İrina Yermakova

1951-ci ildə Kerç boğazında anadan olub, qayıqda. Çerkasda (Ukraynada) böyüyüb. Moskva Nəqliyyat Mühəndisliyi İnstitutunun Körpü-keçid fakültəsini bitirib. Körpü layihələndirməsi sahəsində mühəndis-konstruktor kimi çalışıb. “Odissey üçün layla” (2002), “Arı” (2007), “Bayram intizarında” (2009), “Qara ipəkdə qırmızı tuşla” (2012), “Yeddinci” (2014) və başqa bu kimi səkkiz şeir kitabının müəllifidir. İtalyan dilində “Ninna-nanna per Odisseo e altre poesie” şeirlər kitabı 2008-ci ildə nəşr olunub. Yermakova eyni zamanda bəzi ədəbi mistifaksiyaların da müəllifidir ki, onların ən məşhuru XII əsrə aid uydurma yapon şairi Yöko İrinatidir. Şeirləri ərəb, ingilis, Litva, bolqar, italyan, katalon, Çin, makedon, alman, polyak, portuqal, rumın, serb, fransız və başqa dillərə tərcümə edilib. “Arion” və “Oktyabr” jurnallarının mükafatlarına, “Antologiya”, birgə Rusiya-İtaliya “LericiPea Mosca”, “Moskovskiy sçyot”, beynəlxalq “Voloşin”, “Çələng” mükafatlarına layiq görülüb. Moskvada yaşayır.

İrina Yermakova eyni vaxtda həm klassik, həm də avanqard ənənənin ruhunu özündə daşıyan şairədir, rus poeziyasının bütün rəngarəng şeir formalarına ustalıqla vaqifdir və şeirlərində bu formaları öz lirik “mən”inə tabe etdirərək zənginləşdirir.