Yevgeni Popov

Yevgeni Anatolyeviç Popov (1946) — nasir, dramaturq və esseistdir. “Triumf” (2009) və “Böyük kitab” (2012) mükafatları laureatıdır.
Krasnoyarsk şəhərində anadan olub. Orconikidze adına Moskva Geoloji Kəşfiyyat İnstitutunu bitirib. Rusiyanın şimal-şərqində geoloq işləyib. Senzurasız “Metropol” toplusunun nəşrində iştirak edib (1979).
Hekayələrinin ilk nəşri “Novıy Mir” jurnalında baş tutub, Vasili Şukşin onlara ön söz yazıb. O çoxsaylı hekayə toplularının (“Rus torpağının şənliyi”, “Vəfalı sevgini gözləyirəm”, “Köln üzərində təyyarə”), romanların (“Vətənpərvərin ruhu”, “Ərəfə ərəfəsində”, “Xaos ustası”), pyeslərin, Aleksandr Kabakov ilə birlikdə işlədiyi Vasili Aksenov haqqında “Aksenov” kitabının müəllifidir.
Tənqidçilərin fikrincə, Y. Popovun nəsri dərin milli hadisədir. “Onun nəsri rus insanı kimi gözəl və çirkin, aydın və qeyri-müəyyən, ayıq və sərxoşdur. Buna görə də, o həm də rus insanı kimi bizə tanışdır” (Sergey Borovikov). “İnsana maraq, ona və azad şən həyatın bütün forma və təzahürlərinə sevgi bir çox cəhətdən sağlam gedonist prinsipdir və onun nəsrinin əsasını təşkil edir” (Artemi Leontyev).