Vladimir Krupin

Vladimir Nikolayeviç Krupin (1941) — nasir, publisist, pedaqoqdur. “Patriarx Ədəbi Mükafatı”na və bir sıra başqa təltiflərə layiq görülüb.<br>
 
Kirov vilayətinin Kilmez qəsəbəsində, meşəbəyi ailəsində doğulub, dövrün şərtlərinə rəğmən, pravoslav ənənələri əsasında tərbiyə alıb. Çilingər, yükdaşıyan işləyib. Moskva Vilayət Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirib. Uzun zaman jurnalistika sahəsində çalışıb, “Sovremennik” nəşriyyatının redaktoru, “Moskva” jurnalının və “Xeyirli od” jurnalının baş redaktoru olub. Televiziyada işləyib, Moskva Ruhani Akademiyasında dərs deyib.<br>
 
“Kənd nəsri” deyilən ədəbi xəttin nümayəndəsidir. V. Krupinin ilk hekayələr toplusu — Vyatka kəndlilərinin həyatından bəhs edən “Taxıllar” kitabı (1974) müəllifini qısa zamanda məşhurlaşdırıb. “Canlı su”, “Evə aparan yol”, “Vyatka dəftəri”, “Uşaqlara bənzəyək”, “Rus övliyaları”, “Səmada ayaqyalın” kimi povest və romanlarında özünü “xalqa xas ruhani axtarışlardan söz açan nəsr»in ustası kimi təqdim edib. Onun qəhrəmanları bizim çağdaşlarımız — kənd adamları, Allahı tanıyıb dərk etməyə çalışan insanlardır.