Sonrakı səkkizliklər

Mübahisə etmək olmaz torpaqla —
Bu belədir uzun zamandan bəri,
Başlayıblar ilk dəfə kök salmaqla,
Ardınca da sonrakı rişələri.
Amma kökün dərinə işləməsi
Bülbülün də zərərinə, deyəsən.
Belə gəlib belə gedər, yetər ki,
Lısenkonın* ağlına gəlməyəsən.

 Əlbəttə, mən bir özgəsi olardım:
Səhərləri erkən oyanan biri,
Suyuma da buzu özüm salardım,
Ağlı-başı yerində olan biri.
Ya olardım kitablı bir farmazon,
Uzun zaman bu yolla baş qatardım.
Saç-başıyla oynayan, ya bir lovğa,
Alçı durar aşığım, zər tutardım.

 Amma müddət qısa verilib bizə,
O da tammı, yarımçıqmı, bilinmir.
Vay o gündən tez qırıla, kəsilə,
İdmançısan, ya tənbəlsən, fərq etmir.
Yeni era yenilik diqtə edir,
Ağrıları duz kimi əridirəm.
Baxıram, bu variant da gözəldir
Öz detektiv oyunumu sevirəm.

 Hələ qalıb bəzi yerlər, doğrudu,
Ayaq basılmayan o uzaq yerlər.
İşdir enib ordan salsan yolunu
Çıxanda qatlanar, belin əyilər.
Sonra süni bu nəfəs cihazıyla
Söylə kimə xeyrimiz dəyə bilər?
Bu vücudun xəstə, dərdli halıyla
Axı bizi kim özünə dost seçər?

Yaxşı ki, bu göy üzü var, mən bu gün
Təkcə ona inanıram, bilirsən.
Tək həmdəmim, ehtiyacım o bütün,
Mənim qorxum, hər şeyimdir, bilirsən.
Sanki uzun yarışdan, qaçhaqovdan
Qurtulub yenidən baş qaldırıram.
Qarşıdakı yeni səfərlər üçün,
uzaq sahillərçün yelkən açıram.


* Trofim Denisoviç Lısenko  — Sovet aqronomu və psevdo-alimi idi. Mendel genetikasını, irsi faktorların ötürülməsinin genetik konsepsiyasını inkar edirdi.