Sergey Stratanovski
1944-cü ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olub. Leninqrad Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. A. S. Puşkin və “Ermitaj” Muzeylərində bələdçi, Rusiya Milli Kitabxanasında (Sankt-Peterburq) biblioqraf kimi çalışıb. “Gündüzün qaranlığı” (2000), “Qeyri-şəffaf çayda” (2005), “Dəfin canlanması” (2009), “Əncir ağacı” (2010), “Qraffiti” (2011), “Əyyub və ərəb” (2013), “Nizamsız çoxsəslilik” (2016), “İzbornik” (2019) və b. on bir poeziya kitabının müəllifidir. Şeirləri bir çox dillərə tərcümə olunub, ingilis, bolqar, holland, ivrit, italyan, Litva, alman, polyak, fin, fransız, çeçen, isveç və eston dillərində kitabları nəşr olunub. İ. A. Brodski adına Fondun təqaüdçüsüdür. Çoxsaylı Rusiyamiqyaslı və beynəlxalq ədəbi mükafatların laureatıdır. “Çarskoselsk”, “Boris Pasternak”, “N. V. Qoqol”, “Andrey Belıy”, “Karduççi” (İtaliya) mükafatlarının, “Antologiya”, “Parabola” ödüllərinin sahibidir. Sankt-Peterburqda yaşayır.
Ədəbiyyatşünas, tənqidçi Andrey Aryev onun barəsində belə yazır: “Stratanovskinin poeziyası mədəni bir fenomen kimi qavrayışımızı kütləvi mədəniyyətin ötəri işlərinə aludəçilikdən, bazar reytinqlərinə inamdan, “ümumdünya torunu” dolduran, bilik mənbələrinin qabağını kəsən informasiya çirkliliyindən təmizləyir. Ən əsası şair dünyanı tarixin şərtləndirdiyi mövcudluq toplusu kimi qəbul edir, beləliklə, müasir şüurun diskretliyinə, onun entropiyasına qarşı çıxır”.