“Qırıntılar” silsiləsindən
Qara şam
Nə qəribə ağacdır! Çox rast gəlirik onunkimilərə: nə çox iynəyarpaq! Həmin fəsilədəndirmi, yəni? Amma yox. Payız gələndə yaxındakı enliyarpaqlar xəzana düşür, elə bil hamısı ölür. Onda — qədərə şərik olaraqmı,“Sizi belə qoymaram! Bizimkilər mənsiz də rahatca duruş gətirər” deyərəkmi? — o da tökür yarpaqlarını. Həm də xoşluqla, şadyanalıqla — günəş şüalarında bərq vuraraq.
Deyək ki, qəlbi, özəyi kövrəkdir? Yenə də yox: onun oduncağı hər ağacdan möhkəmdir, hər balta batmaz ona, qaldırıb aparmaq da müşküldür, suda qalsa, çürüməz, bərkiyib daş kimi sərt olar.
Ancaq hər il, həlim istilər gözlənilməz hədiyyə kimi qayıdanda — ömrümüzün bir il də uzandığını və yenə yaşıllaşmağın mümkünlüyünü o da duyanda — yupyumşaq iynəciklərilə təzədən dönüb özününkülərə qoşulur.
Bax bu cür olan insanlar da var.
İldırım
Yalnız kitablardan oxumuş, özüm heç vaxt görməmişdim şimşəyin ağacları necə paraladığını.
Axır ki, gördüm. Günün günortasında qopan fırtına zamanı şimşək çaxaraq sarı-qızılı parıltısı ilə pəncərələrimizdə bərq vurdu, elə həmin an, bircə saniyə də ləngimədən, ildırım düşdü: evdən iki yüz-üç yüz addım aralı — artıq olmazdı.
Fırtına ötüb keçdi. Elə də vardı: yaxına, meşəliyə düşmüşdü. Çox uca şamların arasında şimşək elə də hündür olmayan cökəni hədəf almışdı — bəs nəyə görə? Yuxarıdan, təpəsinin azca altından vuran şimşək, gövdəsini üstdən-aşağı yarmış, o sağlam, özündən əmin özəyini bölüb keçmişdi. Fəqət gücdən düşərək dibə gedib çatmamışdı — çovumuşdumu, sönmüşdümü?.. Yalnız qarsılmış ana kötüyün yanındakı torpaq oyulmuş, iri talaşalar əlli metr aralıyacan səpələnmişdi.
Bölünən gövdənin bir tayı qopub kənara, günahsız qonşuların pöhrələrinin üstünə düşmüşdü. O birisi hələ bir gün də davam gətirdi: hansı güc sayəsində? — axı eninə tamam oyularaq ortasından iri bir yarıq açılmışdı. Sonra o da öz səmtinə aşıb, hündür bir “bacı”sının dostyana açılmış haçasına yıxıldı.
Biz də eynən belə oluruq: vicdan əzabının zərbəsi haqladısa, içimizi və bütün ömrümüzü boydan-boya dəlib keçir. Ondan sonra kim ölə, kim qala...
Uqliç zəngi
Bu zəngə dair tarixçəni hansımız eşitməmişik: əcaib tərzdə cəzalandırılaraq dili kəsilmiş, bir qırağı qoparılmışdı ki, daha heç vaxt, bir zəng kimi, layiq olduğu yerdən asılmasın; bu yetməzmiş kimi, qamçıyla döyülərək, iri, ağır arabada iki min verst* uzağa, Tobolska sürgün olunmuşdu və bütün o uzaq yol boyu həmin lənət yükünü atlar yox, cəzalandırılmış uqliçlilər — hakim şəxsin qanlı qətlinə (balaca çarzadənin ölümünə) görə artıq edam edilmiş, ya da şəhərdə baş verənləri öz bildikləri kimi danışmasınlar deyə dili kəsilmiş iki yüz nəfəri çıxmaq şərtilə — dartıb aparmışdılar.
Sibirdən qayıdanbaş mən o cəzalı zəngin üç yüz il — ta əfv edilib geri qaytarılanacan — məhkumluq çəkdiyi Tobolsk Kremlindəki yalqız qüllədə boş qalan yerini görmüşdüm. İndi isə Uqliçdə, Qana bələnmiş Dmitri məbədindəyəm. Və boyu adamın qurşağına ancaq çatsa da, iyirmi pud ağırlığı olan həmin zəng öz fəxri yerindən asılıb. Tunc gövdəsi keşməkeşlər üzündən bozarıb. Çəkici havada hərəkətsiz qalıb. Onu çəkib vurmağımı təklif edirlər.
Vururam — bircə dəfə. Məbəddə, cürbəcür mübhəm mənaları qovuşduraraq qədimlərdən bizə — bu dəlitərsinə, qərarsız, bulanıq ruhlara ötürən əsrarəngiz bir uğultu qopur. Tək bircə toxunuşdur, yarım dəqiqə çəksə də, sədası tam bir dəqiqəyə yayılır, yavaş-yavaş, əzəmətlə səngiyir, ta susuncaya qədər də o gözəl, çoxçalarlı səslənişini itirmir. Əcdadımız metalların sirrinə vaqif imiş.
Çarzadənin doğrandığı bilinəndən bir neçə dəqiqə sonra baş kilsənin zəngçisi özünü qülləyə çatdıraraq qapını içəridən bağlayır, bədxahların “döy-sındır”ına rəğmən, orada qalıb müsibət zəngini çaldıqca çalır. Uqliç əhlinin fəryad-fəğanı göyə yüksəlir: çünki o zəng bütün Rus diyarını gözləyən təhlükədən xəbər verirdi.
O dalğalanan zəng sədaları — böyük Fəlakətin carçısı — Birinci Qarışıqlığın ayaq səsləri idi. İndi mənə də nəsib oldu bu: haradasa altdan-altdan baş qaldıran Üçüncü Qarışıqlığın həyəcan zəngini çaldım. Müqayisədən necə yayınasan: xalqın bəsirətli həyəcanı hakimiyyətin və basılmaz əyanların önündə miskin bir maneədir yalnız — ha dörd yüz il əvvəl, ha indi.
Zəng qülləsi
Bizim hələ tam batmayan Rusiyamızı bir nəzərdə, bircə baxışla görmək istəyəniniz varsa, Kalyazindəki zəng qülləsinə tamaşa etmək fürsətini əldən verməsin.
O zəng qülləsi bir ticarət şəhərinin ortasında, baş kilsənin yaxınında, ikimərtəbəli tacir mülklərinin sıralandığı küçələri qovuşduran meydanda idi. Və o zamanlar heç bir öncəgörən əvvəldən deyə bilməzdi ki, tatarların da, polyakların da talanlarına uğramış, özünün səkkizinci əsrində olan bu şəhərin üçdə ikiyə qədəri — dərəbəyçi hakimiyyətin cahilanə iradəsi üzündən — Volqada qərq olacaq: ikinci bənd bütünlüklə qoruya bilərdisə də, bolşeviklər onu qurmağa xəsislik ediblər. (Məlumdur! Qabarma oldu, hər şey batıb getdi.) Bu gün isə, sahil xəttində dayansan, onlarla sajen** dərinliyə qərq olaraq əsir qalmış bu Kiteji və ya Atlantidanı o dibsiz çökəklikdən qaldırmaq heç təsəvvürünə də gəlməz.
Qərq olmuş şəhərin o hündür zəng qülləsi qalıb ancaq. Baş kilsəni partladıblar, gələcəyimizi qurmaq naminə kərpic-kərpic daşıyıblar, zəng qülləsini dağıtmağa isə macal tapmayıblar, hətta heç toxunmayıblar, sanki yasaqlanıbmış.
Ağ kərpicdən, ustalıqla hörülmüş, dörddə biri dibdə qalan və yuxarıya doğru getdikcə daralan altıqat binası indi də suyun içindən boy verməkdədir; son illər aşağısını qorumaq üçün ətrafına sukeçirməz bir lay da çəkiblər, eləcə dayanıb — nə azacıq çəpləşir, nə əyilir, beş hündür qatı, ondan sonra isə günbəzi və dirəyi ilə birgə sanki göyə millənib! Üstəlik — bu nə möcüzə? — dirəkdəki xaç da öz yerindədir. Uzaqdan baxanda boyu qüllənin heç yarım qatına da çatmayan iri Volqa teploxodları dalğaları onun bəyaz divarlarına çırpır, göyərtələrindən isə, artıq əlli il var ki, sovet adamı olan sərnişinlər boylanırlar.
Salamat qalan, amma daşqına görə tez-tələsik köçürülənlərin biçilib-tökülmüş evləri ilə birgə daha da kədərli görünən küçələri yaralı kimi dolaşırsan. Qondarma sahil xəttində Volqa suyunun əzəli yumşaqlığına və saflığına köhnə bağlılıqlarını qoruyub-saxlamış kalyazinli qadınlar paltar yaxalamaqla məşğuldurlar. Əvvəlki yaraşıqlı binalarından ötəri izlər qalan, yarıdonuq, sındırılmış, yarımcan bir şəhərdir bura. Amma belə viranəlikdə aldadılıb tərk edilmiş olsalar da, bu insanların yaşamaqdan başqa yolu yoxdur. Yaşamaq — özü də burada.
Həm buralılar, həm də bu möcüzəni bircə dəfə də olsa görənlər üçün o zəng qülləsi öz yerindədir axı! Ümidimiz kimi. Duamız kimi... Yox, Pərvərdigar rəva bilməz Rusiyanın bütünlüklə, birdəfəlik batmasını...
Qocalmaq
Ölümün dəhşəti barədə çox yazılıb, amma zorakılıqla olmadığı təqdirdə, o, tam təbii bir mərhələdir.
Düşərgədəki*** bir yunan şair gəlir xatirimə: “işi bitmişdi” artıq, yaşı isə otuz ancaq olardı. Di gəl ölümqabağı onun həlim-hüznlü təbəssümündə qorxudan əsər yox idi. Heyrət bürümüşdü məni. O isə: “Ölüm gəlməzdən qabaq içimizdə bir hazırlıq baş verir, — dedi. — Biz ona qədər yetişmiş oluruq. Və heç də qorxulu gəlmir artıq”.
Cəmi bir il keçdi, otuz dörd yaşımda mən özüm də bu təcrübəni yaşadım. Aybaay, həftəbəhəftə ölümə meyillənərək, ona öyrəşərək, öz hazırlığım, təmkinim sayəsində mən bədənimi qabaqlamışdım.
Əgər yaşımız artdıqca tədricən ölümə yaxınlaşırıqsa, hər şey son dərəcə asan və aydın şəkil alır. Qocalıq heç də Tanrı cəzası deyil, o özü də bir nemətdir və xoş olan cilvələri var.
Bərkiyib şəxsiyyətə çevrilməkdə olan uşaqların hay-küyünü seyr etmək xoşdur. Öz qüvvənin azalması da xoş gələ bilər, tutuşdurarsan ki, gör əvvəllər necəymişəm — kötük kimi. Günboyu işə davamın qalmır, şüurundakı qısa fasilə də şirin olur və sutkadakı ikinci, yaxud üçüncü “səhər”ə ayılmaq da bir başqa hədiyyədir. Bir də ruhani həzz var: yeməyini azaldırsan, ləzzətdə həddi aşmaq istəmirsən — hələ sağ ikən madiyyatın fövqünə yüksəlirsən.
Yazqabağı, hələ də qarla örtülü meşədə arıquşular civildəşir: doyunca dinləyirsən, bir daha eşitməkdən tezliklə məhrum olacağın üçün o səslər ikiqat şirin gəlir indi! Hələ xatirələr — necə də ələdüşməz bir xəzinədir; gənclik ondan məhrumdur, hamısı, istisnasız, sənindir ancaq; onlar hissə-hissə canlanaraq, yavaş-yavaş, gecəni gündüzə, gündüzü də gecəyə qataraq, hər gün sənə qonaq gəlir.
Ağlı başında qocalmaq aşağıya deyil, yuxarıya aparan bir yoldur. Aclıq içində, soyuqda keçən qocalıq nəsib etmə bircə, İlahi. Biz o halda neçələrini tərk etmişik, neçələrini...
Bəd toxum
Əkinçi gör nə qədər zəhmət sərf edir: taxılı bəlli vaxtacan saxlayır, qaydasınca səpir, məhsul verənədək yaxşıca becərir. Amma alaq otları çılğın bir əzmlə boy atır: nəinki hansısa qayğı-qulluq görmədən, əksinə — cırnadıcı olan da burasıdır — hər cür qayğıya rəğmən. Bu məsəl də oradan gəlir: bəd toxum torpaqda çətin məhv olar.
Mədəni bitkilər niyə həmişə zəif olur axı?
Bəşər tarixinin dərinliklərinə varıb, çox-çox qədimlərlə bugünkü günü tutuşduranda, məyus halda boyun əyirsən: hə, deməli, dünyanın nizamı belədir. Biz ondan kənara çıxa bilmərik əsla: nə xoşməramlı icadlarla, nə də dünyəvi layihələrlə. Ta bəşərin sonunacan.
Və hər bir canlının ixtiyarında bunlar var yalnız: öz əməli və öz ruhu.
Səhər
Gecə ərzində ruhumuz nələr yaşayır? Sən yuxuya gedib tərpənmədən uyuyarkən ruhun sanki azadlığa çıxır, bədənindən ayrılaraq hansısa saf mühitlərdən keçir, ötən gün və hətta uzun illər boyu ona hopmuş, ya da ondan sallaşmış bütün gərəksiz şeylərdən arınır. Və ilkin qar bəyazlığı ilə geri dönür. Beləliklə, səndə son dərəcə sakit, dumduru səhər ovqatı yaradır.
Nə düşünürsən o dəqiqələrdə?! Elə bilirsən, indicə hansısa gözlənilməz bir aydınlanma sayəsində nəyisə dərk edəcəksən — halbuki onu... hələ... heç vaxt...
Donub qalırsan. Sanki elə bu an — indiyədək daxilən duymadığın, sezmədiyin — nəsə cücərib baş qaldıracaq içərində. Az qala nəfəs dərmədən o pak cücərtiyə — dirilik suyunun hamar səthindən indi-indi boy verməkdə olan bəyaz zanbağın üst ləçəyinə üz tutub səslənirsən.
Səadətlə doludur bu anlar! Sən özündən də yüksəkdəsən. Hansısa misilsiz bir məqamı kəşf edə, qərara bağlaya, qurub-qoşa bilərsən — təki tərpətməyəsən, təki öz içindəki o gölün sakitliyini pozmayasan...
Ancaq tezliklə nəsə bir şey mütləq onu çalxalayır, o həssas hamarlığa xələl gətirir: bəzən özgəsinin hərəkəti, sözü olur bu, bəzən də elə öz cılız düşüncən. Və sehr itir. O möhtəşəm paklıq, o göl qeybə çəkilir. Və bütün gün nə qədər cəhd etsən də, onu yerinə qaytara bilmirsən.
Heç hər səhər də elə olmur.
Pərdə
Ürək xəstəliyi həyatımızın obrazı kimidir — gedişatı tam qaranlıqdır və öləcəyimiz günü bilmirik: ola bilsin, bir addımlıqdadır, ola da bilsin, hələ çox var.
İçindəki şiş amansızcasına böyüyəndə — əgər özünü aldatmasan — o qorxunc müddəti hesablaya bilərsən. Ürək xəstəliyində isə bəzən turp kimi görünürsən, sanki həyatın tükdən asılı deyil, elə bil heç nəyin yoxdur.
Cahillik mübarək haldır. Nəcib bir töhfədir.
Kəskin mərhələdə isə ürək xəstəliyi ölümə məhkumlar kamerasında qalmaq kimidir. Hər axşam qulağın səsdə olur: Addım səsləri eşidilmir ki? Mənim dalımcamı gəliblər?
Əvəzində, hər səhərin böyük lütf, sonsuz rahatlıq deməkdir: budur, Pərvərdigar mənə daha bir bütöv gün bəxş etdi.
Tək bircə gündə nələr yaşamaq, nələr etmək olar!
Alaqaranlıqda
Bizim Cənubda geniş yayılmış Alaqaranlıq mərasimlərini yaxşı xatırlayıram. İnqilabdan əvvəlki dövrdən keçib gələn bu adət, bəlkə də, Vətəndaş müharibəsinin çətin və qorxulu illərində daha da möhkəmlənmişdi. Amma əvvəllər də mövcud olubmuş. Cənub alaqaranlığında aylarla sürən ilıq havalar ona meyil yaratmışdı, bəlkə? Bir çoxlarında isə ərincəklik: əlilampalı yeriməmək istəyi. İşıqgözü, nə iş vardısa, görər, heyvanları yan-yön edər, ancaq yatağa uzanmağa da çox meyillənməzdilər. Bayıra çıxıb evin kürsülüyündə, küçədəki, yaxud həyətdəki oturacaqlarda əyləşər, ya da eləcə otaqda oturardılar, pəncərələr açıq da qalsa, işıq yanmadığından, cücülər uçuşub gəlməzdi. Sakitcə əyləşərdilər — bir, iki, üç saat — xəyala dalmış kimi. Uzun-uzadı susardılar.
Dinən olanda da astadan, ehmal, aramla danışardı. Nədənsə o söhbətlər zamanı kimsədə mübahisəyə girişmək, acı tənələr vurmaq, dava-dalaş salmaq azarı baş qaldırmazdı. Güclə seçilən, sonra heç görünməyən simalarında — elə səslərində də — nədənsə bizə yad gələn, illər uzunu tuta bilmədiyimiz bir doğmalıq sezilərdi.
Onların hamısını — bizim əsla duymadığımız — eyni bir hiss bürüyərdi; qaralmış gecə səmasından ahəstəcə enib havaya qarışaraq pəncərədən içəriyə axan, gündüzün qarğaşasında fərqinə varılmayan o hiss həyatın dərin ciddiyyəti, xalis mahiyyətidir. Öhdəmizdəki tapmacanın açmasıdır o.
Xoruz banı
Kəndlərimiz adamsızlaşıb, boşalıb öləzidikcə, xoruzların günortalar səs-səsə verib banlaşmasını unutmağa başladıq, bunu heç eşitməmiş nəsillər də var. Yayın günü həyətlərdən-həyətlərə, küçədən-küçəyə yayılan o ötkəm, nikbin xor heyrət doğurur.
Ruha bunca sakitlik gətirən çox az şey var. Əsla xaric səs qarışmayan o aydın, gur, şəhd-şirəli, qüdrətli nəğmə bizə anladır ki, bütün bu mahala mübarək bir əmin-amanlıq, mütləq rahatlıq hakimdir və günümüzə qədər belə gəlibsə, bundan sonra niyə də belə getməsin? Öz xeyirxah əməllərinizlə məşğul olun!
Baxın, hardasa yaxınlıqda adlı-sanlı cəngavərə bənzəyən al-qırmızı pipikli ağ-narıncı bir xoruz qürurla dolaşır. Dünya vecinə deyil.
Biz də belə olaydıq.
Gecə düşüncələri
Düşərgədə belə idi: gün boyu əhədin kəsilirdi, elə başını saman yastığa qoyan kimi, eşidirdin: “Qal-xı-ın!” O halda nə gecə düşüncəsi...
İndiki girdabsayağı, əsəbi, təlatümlü həyatda isə düşüncələrin yetişib-oturuşması, gün ərzində fürsət olmur deyə, sonraya qalır. Gecə isə onlar — istəyinə çatmaq üçün — geri dönürlər.
Şüurundakı pərdə lap azacıq yırtılan kimi, bir-birinə macal vermədən axışıb, tökülüşüb sənin yorğun-əzgin zehninə doluşurlar. Bəzisi — daha amansız, quduz olan isə digərlərini bir çimdik qədər qabaqlayır.
Sənin dəyanətin, ləyaqətin isə bu çovğunlara boyun əyməkdə deyil, o qara-qura axına hakim olmağında və onu sağlam məcraya yönəltməyindədir.
Yardım çubuğu uzadan bir — hətta daha çox — düşüncə hər zaman tapılar: partlayışı əngəlləmək üçün nüvə reaktorunun içinə qalın çubuqlar yeridildiyi kimi. Təki elə bir çubuq keçə əlinə, İlahi qurtuluş dəyənəyini tapa biləsən, hətta qabaqcadan duyuq düşüb ondan yapışasan.
Ruhun və zehnin saflaşdıqda həmin çovğunlar çəkilib gedir, yuxusuzluğun səksəkəli boşluğunu xoş, dolğun düşüncələr tutur: məgər gündüzün qarğaşasında ələ düşərmi onlar?
Var olsun yuxusuzluq: onun sayəsində ən müşkül iş də həllini tapır.
Özünə hakim olursan.
Ölülərin anılması
Bu, sağlığında müqəddəsləşən insanların müdrik vəsiyyətidir bizə.
Onun mənasını çılğın gənclik çağında — yaxınlar, doğmalar, dostlar ətrafımızda ikən anlaya bilmirik. Amma illər keçir.
Valideynlərimiz gediblər artıq, yaşıdlarımız da gedirlər. Hara gedirlər? Görünür, ağlasığmaz, dərkedilməz məqamdır bu, bizlik deyil. Ancaq labüd bir aydınlatma ilə agah edir bizi, işarə verir ki, xeyr, onlar yoxa çıxmayıblar.
Və həyatımız boyu daha bu barədə heç nə öyrənə bilmirik. Ölənlərin ruhuna etdiyimiz dualar isə — bizi onlara, onları da bizə bağlayan — gözəgörünməz, kainat miqyasında olsa, son dərəcə yaxın bir tağ ucaldır. Hə, budur onlar — az qala toxunacağıq da. Həm yaddırlar, həm də əvvəlki kimi tanış gəlirlər. Amma yaşca bizdən geridə qalıblar: bir vaxt yaşlı olan bəziləri indi cavan görünürlər.
Diqqətini cəmləsən, hətta onların rəyini, çağırışını, xəbərdarlığını bir nəfəs kimi duya da bilərsən. Əvəzində onlara — nəyəsə yaramaq ümidi ilə — özünün bu dünyaya xas hərarətini çatdırarsan.
Bir də... qovuşmaq vədini.
* 1.06 kilometrə bərabər məsafə ölçüsü. — Tərc.
** Dənizçilikdə 183 santimetrə bərabər tutulan ölçü vahidi. — Tərc.
** Sürgün yeri, həbs düşərgəsi nəzərdə tutulur. — Tərc.