İnna Lisnyanskaya
1928-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetində və Maşınqayırma Texnikumunda təhsil alıb. Azərbaycan poeziyası nümunələrini rus dilinə tərcümə edib. Şeirləri 1979-cu ildə gizlin nəşr edilən “Metropol” almanaxında çap plunub, həyat yoldaşı şair Semyon Lipkin və yazıçı Vasil Aksyonovla bərabər SSRİ Yazıçılar İttifaqından istefa edib. “Musiqi və sahil”(2000), “Birgə” (2000, Semyon Lipkinlə ortaq), “Sodom ətrafında” (2002), “Tənha istedad” (2003), “Qüds dəftəri” (2004), “Sənsiz” (2004), “Əks-səda” (2005), “Qoca Həvvanın yuxuları” (2007), “Rəngli yuxular” (2011) və b. bu kimi 30 şeir, 3 nəsr kitabının müəllifidir. Şeirləri ingilis, Belarus, ispan, Çin, alman və dünyanın bir çox başqa dillərinə tərcümə edilib. “Arion”, “Drujba narodov”, “Znamya”, “Novıy mir” kimi ədəbiyyat jurnallarının mükafatlarına, “Aleksandr Soljenitsın” ödülünə, RF dövlət mükafatına, “Moskovskiy sçyot” xüsusi ödülünə, “Antologiya” poeziya ödülünə, “Bunin” və “Şair” milli mükafatlarına layiq görülüb. 2014-cü ildə vəfat edib.
Yaradıcılığının son dövründə Lisnyanskaya qadın qocalığı mövzusunu dərindən işləməyə, ehtirasın deyil, müdrikliyin alovlandırdığı ahıl sevgidən yazmağa üstünlük verib, şeirlərində müasirliklə yanaşı “İncil mövzuları” özünü göstərməyə başlayıb.