Vasili Aksyonov
Vasili Pavloviç Aksyonov (1932—2009) — nasir, dramaturq, esseist kimi şöhrət tapıb. “Triumf” (2003), “Rus Bukeri” (2004), “İlin kitabı” (2005) mükafatları laureatıdır.
Kazan şəhərində şəhər soveti sədrinin ailəsində doğulub. 1937-ci ildə valideynləri repressiyaya uğradıqları üçün gah uşaq evində, gah qohumlarıgildə, müharibədən sonra isə anası — QULAQ düşərgəsi haqqında ilk memuarlardan biri olan “Sərt marşrut” kitabının müəllifi kimi tanınmış Yevgeniya Ginzburq ilə bərabər Maqadanda yaşayıb. V. Aksyonov Leninqrad Tibb İnstititunu bitirib, həkim işləyib. “Yunost” jurnalında dərc edilən “Həmkarlar”, “Ulduzlu bilet”, “Mərakeş apelsinləri” kimi ilk povestləri onu 1960-ların “şəhər-gənclik nəsri”nin öncüllərindən birinə və gənclərin mütləq kumirinə çevirib. Vasili Aksyonov ədəbiyyata yeni romantik sovet qəhrəmanlarını gətirib, məhz özünü arayan, caza, səyahətə rəğbəti, azadlığa meyli gerçək vətənpərvərlik duyğusu ilə qovuşduran gənclərin obrazlarını yaradıb.
Əsərləri gizlin, özfəaliyyət üsulu ilə nəşr olunub, 1980-ci ildə ABŞ-a gedib, bir sıra universitetlərdə rus ədəbiyyatından dərs deyib. Xaricdə “Yanıq yeri”, “Krım adası” romanları, “Moskva saqası”, “Yeni cəlbedici tərz” və “Qeysər aydınlanması” əsərlərindən ibarət trilogiyası çap edilib. 2004-cü ildə Rusiyaya qayıtdıqdan sonra yazdığı “Volterçi kişilər və volterçi qadınlar”, “Sirli ehtiras” romanları geniş rəğbət qazanıb.
İctimai qrotesk, alternativ tarix, ailə eposu janrlarına üstünlük verib. Tənqidçilərin fikrincə, V. Aksyonovun nəsrində ahəng fərqliliyi, “caza xas üslubi sərbəstlik”, parlaq və qabarıq obrazlılıq xüsusilə diqqət çəkir.