Yuri Mamleyev
Yuri Vitalyeviç Mamleyev (1931—2015) — nasir, filosof, dramaturq kimi tanınıb. RF Hökuməti və “Andrey Belıy” mükafatlarının laureatıdır.
Moskvada doğulub. Tanınmış psixiatr olan atası repressiyaya məruz qalıb. Moskva Meşəçilik İnstitutunu bitirən (1956) Y. Mamleyev, axşam məktəblərində riyaziyyatdan dərs deyib. Əsərləri daha çox gizli nəşr edilib, konseptualist yazıçıların onun evində toplaşdıqları “Yujin dərnəyi”nin əsas fiquru olub. 1974-cü ildə mühacirət edərək Amerikada, sonra isə Fransada məskunlaşıb. Yaradıcılığı Qərbdə rəğbətlə qarşılanıb. 1990-cı illərin əvvəllərində Rusiyaya qayıdaraq MDU-da müəllim işləyib, ictimai fəaliyyətlə məşğul olub, əsərləri dəfələrlə yüksək tirajla nəşr edilib.
Öz bədii metodunu “metafizik realizm” adlandıran Mamleyevin fantasmaqorik, mistika ilə dəhşəti birləşdirən nəsrində şüurun ən qaranlıq, məşəqqətli yönləri öz əksini tapıb. “Sərsərilər”, “Moskva qambiti”, “Dünya və qəhqəhə”, “Ruh imperiyası” və digər kitabların, hekayə və fəlsəfi mövzuda məqalə toplularının müəllifidir. “Əbədi Rusiya” kitabında — onun fikrincə, “ikinci bir gerçəklik yaratmağa” imkan verən — rus ruhunun dərinlikləri incələnir.