Oleq Çuxontsev
1938-ci ildə Moskva vilayətinin Pavlovski Posad şəhərində anadan olub. Moskva vilayətinin N. K. Krupskaya adına Pedaqoji İnstitutunda təhsil alıb. “Yunost” və “Novıy mir” jurnallarında poeziya şöbəsinin müdiri işləyib. 1960—1980-ci illərdə Avropa və Amerika müəlliflərinin, keçmiş ittifaq respublikalarından olan şairlərin şeirlərini rus dilinə fəal şəkildə tərcümə edib. “Fifia” (2003), “Bu hüdudlardan” (2005), “Lirikadan” (2007), “Soydaşım” (2008), “Sükut nitqi. Müxtəlif kitablardan” (2014) “Dilsiz dilmanc. Seçilmiş tərcümələr” (2014), “Çıxanlar, girənlər” (2015) adlı kitablar da daxil olmaqla on iki şeir toplusunun müəllifidir. 2019-cu ildə “Həm səs, həm səda” şeirlər toplusu işıq üzü görüb. Rusiya Federasiyasının Dövlət mükafatının, “Novıy mir” və “Znamya” jurnallarının ədəbi mükafatlarının, Alfred Tepfer Fondunun (Almaniya) və Rusiya Federasiyasın “Puşkin” mükafatlarının, “Kitab”, “Antologiya”, “Triumf”, “Moskovskiy sçyot”, “Şair” ədəbiyyat və poeziya ödüllərinin, Boris Pasternak adına ödülün sahibidir.
Çuxontsevin poeziyası XX əsrin son üçdə birində rus ədəbi kontekstində mühüm yer tutur, həm tənqidçilərin, həm də ədəbiyyatşünasların heyranlıq dolu reaksiyalarına səbəb olub. “Fifia” kitabının nəşrindən sonra isə Çuxontsev haqqında özünün əvvəlki poetikasını kökündən dəyişdirən şair kimi danışmağa başlayıblar. O, yeni dönəmdə qazandığı mənəvi təcrübə və dil imkanları ilə həyatdan gedənlərə yas tutur, qocalıq, şairin metafizik divanəliyi və ətraf aləmə yadlığı, həmçinin, artan ümumdünya entropiyası haqqında düşünür.