Andrey Gelasimov
Andrey Valeryeviç Gelasimov (1966) — nasir, naşir, ssenarist və pedaqoqdur. “Milli Bestseller” (2009) mükafatının laureatıdır, “Apollon Qriqoryev” və bir sıra digər mükafatlara layiq görülüb.
İrkutsk şəhərində dünyaya göz açıb. 1987-ci ildə Yakutsk Universitetini bitirərək, filoloq diplomu alıb. “GİTİS” də (Stanislavski adına Dövlət Teatr Sənəti İnstitutunda) rejissorluq təhsili alıb. Filologiya elmləri namizədidir. A. M. Qorki adına Ədəbiyyat İnstitutunun dosentidir.
İlk sevgidən bəhs edən “Foks Malder donuza oxşayır” adlı povesti ilə ədəbiyyata qədəm qoyub. Şimali Qafqazda gedən hərbi əməliyyatları təsvir edən “Yanğı” povesti, “Yanılma ili” və “Rahil” adlı romanları onun ən populyar müasir yazarlar sırasına çıxmasına vəsilə olub. XIX yüzildə Uzaq Şərqin məskunlaşdırılmasından söz açan “Rüzgar gülü” romanı və rus repi barədə “Təmiz kayf” romanları sayəsində də geniş oxucu rəğbəti qazanıbdır. Böyük Vətən müharibəsindən bəhs edən “Səhra tanrıları” adlı romanı ona “Milli Bestseller” mükafatını qazandırıb.
Ədəbi tənqidçilərin rəyinə görə, Gelasimovun nəsri özünün “ssenari tutumluluğu”, habelə dərin psixologizmi, ustalıqla qurulan dialoqları və zamanın ruhunu dəqiq əks etdirməsi ilə başqalarından fərqlənir.