Yuri Kublanovski
1947-ci ildə Rıbinskdə anadan olub. Moskva Dövlət Universitetinin Tarix fakültəsinin “incəsənət tarixi” bölməsini bitirib. Muranovda “F. İ. Tyutçev muzeyi”ndə, “Solovetski”, “Kirillo-Belozerski” və “Ferapontovski” muzeylərində bələdçi işləyib. “SMOG” adlı qeyri-rəsmi fəaliyyət göstərən poeziya qrupunun üzvü olub, gizlin nəşr edilən “Metropol” almanaxında yazıları dərc olunub. 1982-ci ildə mühacirətə getməyə məcbur olub, Parisdə nəşr edilən “Russkaya mısl” qəzetində çalışıb. 1990-cı ildə vətənə qayıdıb. Rusiya, ABŞ və Fransada nəşr olunan “Xarici” (1993), “Nömrə” (1994), “Təqvimdən uzun” (2001), “İşıq ilində” (2003), “Geriyə gedən yolda” (2006), “Seçilmiş” (2006), “Volqaya həsr olunur” (2010), “Pis havada mütaliə” (2012), “Qüsurlu zamanlar” (2015), “Uzun keçid” (2017) kimi kitabları da daxil olmaqla iyirmi üç şeir toplusunun müəllifidir. Şeirləri bir çox Avropa və Asiya xalqlarının dillərinə tərcümə edilib. “Aleksandr Soljenitsın”, “Antologiya”, “Yeni Puşkin” mükafatlarına, Rusiya Federasiyasının Dövlət mükafatına, “Patriarx” ödülünən layiq görülüb. Moskvada yaşayır.
Nobel mükafatı laureatı Aleksandr Soljenitsın onun poeziyası haqqında fikirlərini belə ifadə edirdi: “Yuri Kublanovskinin poeziyası rus versifikasiyası ənənələrinə sədaqəti ilə seçilir. Şeirlərindəki böyük həcmdəki yenilənmiş məcazilik ekssentrik deyil, həmişə mahiyyətcə əsaslandırılmışdır; misralardakı təbii elastiklik təkrar-təkrar oxunmaq və daha rahat yadda qalmaq üçün şərait yaradır”.