Aleksandr Kabakov
Aleksandr Abramoviç Kabakov (1943—2020) — nasir, ssenarist, jurnalist və publisist kimi tanınıb. “Böyük kitab”, “Apollon Qriqoryev” mükafatlarına layiq görülüb.
Novosibirsk şəhərində doğulub. Dnepropetrovsk Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirdikdən sonra mühəndis kimi çalışıb. “Qudok” qəzetində jurnalistlik fəaliyyətinə başlayıb. 1989-cu ildə dərc olunan və böyük səs-küy doğuran antiutopiya janrındakı “Geri gəlməyən” povesti sayəsində adını yenidənqurma dövrünün ən tanınan qələm sahibləri sırasına yaza bilib. “Moskovskiye novosti” və “Kommersant” qəzetlərində çalışıb, publisist və köşə yazarı kimi tanınıb.
Məhsuldarlığı ilə seçilən A. Kabakov “Cızma-qaraçı”, “Özündəndeyən”, “Sonuncu qəhrəman”, “Fərari”, “Hər şey düzələcək” və “Moskva nağılları” kitablarının da müəllifidir.
Əsasən sosial fantasmaqoriya və şəhər məişəti janrlarında yazıb, yaşadığı dövrün mövzularını işləyərkən də rus ədəbiyyatının klassik ənənələrinə sadiq qalıbdır.