Boris Yekimov

Boris Petroviç Yekimov (1938) — nasir və oçerklər müəllifidir. RF Dövlət mükafatının (1987), “Yasnaya Polyana” ödülünün (2011) və bir sıra digər nüfuzlu mükafatların laureatıdır.
Krasnoyarsk diyarının İqarka şəhərində doğulub. Çilingər, sazlayıcı, zavodda elektrik montyoru, inşaatçı, kənd məktəbində əmək müəllimi kimi çalışıb. İlk ədəbi əsəri 1965-ci ildə “Molodaya qvardiya” jurnalında çap olunub. A. M. Qorki adına Ədəbiyyat İnstitutunun Ali ədəbiyyat kurslarının məzunudur.
Yazdığı hekayələr, povest və romanlar 200-dən artıq kitabda yer alıb. “Xalqın səsinin duyulduğu” nisbətən məşhur əsərləri sırasına “Qayıdış”, “Çoban ulduzu”, “Yürüş”, “Zadonyedə payız”, “Gün başlanır” topluları, habelə “Pinoçet” romanı daxildir. 1990-cı illərdə Şimali Zadonyedə kəndlərin məhvə sürüklənməsiylə bağlı bir sıra bədii-publisistik oçerklər yazıb. Tənqidçilərin də yekdil qənaətinə görə, Yekimovun ana mövzusu — vicdanı və zəhməti özünün ən başlıca dəyəri sayan “sadə insanın” yaşam tərzidir (İrina Arzamastseva).