Andrey Bitov
Andrey Georgiyeviç Bitov (1937—2018) — nasir və ssenarist kimi şöhrət tapıb. İki dəfə RF Dövlət mükafatına (1992, 1997) və RF Hökumətinin mükafatına (2014) layiq görülüb.
Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Atası memar, anası isə hüquqşünas olub. Leninqrad Dağ-mədən İnstitutunu bitirdikdən sonra qazma ustası işləyib. Ssenarist və rejissorlar üçün ali kursları bitirdikdən sonra ssenarilər yazıb.
“Əczaçı adası”, “İnsan ömründən günlər” adlı və digər kitabları ona intellektual yazar və misilsiz stilist şöhrəti qazandırmışdır. Bitovun ilk romanı “Puşkin evi” 1978-ci ildə ABŞ-da işıq üzü görüb və müəllifinə dünya şöhrəti gətirib, həmin vaxtdan etibarən Bitov ən parlaq rus postmodernisti sayılmağa başlayıb. Bir müddət A. M. Qorki adına Ədəbiyyat İnstitutunda dərs deyib. Yenidənqurmadan sonra daha fəal çap olunmağa başlayıb.
“Uçub-gedən Monaxov”, “Adları çəkilənlər”, “Yazılmayanın qaçılmazlığı”, “Dörd yönə açılan imperiya” adlı dördcildliyi ilə bərabər, digər əsərləri də bir sıra milli və beynəlxalq mükafatlara layiq görülüb.