Mixail Tarkovski
Mixail Aleksandroviç Tarkovski (1958) — nasir, şair və esseistdir. “Yasnaya Polyana” (2010), “Patriarx Ədəbi Mükafatı” (2012) və bir sıra digər ödüllər laureatıdır.
Moskvada anadan olub. Şair Arseni Tarkovskinin nəvəsi, rejissor Andrey Tarkovskinin qardaşı oğludur. 1981-ci ildə Lenin adına Moskva Dövlət Pedaqoji İnstitutunun Coğrafiya və biologiya fakültəsini bitirib. Beş il Yenisey Bioloji Stansiyasında işləyib. Həmin stansiyada qazandığı iş təcrübəsi “Qaytar mənimkini” (2003) povestində öz əksini tapıb. Uzun illərdir Krasnoyarsk diyarının Turuxanski rayonundakı Baxta kəndində yaşayır və tayqa ovu ilə məşğul olur. Krasnoyarsk “Yenisey” ədəbi almanaxının baş redaktorudur.
M. Tarkovskinin ilk kitabı olan şeirlər toplusu 1991-ci ildə işıq üzü görüb, hekayələri, romanları və esseləri ədəbi jurnallarda dərc olunub. “Xoşbəxtlikdən beş il əvvəl”, “Donmuş zaman”, “Xaç toyotası”, “Burax gedim, Yenisey!”, “Bayquşun uçuşu” və s. kitabların müəllifidir.
Tənqidçilərin fikrincə, onu “yeni nəslin ənənəçilərinə” və ya “neorealistlərə” (Oleq Pavlov, Aleksey Varlamov və başqaları ilə birlikdə) və yeni “kəndçilərə” aid etmək olar. M. Tarkovskinin incə və ruh dolu “tayqa nəsri” həyatın mənası, rus tarixi, insan, təbiət və zaman arasındakı münasibətlərlə bağlı suallar doğurur.