Olesya Nikolayeva
1955-ci ildə Moskva şəhərində anadan olub. A. M. Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Hazırda orada “ədəbi ustalıq” dərsləri keçir. “Amor fati” (1997), “İspan məktubları” (2004), “500 şeir və poema” (2008), “Cənnətdəki Qüdsə qədər” (2013), “Aralıq dənizi mahnıları, orta əsrlər dövrünün rus ağıları” (2017) və b. bu kimi on yeddi şeir toplusunun, otuz nəsr, altı esse və publisistika kitabının müəllifidir. Şeirləri Avropa və Asiya xalqlarının dillərinə, o cümlədən ingilis, italyan, ispan, Çin, alman, fransız, yapon dilinə tərcümə olunub. “Boris Pasternak”, “Antologiya”, “Poet” mükafatlarına, eləcə də Rusiya Federasiyasının Dövlət mükafatına layiq görülüb. Moskva şəhərində yaşayır.
O. Nikolayevanın poeziyasındakı dərin qaynaqlardan danışarkən ədəbiyyatşünas və tənqidçi Dmitri Bak belə yazır: “O öz əsərlərini sənətin sonunun yaxınlaşdığı bir vaxtda, sənətə nəzər salmaqla, məhz poeziya üçün başqa yol görməyənlərə çatdırmaq arzusu ilə yazıb-yaradır. Bu gizlin-oğrun nəzərlər deyil, açıq-aşkardır — qoy onu təkcə həmfikirləri deyil, bir qədər fərqli düşünənlər də eşitsinlər”.