Olqa Slavnikova

Olqa Aleksandrovna Slavnikova (1957) — nasir, esseist və tənqidçidir. “Rus Bukeri” (2006) və “Yasnaya Polyana” (2018) mükafatları laureatıdır.
Sverdlovsk şəhərində müdafiə mühəndisinin ailəsində anadan olub. Ural Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Nəşriyyatlarda və ilk məqalələrinin dərc olunduğu “Ural” jurnalının redaksiyasında işləyib.
Slavnikovanın debüt povesti olan «Birinci kursun qız tələbəsi» 1988-ci ildə çapdan çıxıb. Yazıçının magik realizm ənənəsi əsasında yazdığı “İt boyda böyüdülən cırcırama” adlı ilk böyük romanı həm tənqidçilərdə, həm də oxucu kütləsində güclü təəssürat yaradıb. “Güzgüdə tək”, “Ölməz”, “Yüngül baş”, “Uzuna tullanma” romanları, “2017” antiutopiyası, hekayə topluları ona ustad nasir şöhrəti qazandırıb.
O. Slavnikovanın nəsrində fəlsəfi və kəskin sosial mövzular zəngin metaforik dil, incə üslubla birləşir. Tənqidçilərin fikrincə, “onun kitablarının hər biri əl işi məhsuludur” (Sergey Sirotin).