Rusiya Şimalında gündəlik həyat

(parçalar)

Uzun sürən vidalaşma
Oğlan üç addım atıb, yerə əyildi, əliylə
Bodronun dizinə dayaq verdikdən sonra yerdəki aşıq sümüyünü qaldırdı.
Budur, o, nişan alır... kənara çəkilin, ay marağından ölənlər.
Aralanın da, rusların bu əyləncəli oyununa mane olmayın.

A. S. Puşkin

Kənddə keçən uşaqlıq həyatı hələ də cürbəcür və sırf uşaqlara xas əyləncələrlə doludur. Bu əyləncələr faydalı işdən əsla ayrı düşünülə bilməz. Bu məqamı biz dönə-dönə təkrarlamağa məcburuq... Məsələn, balıq ovu və atların köməyi ilə iş görmə — bu müştərək fəaliyyətin ən tanış nümunələridir. Uşaq oyununun əməyə, yaxud əməyin heç hiss olunmadan, hər hansı tərif-filan umulmadan uşaq oyununa keçməsinə dair daha onlarca nümunə də gətirmək mümkündür. Yazın əvvəlində bulaqda və axar sularda çimmək uşaqlara tanınan xüsusi bir imtiyaz sayılardı və bu məşğuliyyətdən alınan həzz başqa heç nə ilə müqayisəyə gəlməzdi.

Amma bu zaman uşaq təkcə fiziki cəhətdən möhkəmlənmirdi, su ilə oyun vaxtı o, cəsur davranır, üstəlik, müəyyən bir xeyir də gətirirdi və bunun da fərqində idi.

Eyni şəkildə bir oğlan uşağı mal-qaranı otarmır, əslində canavar və ayılardan qoruyurdu, bu isə öz-özlüyündə adi və cansıxıcı çobanlıqdan fərqli bir məşğuliyyət sayılırdı. Atın belində və arabada gəzmək də ilk vaxtlar ondan ötrü saman, dərz, peyin və ya odun daşımaqdan daha çox bir gəzinti idi.

Bu cür əyləncələr hər vəchlə və uşağı cırnatmadan böyüklər tərəfindən dəstəklənirdi, halbuki yeniyetmələrin faydalı əməklə hər hansı əlaqəsi olmayan bir xeyli oyun növləri də var idi. Ata-ana da, yaşca böyük bacı-qardaşlar da daxil, bütün böyüklər mənasız oyunları görməməzliyə vurur, hətta bəzən özləri uşaqları bu cür oyunlara cəlb edir, amma bunu da ciddi yox, eləcə sözgəlişi etdiklərini sərgiləyirdilər. Yeniyetmələr və uşaqlar zatən bənzər oyunları bir-birindən mənimsəməklə, hələ sonrakı nəsillərə də ötürürdülər.

Onlarca belə əyləncə sırasına oyuncaq su və yel dəyirmanlarının hazırlanması da daxil idi. İlk bəsit pəri hazırlayıb, onu bostan dirəyinə taxarkən uşağa onun böyük qardaşı, babası və atası yardım edirdi.> Ancaq daha sonra uşaq ona kiminsə kömək etməsini diləmirdi... Az sonra o pərpərələrə malik həqiqi bir dəyirman modeliylə əvəzlənirdi ki, bu məsələdə də istənilən quş yuvası onun dadına çatırdı. Bu dəyirmandan yaz vaxtı bulaq üstə təkərli dəyirmanın qurulmasına qədər isə sadəcə bir addım qalırdı.

Hələ bu bulaq axıb-çağlamağa heç macal tapmamış meşədə bir başqa təbii mənbə işə düşürdü: tozağacından bircə gündə süzülən şipşirin şirə balaca bir vedrəni doldurmağa da yetirdi. Orada, xəfif enişli yamaclara malik enli və uzun yarğanda quzuqulağının turşməzə gövdələri artıq boy göstərirdi, bu tərəfdə isə cəbrayılotunun xırçıldayan, şirin borucuqları əmələ gəlir.> Ancaq bunları təzə-tər, şirəli və yumşaq ikən yemək məsləhətlidir. Çünki ot biçini yetişənə qədər bunlar xeyli dərəcədə qalınlaşıb, sərtləşir.

Əgər ən altdakı iri buğumu kəsib, digər ucu qapalı saxlamaqla, onu şam budağından hazırlanan iynə ilə deşməklə, söyüdün incə budağıyla sarısaq, onda su alma qurğusu alınar. Bir xeyli suyu borucuğa sovurmaqla, oğlan uşağı gizlicə qızların yığışdığı yerə yanaşırdı. Nazik şırnaqla suyu ən azı səkkiz-doqquz metr məsafəyə fısqırtmaq olurdu. Qızlar da çaşqınlıqla buludsuz səmaya baxırdılar ki, görəsən axı bu yağış haradan yağır belə?!

Bıçaqla uzununa, incə bir yarıq açdığın və var gücünlə üflədiyin təqdirdə o ucu qapalı borucuq qulaqbatırıcı səsə malik bir tütəyə çevrilirdi. Yayın sonuna doğru, yəni quşüzümü dəyəndə isə o borucuqdan üfürmə aləti düzəldilirdi. Bu alətin içinə yerləşdirilən giləmeyvələri səssizcə iyirmi, otuz metr məsafəyə atmaq mümkün idi. Otluqda və ya ağacların arasında pusquya yatmaqla, sən xoruzları, pişikləri, öz tay-tuşlarını “atəşə” tuta bilirdin, amma... Bu yerdə bir dayanaq hələ...

Yada salıb görək, axı biz sözə nədən başlamışdıq və gəlib hara çıxdıq. Axı xeyli yaxın məsafədən bu alətin “atəşi” nəticəsində nəinki xoruzun, hətta insanın da gözünü vurub-çıxartmaq mümkündür...> Uşaq qəlbində nəciblik ilə yamanlığın arasındakı sərhədi yaxalamaq xeyli müşküldür axı, uşaq həmin sərhədi xoş niyyətlə aşdığı üçün zamanla bu həddi aşmağı (yəni cürmü) bir adət halına gətirir.> Ən məsum bir əyləncə də hiss olunmadan və fitnəkarcasına, həm də bir göz qırpımındaca şıltaqlığa, şıltaqlıq şitənməyə keçə bilir, şitənmə ilə xuliqanlığın arasında isə cəmi bircə addım qalır... Buna görə də böyüklər şıltaqlıqların qarşısını hələ başlanğıc mərhələdə alırdılar, uşaq əyləncələrində dəqiq sərhədlərin qorunması həvəsləndirmə yoluyla, oyunlar zamanı isə bu, qaydaların ənənələrə uyğun tətbiqi sayəsində təmin olunurdu.

Amma buna rəğmən, simdən düzəldilən atıcı alətlər (bunun bir atəşi ilə düyməni tikə-para eləmək mümkün idi), habelə rezinli sapandlar (bunların atdığı daş pəncərə şüşəsini dəlib-keçmə gücünə sahib idi) zaman ötdükcə, öz yerini heç nəyə xəsarət yetirməyəcək borucuqlara, söyüd budağından hazırlanan fıştırıqlara və rezin dəyənəklərə verdi.> Bu dəyişimlərə görə biz kənd oğlanlarını polad simlərlə, qatar rezinləriylə tanış və təmin eləyən sivilizasiyaya minnətdar olmamalıyıq. Çünki Birinci dünya müharibəsindən sonra kəndlərdə həm də yaşlı-başlı “dəcəllər” peyda olmuşdu və bu cür “dəcəllər” ictimai əhəmiyyətə malik bina pəncərələrini daşlamaqdan əsla çəkinmirdilər.

Özünü daldada tutan belə yaşlı kişi əl altdan bir dəstə oğlan uşağına bu şuluqluğun sirlərini öyrədirdi. Kənddə yaşayan uşaq və yeniyetmələr öz oturuşmuş ənənələrini hər şeyə rəğmən, ta İkinci Dünya müharibəsi başlanana qədər qoruyub-saxlamışdılar. Bunlardakı yaşarılığı, canlılığı təmin edən amil isə onların əsrlərin süzgəcindən keçməsi ilə, sadə xalqın əmək tərzi, təbiət və məişət mühiti ilə şərtlənirdi.> Yəni insanoğlu əlinin yetdiyi hər bir şeydən yararlanmağa çalışırdı.

Əgər əski “qudalar” hələ “yatırdısa” və onları oyatmaq vaxtı hələ yetişməmişdisə, onda uşağa dayəlik edən nənə başındakı yaylığı açıb, dörd qatlamaqla, ondan əlüstü bir “dovşan” düzəltməyə başlayırdı. Biçin işinə cəlb olunan qadın bir ovuc samandan quda fiquru (müqəvvası) hazırlamağı bacarırdı (bəlkə də “erkən yaşda dul qalan qadın” mənasında işlənən “samandan dul qadın” deyimi də məhz bu sayədə yaranıbmış). Çovdar sünbüllərini tən ortadan qatlayıb, “belini” bağladıqdan sonra “sarafanının” ətəyi aşağı salınan “quda” masanın üstündə özünə yer tapırdı.

Masanın səthini xəfifcə taqqıldadanda, bu “quda” yerində dingildəməyə, rəqs etməyə başlayırdı. Enli masa lövhəsinin ustalıqla taqqıldadılması fonunda bir neçə saman gəlinciyin rəqsə başlamasının nəinki uşaqlarda, istənilən insanda doğuracağı heyrəti indi siz özünüz təsəvvürünüzə gətirin! Gəlinciklər gah bir-birinə yanaşır, gah aralanır, gah bir-biriylə toqquşur, gah da yan keçirdilər. Burada əsl ustalıq — onları yan-yanaşı oynatmaqla, ora-bura üz tutmalarını və masadan yerə dığırlanmalarını önləməkdə idi...

Adicə saman çöpü (küləş) də qış gecələrində bir çox fokuslar üçün əvəzsiz vasitə idi. “Fırfıra” düzəltməkdən ötrü əl altda bir çiləkənin* və sərt kətan (kiş) ipin olması da yetərliydi. Adama heç durmadan fırlanacaq kimi görünən fırfıralar düzəltməyin sirlərinə zamanla uşaqlar özləri də yiyələnirdilər. Aldadıcı, gözbağlayıcı oyunlar, düyün vurmaqla və qayçı ilə, ilgək və üzüklə əlaqəli hoqqalar da geniş yayılmışdı. Elə ki bütün bunları göstərənin xəyal gücü tükənirdi, o, hamını yatmağa göndərirdi, ancaq səhəri gün onun da xatirinə mütləq nə isə yeni bir əyləncə düşürdü.

Bunlardan biri də “toyuq” idi: köhnə bir kürkün və ya pambıq gödəkçənin qollarına bir əl və bir ayaq dürtür, kürək qismində isə onu düymələyirdilər. Bu sayədə alınan “toyuğu” “ayaqları üstə” qoyduqdan sonra onun hər addımbaşı yıxılmasına hamı uğunub, gedirdi.

Yazda çəpərlənmiş otlaq ərazidə, yayda isə ot biçini vaxtı yeniyetmələr mütləq özləri üçün “ağacdan ayaqlar” hazırlayırdılar: əvvəlcə nisbətən qısa olan bu cür taxma ayaqlar get-gedə daha uzun ölçülər qazanırdı. Bunların köməyilə suyun içində və böyürtkənlikdə gəzmək cəhdləri uşaqlardan böyük dözüm və məharət tələb edirdi**.

Kənd atlanbacı şəhərdəkindən tamamilə fərqlənirdi və tamaşaçıya da son dərəcə məzəli təsir bağışlayırdı. Az sonra yoldan ötənlər də bu oyuna qoşulurdular və aralarından biri oyundakı aşağılanmalara qatlaşmağı öz üzərinə götürürdü. Gölməçənin ortasında oturan bu adamın öz papağının üstündən bütün digər oyunçuların papaqları taxılırdı.

Bəzən papaqlar xeyli yüksəyə qalxırdı və bu “qüllə” aşmasın deyə, adam cınqırını çıxarmadan oturmağa məcbur qalırdı. Sonra oyunçuların boyca ən hündürü uzaqdan qaçaraq, gəlib bu qurulan “qüllənin” üstündən hoppanırdı. Bu cəhd zamanı onun vurub, yerə saldığı kepkaların sayı yadda saxlanılırdı. Lap axırda isə ən qısaboylu oyunçu hoppanırdı və həmin vaxta qədər yerdə oturanın başında heç bir papaq qalmaya da bilirdi... Təqsirlilər, yəni kepkaları yerə salanlar isə, növbə ilə dördayaq vəziyyət almalı olurdular. Dörd uşaq, əl-ayaqlarından yapışmaqla, könüllü oyunçunu əlləri üstə alır və onun yanını var gücləriylə dördayaq vəziyyətdə dayanan oyunçunun yanbızına çırpırdılar.> Sözügedən zərbələrin sayı isə o adamın vurub-saldığı papaqların sayına bərabər olurdu. Zərbələr sən deyən də ağrılı və ya təhlükəli alınmasa belə, oradakı hər kəs uğunub gedirdi. Çünki yediyi zərbənin gücündən dizləri üstə duran oyunçu xeyli irəliyə sıçrayırdı. Ən məzəli məqam isə həmin adam öz əvvəlki yerini tutduqdan sonra arxada nələrin baş verdiyini öyrənməkdən ötrü geriyə boylandığı vaxt yaşanırdı. Hər zərbədən öncə o adamın sifətindəki ifadə dəyişirdi...

Yay mövsümündə rus kişilərinin ən çox oynadığı oyun A. S. Puşkinin də vəsf etdiyi “Aşıq-aşıq” idi. Bu oyuna uşaqlar, yeniyetmələr və cavanlar eyni dərəcədə heyran idilər, hətta evli kişilər də boş vaxtlarında bu oyunla baş qatırdılar. “Aşıq”> deyərkən, qoç və> danaların xaş bişiriləndən sonra qalan oynaq sümükləri nəzərdə tutulur, bunların bir digər adı isə “hoqqa”dır. Adətən onları toplayar, alıb-satardılar, hətta bunlar böyük qardaşlardan kiçiklərə bir oyun vasitəsi kimi ötürülərdi.

Puşkin də “nişan sümüyü” deyərkən, məhz kəlçənin iri aşığını nəzərdə tuturdu. Bunda açılan dəliyi qurğuşunla doldurardılar. Əvvəlcə bu sümüyü təbii daşla, sonradan isə “bita” adlandırılan dəmir lövhəciklə əvəz elədilər. Oyuna daxil olan hər oyunçu maya kimi ortaya bir “bita”, oyunçu sayı az olanda isə iki “bita” qoyurdu.

Oyunun bir neçə növü var idi, amma bütün növlərdə oyunçudan iti göz, sərrastlıq və təmkin tələb olunurdu. İlk zərbə hüququnu öz “bitasını” nisbətən uzağa atan oyunçu qazanırdı, həm də o, bunu “bitanın” düşdüyü yerdən gerçəkləşdirirdi.> Oyunun bir növündə, əgər hərbi terminologiyadan yararlanacaq olsaq, maya (kon) bir səf üzrə yox, iki səf üzrə düzülürdü. Cərgə üzrə maya (kon) gah divara yaxın, gah da açıq qismdə qoyulurdu: bu sonuncu variantda zərbələrin ikinci silsiləsi artıq qarşı tərəfdən gerçəkləşdirilirdi.

Üçsinifli kilsə məktəbində uşaqlara aşağıdakı şeiri əzbərlədirdilər:

Çəməndə, yol kənarında
bir dəstə oğlan uşağı
“aşıq-aşıq” oynayarkən
aşıqlar düzülür əsgərlər kimi.

 Pavelin bəxti gətirir —
ilk zərbə yenə onundur.
Eh, qardaşlar, aşıqların
heç say-hesabı bilinmir.

Anfisa İvanovna bu şeirin nə ardını bilirdi, nə də müəllifini.

Böyüklər arasında keçirilən “aşıq-aşıq” oyunlarının tamaşasına xeyli sayda insan — qadınlar, qohum-əqrəba və qonaqlar — yığılardı...

Məşhurluğuna görə “aşıq-aşıq” oyunu ilə yarışa biləcək tək oyun isə “ryuxi” və ya “qorodki” idi. Bu da müasir dövrə qədər gəlib-çıxan yeganə və maraqlı bir oyundur, həm də o, çağdaş idman yarışlarının rəsmi siyahısında özünəməxsus bir yer tutmaqdadır.

Xalq oyun və əyləncələrini bir-birindən ayırmaq, onlara hansısa ayrıca, əlahiddə bir status qazandırmaq mümkün deyildir. Bununla yanaşı, bütün bunlar ayrıca, müstəqil və dəqiq çərçivələr daxilində öz mövcudluqlarını qoruya biliblər.

Elə xalqın estetik zövqündəki başlıca ziddiyyət də məhz bundan qaynaqlanır.

Belə götürəndə, guya kənd yelləncəyi nə ifadə edir ki?! Ondakı əsas məğzi, sə­­ciyyəvi cəhəti nə cürsə açıb, göstərmək olarmı?! Olar, əlbəttə... ancaq dinləyən şəxs yazın, çimmə həftəsinin və kənd bayramlarının və sair, və ilaxırın nə demək ol­duğundan xəbərsizdirsə, bu izah ona mütləq boş və maraqsız bir şey təəssüratı bağışlayacaq.

Söz düşmüşkən, yelləncəklər çox qədim əyyamlardan bəri geniş yayılmışdı (Şimalda bunların dairəvi və sadə növləri qurulurdu). Bayram izdihamlarında insanlar onların ətrafında yığışır, şən ovqatın təsiri və musiqinin müşayiəti altında ən alışılmış oyunlar da tamamilə fərqli bir məzmun, ritm və melodiklik ilə yanaşı, bir halaya xas özəlliklər də qazanırdı.

Ona qoşulan uşaq adi uşaq olmaqdan çıxırdı, oyuna davam edən yeniyetmə isə qarşı cinsdən olan yaşıdıyla halayda dövrə vurmağa başlayırdı. Çünki artıq oyunun özü də oyun olmaqdan çıxmaqla, fərqli məzmun daşıyırdı.

Normal insan övladının oyunlar aləmindən qopub-ayrılması uzun, xeyli uzun sürür. Çünki həyatda sadəcə sınan, özünü qacıdan, vaxtından əvvəl qocalan, kinli və ya ilahi nurdan nəsibini almayan birisi oyuna, əyləncəyə və zarafata hər hansı ehtiyac duymaz.

Ovsun

Bunlara bizdən iti, baltadan kəskin sözlər daxildir, o, sənə yer elədisə, nə rəfiqələrinlə əylənməyə, nə də hamam səfası çəkməyə bir həvəsin qalar, bunun üstündən nə turş ayran içə bilərsən, nə də şipşirin şərbət.> Bu cür sözlər həqiqətən də görünməmiş bir gücə sahib olurlar. Onlar sayəsində insanoğlu təkcə diş ağrısından deyil, onu hədəf seçən oxdan, gürz üstə döyülmüş və ya döyülməmiş dəmir silahdan, rəngi maviyə, qırmızıya və bəyaza çalan poladdan, közərib, qıpqırmızı rəng almış misdən hazırlanan oxdan, simdən, istənilən heyvandan və onun sümüklərindən, Rusiyada bitən və xaricdən gətirilən hər cür ağacdan, hər növ quşun lələyindən, ormanda və çöllükdə, hər cür insanoğlunun — fərq eləməz, rusdur, tatardır, çeremisdir***, litvalıdır, ya almandır, istəyir lap o müxənnət helen soyundan olsun, düşmənin və yağı düşmənin olsun — şərrindən də qorunar.

Bir çox cadu və ovsunlar sonradan dualar şəklinə düşdükləri üçün bunların mətnində xristian terminləri ilkin inanc qavramlarıyla yanaşı işlənir. “Ey müqəddəs xaç, məni qoru, hifz elə, mənə rəhmin gəlsin, etibarlı dostlarımı da öz himayənə al, uçan oxu ağac qabığına, lələyi isə quşa tuş gətir, quşu səmaya, yapışqanı isə balığa bəxş eylə, balığı əsla dəryasız qoyma, dəmiri və qurğuşunu isə məndən, bu zavallı bəndəndən və mənim can bir qəlbdə yaşadığım dostdan-yardan uzaq eylə, o silahları ana torpağın qoynuna göm. Amin, amin, amin”.

Ancaq atalar deyib ki, sırf “Amin” söyləməklə, şeytanı yenə bilməzsən” və görünür, qoruyucu söz, dua mütləq başqa silahla birgə hərəkətə keçməlidir... Ovsun oxumaqla, insan başladığı işi uğurla bitirəcəyinə dair özünə bir inam hissi aşılayır, mənəvi gücünü səfərbər etməklə, bəlli bir ovqata, ruha köklənirdi. N. A. İvanitskinin kağıza köçürdüyü və şər adamdan qurtulmağa hesablanmış dua mətni belədir: “Yerimdən şükr etməklə qalxaraq, xaç vurmaqla daxmamın qapısına tərəf gedəcəyəm, sonra həyət qapısına, oradan dümdüz bir düzənliyə çıxacam, yarğanların o biri üzündəki mürgülü, sir dolu ormanlara, səssiz bataqlıqlara, uca dağlara üz tutacaq, orada mənə gərəkli heyvanlardan sincab, dələ, dovşan, tülkü, çölsiçanı, qarabağır quşu, canavar və ayı ovlayacağam. Gömgöy dənizlərdə, göllərdə və çaylarda qazlar, durnalar və boz ördəklər vuracağam. Mənə kin püskürən və göy dənizin qarşı sahilində məs­kunlaşan o pisniyyət insan qoy quma gömülüb qalsın, su içsin, küknar və ağcaqovaq ağaclarının gövdə və budaqlarını saymağa məcbur olsun, gözlərinə arpa unu xəmirindən təpitmə qoysun, qırmadaşı öz dişləriylə gəmirsin. Fırtına və pader**** vaxtı tanrı necə qəzəblənirsə, qaranlıq meşələri qırıb-tökür, quru və yaş ağacları necə kökündən qoparırsa, qoy o pisniyyət insanın da sümük və oynaqları, bax, eləcə qırılsın. Tanrının mərhəmətiylə necə şimşək çaxır və şeytan ox yağmuruna tutulursa, o oxların bir qismi də həmin o pisniyyət insana tuş gəlsin. Qoy bu kəskin sözlərim də öz hədəfini tapsın”.

Yanğına, mal-qara xəstəliyinə qarşı çobanların işlətdiyi, habelə rüşvətxor hakimlərə və şəhər divanxanalarındakı yersiz süründürməçiliyə qarşı da ovsun və caduların sayı yetərincə çox imiş. Ovçu və döyüşçü ovsunlarının sayına baxanda elə kişilərin də qadınlar qədər bunlardan gen-bol yararlandığına şahid oluruq, halbuki sonradan dualarla ağız bağlamaq işi sırf qadınların imtiyazı sayılmağa başlamışdı. lang="en-US"> Görünən odur ki, o vaxtlar cadu və ovsunlar indiki dövrdəki hipnoz və özünətəlqinin rolunu oynayırmış.

Gündəlik məişətdə işlənən ovsunların əksəriyyəti bu və ya digər işə, fəaliyyətə başlamaqla bağlıdır. Misal üçün, inəyi sağmaqdan ötrü çömbələn qadın sadəcə inə­yin duyub-eşidə biləcəyi bir pıçıltıyla bunları deyir: “Tanrı qulu olaraq, mən Ka­terina, səni, Ala-bula inəyimi, sağdığım müddətdə lal-mat dur, südün qoy bol olsun, gözümdə bir dağ qədər yüksəl, südün selə dönsün, zərrəcə qımıldanma, quyruğunu yelləmə, ayağının da birini götürüb, digərini qoyma”.

Tapmaca

Rəqslərsiz keçən qış gecələrində təşkil olunan oyun və əyləncələr arasında tapmacaların əvəzi yox idi. Uşaq və yeniyetmələr bununla istənilən vaxt baş qatdıqları üçün özlərindən daha çox tapmaca bilən yaşlıları da bu sual-cavablara cəlb edə bilirdilər. Həm də tapmacaların əsas məğzini onlara verilən cavablar yox, məhz sualın səsləndirilməsi təşkil edirdi, çünki doğru cavabın tapılması elə də vacib deyildi. Cavabını hamının bildiyi tapmacanı səsləndirməyin isə bir mənası qalmırdı, halbuki naməlum və ya əlüstü uydurulan tapmaca üzərində baş sındırmaq əsl müşkülə dönürdü.

Bu səbəbdən də sualı verən şəxs doğru cavabı özü verənə qədər oradakıların marağını son həddə qədər körükləyirdi. Məsələn, bu tapmacada kimin kim olduğunu, buyur, tap görüm, necə tapırsan: “Həm əyridir, həm qıvraq, bax, gör, haraya qaçdı? Şümalsa, bərq vurursa, bunun kimə nə dəxli?” Cavabın biçilmiş çəmənin yanıyla, ya da tarlanın böyrüylə qıvrılaraq axan çay ola biləcəyi hətta ən fəhmli insanın da ağlına gəlməz. “O nədir ki, meşədən yüksəkdir, tükdənsə zərif?” sualına cavab tapmaq nisbətən asandır və burada təbiət qəsd olunur. Rüzgar ilə su hətta nağıllarda da bizə ayrılmaz ikili təəssüratı bağışlayır.

Sırf assosiasiyalar hesabına: “O hansı yoldur ki, altı ay piyada, altı ay isə arabayla gedilir?” tapmacasına cavab tapmaq çətin sayılmaz. Bir də ağlımıza kiçik çay və onun buz tutmuş səthində açılan dəlik barədə bu tapmaca gəlir: “Yuvarlaq pəncərənin gündüz dəlinən pəncərəsi gecə öz-özünə bitişir”. Bütün bunların ardınca kim isə: “O nədir ki, kökünü başında gəzdirir?” sualını verərsə, cavabın sırsıra olacağını tapan bir hazırcavab mütləq tapılar. Nəvəsinə: “O hansı otdur ki, hətta kor da onu tanıyır?” sualını verən nənə az sonra uşaqdan sevinc içində: “Gicitkən!” cavabını alacağından tamamilə əmindir.

Xoruz barədə səslənən: “Dünyaya iki kərə gəlsə də, o, yerli-dibli xaç suyuna salınmayıb, amma dünyanın ən gözəl səsinə sahibdir” tapmacası hətta yaşlı insanı da baş yormağa məcbur edər. “İnək dərisinin və qayın oduncağının üstündən kətan örtük salınıb” tapmacası isə hər halda yalnız peşəkar birisinin, bu halda isə məhz çəkməçinin ağlına gələ bilərdi. “İki qardaşı tək kəndirlə sarıyıblar” tapmacasını yalnız rus Şimalında yaşayan şəxs düşünə bilərdi, çünki burada həsir çəpəri saxlayan bir cüt payaya sarmaşan tənək nəzərdə tutulur.

Bəzi tapmacalar atalar sözü qədər işləklik qazanıb və əksinə, bir sıra atalar söz­ləri hazır tapmaca effekti doğurmağa hesablanıbdır.

İkimənalı və buna görə az qala ədəbsiz sayıla biləcək tapmacalara da rast gəlinməkdədir. Bu cür tapmacalardakı arzuolunmaz yozumu ört-basdır etməkdən ötrü onların mənəvi yükü bir az da dərinləşdirilibdir.

Şux zarafatı xatırladan: “Pəncərə önündə pişik oturub, quyruğu pişik quyruğudur, anma özü pişik deyil” kimi tapmacaların ardınca isə hesab-rəqəmlə bağlı və çaşdırıcı suallar ortaya atılır: “Çölsiçanları qaçıb gəlir, yemək umurlar. Əgər onlar iki-iki bir cüt qayına dırmaşsa, onda bir ağac boş qalar, əgər hər ağaca biri dırmaşsa, onda da bir siçana yer tapılmaz. Cəmi neçə siçandan və neçə ağacdan söhbət gedir?”

Xalq nağıllarımızın qəhrəman və personajlarının da vaxtaşırı bir-birinə tapmaca söylədiklərinə biz şahid oluruq.



* Nazik və ensiz taxtanın. — Tərc.

 ** “Kənddəki bütün oyun və əyləncələr əsl özfəaliyyət nümunəsi idi... O vaxtlar kənddə bu işin
təşəbbüskarı da, icraçısı da elə yerli camaat olurdu. Bəzən əyləncələr üçün xeyli vəsait toplanar,
məsələn, yelləncəklərin qurulmasına böyük əmək sərf edilərdi. Və bütün bunlar sırf özfəaliyyət
hesabına gerçəkləşərdi. Azyaşlılar üçün əyləncə qurğularını yeniyetmələr hazırlayardı. Məsələn,
“lox”ları, yəni süni qar təpəciklərini bir qayda olaraq yeniyetmələr düzəldərdi. Bu isə əziyyətsiz iş
sayılmazdı, çünki o yerə həm onlarla kubmetr qar, həm də onlarla vedrə su daşınıb-tökülməliydi.
Bütün əyləncə və oyun inventarı isə sırf əllə hazırlanardı. “Lapta” üçün rezin toplar isə
sonradan, yəni 1920-ci illərdə peyda oldu — o vaxta qədər sadəcə əldəqayırma toplar rəvacda
idi. Əski-üsküdən, ən yaxşı halda isə dəridən ustalıqla, həm də darama şəkildə hazırlanan toplar
yetərincə elastik özəlliklərə sahib olurdu”. (Oxucu A. M. Krendelevin məktubundan.)

*** Marı xalqının əvvəlki adıdır. — Tərc.

**** Yağışlı, küləkli və qarlı hava. — Tərc.