Leonid Borodin

Leonid İvanoviç Borodin (1938—2011) — nasir, publisist və ictimai xadim kimi şöhrət tapıb. “Yasnaya Polyana” mükafatına (2007), Aleksandr Soljenitsın ödülünə, Rusiyanın və Avropa ölkələrinin bir sıra başqa mükafatlarına layiq görülüb.
İrkutsk şəhərində, müəllimlər ailəsində doğulub. Gənc yaşlarında Baykal dairəvi dəmir yolunu tikən briqadada, Bratsk SES-də və Norilsk dəmir filizi mədənlərində çalışıb. Ulan-Ude Pedaqoji Universitetini bitirdikdən sonra kənd məktəbinin direktoru vəzifəsində işləyib.
Dissident dərnəyinin üzvü olduğuna görə altı il müddətinə azadlıqdan məhrum edilib. Həbsdə ikən Borodin şeir və nəsr əsərləri yazıb. Gizlin üsulla çap olunan “Möcüzə və kədər ili”, “Üçüncü həqiqət” və sair əsərləri xarici ölkələrdə də şöhrət qazanıb. Yenidənqurmadan sonrakı illərdə publisistika ilə məşğul olub, “Moskva” jurnalının baş redaktoru vəzifəsini tutub. A. M. Qorki adına Ədəbiyyat İnstitutunda dərs deyib. Rusiya Federasiyasının İctimai Palatasının üzvü olub.
L. Borodin klassik rus ədəbiyyatından gələn mənəvi-əxlaqi xəttin davamçısı sayılır. Onun əsərlərindəki real həyat gözlənilməz dönüşləri, nağılvarı və tarixi detalları ilə də zəngindir. Borodinin kitablarında onun doğma Sibiri xüsusi yer tutur.