastik dünyaların və duyğu mühitinin lirik ixtiraçısı” adlandırır, Milorad Paviç və Markeslə müqayisə edirlər. Yazıçının əsas mövzularından biri kazakların həyatıdır. P. Basinskinin fikrincə, V. Otroşenkonun əsərindəki kazak obrazları “Şoloxovun təsvir etdiyi kazakların antipodlarıdır. Otroşenkonun kazakları öz xüsusi estetikası olan rus samuraylarıdır”.