Nikolay İvanov
Nikolay Fyodoroviç İvanov (1956) — nasir, publisist və jurnalistdir. “Nikolay Ostrovski” və “Mixail Bulqakov” ödüllərinə, habelə digər ədəbi mükafatlara layiq görülüb.
Bryansk vilayətinin Straçevo kəndində dünyaya gəlib. Moskvadakı Suvorov adına Hərbi məktəbin və Lvovdakı Hərbi-siyasi Məktəbin Jurnalistika fakültəsinin məzunudur. Hərbi xidmətə aviadesant qoşunlarında başlayıb. 1981-ci ildə Əfqanıstana göndərilib. “Sovet döyüşçüsü” jurnalında çalışıb, 1992-ci ildə həmin jurnalın baş redaktoru təyin edilib. Hərbi jurnalist kimi Sxinvalidə, Krımda, Suriyada, Donbasda ezamiyyətlərdə olub. Çeçenistanda ezamiyyətdə olarkən əsir götürülüb və dörd ay sonra təşkil olunan xüsusi əməliyyat nəticəsində xilas edilib.
Çağdaş rus ədəbiyyatında hərbi mövzularda yazan tanınmış nasirlərdəndir. Geniş oxucu rəğbəti qazanmış əsərləri sırasına “Qasırğa” əməliyyatı”na erkən başlamalı” romanı, “Sakit Svet”, “Parter. Yeddinci sıra”, “Bryansk povesti”, “Mələklər”, “Gömgöy çayın sahilində”, “İnam. Ümid. Müharibə”, “Çox uzaq məmləkətdə” və “Qızılı qızıl” novellaları daxildir.