Qüssə və möcüzə ili

(povestdən parça)

<...>

Elə təəssürat vardı ki, yuxuya təzəcə getmişəm, amma anam artıq çiynimi dümsükləməklə, saçlarımı xışmalamaqla məni oyatmağa çalışır:

— Qalxsana! Dalınca gəliblər! Balığa gedəcəkmişsən!

Köhnə vaxtlarda, dünya dağıla, belə erkən saatda yerimdən qalxmazdım, amma indi hələ tam oyanmasam belə, yataqdan sıçrayıb, tez-tələsik şalvarımı geyindim.

Bu səhər Baykal tamamilə fərqli görkəm almışdı, inana bilmirdin ki, sahildən başlayaraq ta sonsuzluğa qədər uzanan bu parlaq səthdə bir dənə də qırışıqlıq yoxur, həm də bu heç mümkün görünmürdü, çünki bu — bir dənizdir axı, ən zəif meh belə sularda mütləq qırçınlar yaradır, hətta meh yatanda da o qırçınlar əvvəlki istiqamət üzrə, tünd göy rəngli oxsayağı uzanıb, gedir.> Bu gün də elə idi. Baykal başdan-ayağa gömgöy idi, ancaq cənubdan şimala doğru uzanan göyümtül sivri oxların üstüylə daha tünd rəngli qırçınlar gözə dəyirdi — əvvəlcə, yəni biz sahilə tərəf çıxdığımızda bu, belə idi.

Yura:

— Kultuk* əsəcək! Bəxtimiz gətirib! — dedi və kinomexanik işləyən qardaşı da başını tərpətməklə, bunu təsdiqlədi.

Dəmir yol xəttinin kənarıyla irəlilədiyimiz dəqiqələrdə Yura Baykalla bağlı hər kəsin, hətta Moskvada yaşayan birisinin də, bilməsi gərəkən xeyli bilgini mənimlə bölüşdü, çünki bu misilsiz Baykalın bir bənzəri heç yerdə yox imiş və ola da bilməzmiş.

Yura təkrarladı:

— Kultuk əsəcək!

Artıq bilirdim ki, bir azdan cənubdan dalğalar üzü bəri gələcək və bu, balıq ovumuzu asanlaşdıracaq: dalğalar balıqları bizim sahilə doğru qovacaq, dalğalar sahilə çırpıldıqca, suyun dərinliyində məskunlaşan və iriölçülü xariuslar** da dalğalarla birgə sahilə yaxınlaşacaq, dalğaların zərbindən daşların altındakı xulbalıqların kürüsü də suyun üzünə çıxacaqdı. Elə dünən də Sveta həmin balıqları əliylə yaxalayırdı. Dişi xulbalıq suyun dibinə kip oturmayan daşın altına sığındıqdan sonra qarnıyuxarı dönməklə, öz kürüsünü daşın üstünə tökməyə başlayır, həm də bunu sahilə yaxın yerlərdə edir ki, başqa və nisbətən iri balıqlar onun yumurtalarını yeyə bilməsin. Balıqçılar həmin kürünü yığır, duzlamaqla sıxlaşdırandan sonra xarius ovu üçün bundan yararlanırlar. Həmin kürü yeyilmir. Çünki dadsız və acıdır.

Dayanıb-durmadan gedirdik, niyə, hara getdiyimizi heç özüm də bilmirdim, onsuz da hər tərəf eyni cür daşlı sahilə malik su idi.

Qarşı sahil hələ görünmürdü, o tərəflərdəki qara və ya sıx buludlar sanki suyun səthinə çökmüşdü, ya da bu cür təəssürat yaranırdı. Olduğumuz sahildə isə qəflətən və səbəbi bilinməyən bir ləpələnmə yaranmışdı, çünki dalğa-filan yox idi, tünd göy rəngli qırçınlar elə hey ora-bura yönəlirdi, gah sahilboyu, gah da sahildən içərilərə doğru: hərdənbir o ətrafdakı hər şey tünd qırçınlarla əhatə olunurdu və o zaman onun rəngi gömgöyə yox, tünd boza, hətta qaraya çalırdı,> amma rüzgar səngiyincə, sular təkrar mavi rəng alırdı və mən mavidən başqa bir rəng görməyi diləmirdim artıq, çünki elə sular kimi, bu səhər səma da özünə başqa və daimi bir rəngi seçib-yaraşdırmaqda acizlik çəkirdi: gah göy çalara üstünlük verir, gah da üfüqboyu dağılan buludları özündə əks etdirirdi. Yanımızdan qatar vaqonları ötüb keçdi, həmin dəqiqələrdə biz yolun lap kənarında dayanmışdıq və əlimizi uzatsaydıq, taqqa-taraqla böyrümüzcə şütüyən o vaqonlara hələ toxuna da bilərdik.

Dəmir yolu sahilboyu uzanan qayalıq ərazidəki dar zolaqda salınmışdı və altdan baxanda başın üstdəki külünglə çapılmışa bənzəyən qayaların ta səmaya qədər uzandığını düşünürdü adam. Qatarın bizi yolun bir kənarına sıxışdırıb saxladığı o dəqiqələrdə mən başımı qaldırmaqla, qayaların yüksəkliyini təyin eləməyə çalışırdım, hətta təpələri heç cür görünmədiyindən onların kilometrlərcə uzandığı qənaətinə də gəlmişdim, çünki başımızın üzərində çıxıntılı qaya parçaları vardı.

Sonra biz bir qədər gedib, tezliklə daşlı dərədən keçməklə, nəhəng daşların səpələndiyi sahilə çıxdıq. İki yerdə suyun üzərində bir cüt şpal vardı və sahildə onların üstünə daşlar qalaqlanmışdı. Həmin yerin adı “lava” imiş.> Ondan sonra çuxur başlanırdı, yəni sonuncu daşdan sonrakı qismdə heç bir əyimsiz-filansız dərinlik səkkiz-doqquz metrə çatırdı. Dalğalar güclənəndə xarius balıqları sahildəki bu cür guşələrə sığınırmış. Odur ki, buralarda ovlanması daha rahatmış.

Suya tərəf endiyimiz vaxt dalğa artmaqda idi. Hündür olmayan dalğalar onlar bir-birinin ardınca fasiləsiz qaydada, tələsmədən birbaşa, bir az da çəpəki şəkildə sahilə tərəf cumurdular, sanki bir-birini cənglərinə keçirməklə, çəkib gətirirdilər, bir dalğa kənar ucuyla sahilə çatdığı vaxt bir başqası artıq ayaqlarımızın dibindəki qayaya çırpılmaqla, ovuc-ovuc parlaq damcıları muncuq misalı sərt daşların səthinə səpələyirdi.

Yura və qardaşı əvvəlki ov vaxtı daşların arasında gizlətdikləri tilovları tapıb, çı­xartdılar. Vityanın dayısının tilovu yeddi, Yuranınkı isə beş metr yarım uzunluğunda idi. Tilovlar bir-birinə dəmir borucuqlar vasitəsilə keçirilən çubuqlardan ibarət idi. İçində yem olan çantanı çiyinlərinə atıb, tilovların uclarını isə göyə tuşlamaqla onlar nəmli və ensiz şpalların üstünə çıxdılar, bunların üzərində heç tilovsuz da müvazinəti qorumaq asan iş sayılmazdı. Yemləri qarmağa taxdıqdan sonra tilov simlərini onlar bacardıca uzağa atmaqdan ötrü qolaylandılar. Tilovlarını budlarına söykəyib, gözlərini uzun qaz lələyi taxılan mantarlara zilləməklə, indi də yerlərində hərəkətsiz oturublar. Dalğaların gücündən mantarlar gah irəli, gah geri şütüyəndə mən bir neçə dəfə nə isə düşüb deyə, sevincək çığırdım, halbuki balıqçı qardaşlar yenə daş heykəllər kimi, qımıldanmadan durmuşdular və adam düşünərdi ki, onlar buraya niyə gəldiklərini də artıq unudublar.

Xarius — nəcib balıqdır, yəni hansısa xanıbalığına və ya dabanbalığına tay tutula bilməz: o sarsaq məxluqlar ilk həmlədən soxulcanı mədələrinə ötürməyə can atır və tilov simini elə mantar qarışıq dartırlar, sanki bununla balıqçıya müjdə verirlər: iş oldu-bitdi, çək ey tilovunu! Xarius isə əvvəlcə öz quyruq zərbəsiylə yemi qarmaqdan ayırmağı sınayır, yalnız bundan sonra, həm də hədsiz acıbsa, yemi gəmirməyə başlayır. Belə anlarda mantar xəfifcə titrəyir, amma bunu da sezmək vacibdir. Gərək ehtiyat tədbirini alasan ki, qarmaq balığın ağzını cırmaya, əlində yeddimetrlik tilov olduğunu, onun ucundakı simin isə altı metr dərinliyə gömüldüyünü əsla unutmayasan, yoxsa yem xariusun ağzından çıxa bilər!

Hələ bir də şpal üstündə oturan o balıqçıların aldığı duruşu görəsiniz!

Tilovun küt qismi buda sıxılı vəziyyətdədir, onun nazik ucu isə mantardan bir metr yüksəkdə dayanıb, sol əl sol budun üstündə qərar tutub, gövdə bir qədər geriyə əyilib: bu duruşun bütün detallarında hər an hərəkətə gəlməyin gümrahlığıyla yanaşı, bir xəfiflik də sezilir, balıqçının üzündən isə bir qədər etinasızlıq və donuqluq, bəlkə də dərin laqeyd­lik ifadəsi oxunur. Sahildəki ağır daşların köməyi ilə möhkəm bərkidilməsinə baxmayaraq, onların ayaqları altdakı şpal hələ də yırğalanır, dalğalar isə ayaqlara çırpılır, halbuki mantar dartıldığı an onlar ləngimədən simi yığmalı, tilovu öz gövdələrinə sıxmalı, sudan çıxaracaqları xariusu əlləriylə yaxalamaqla qarmaqdan xilas etməli, onu ya çantaya, ya da sahilə atmalıdırlar, qarmağına təzə yem taxacaqları o iri tilovun simini ba­cardıqca uzağa atmaq üçün isə təzədən qolaylanmalıdırlar: həm də bütün bunların icrası zamanı ayaqları sürüşməsin deyə, tarazlıqlarını da qorumağa məcburdurlar.

Xarius — ürkək balıqdır. Kürüdən hazırlanan yem qarmaqda qısa müddət qalır və yaxşı taxılmadığı təqdirdə, qopur və buyur, indi də təzə yem tax!

Bir on dəqiqə tamaşa elədikdən sonra balıqçılara qəlbimdə dərin bir rəğbət hissi oyandı. Bir neçə dəqiqə sonra isə dirsəkləndiyim daşın üstə mürgüyə getdim və yu­xuda gördüm ki, daşların arasından iri bir balıq başını çıxarıb, ağzını geniş açaraq: “Yatmısan ki, ay balıqçı!” — deməklə, qəhqəhə çəkdi. Həmin an qarnıma bir zərbə dəyincə yerimdən dik atıldım və ayaqlarımın dibinə bir balıq düşdüyünü gördüm. Yura və Vitya dayı buna qaqqanaq çəkdilər.

Yura səsləndi:

— Yuxuya gedibsən!

— Dur, çır-çırpı yığ! Tonqal qala! Balıq qızardacağıq!

Vitya dayı çır-çırpını haradan toplayacağımı da mənə nişan verdi.

Tonqalı qaladığım müddətdə onlar bir-birinin ardınca sahilə düz səkkiz dənə iri xarius balığı atdılar: Vitya dayının dediyinə görə, bunların hərəsi azı iki funt gələrdi.

Daha sonra qarmağa balıq gəlmədi. Sahilə çıxan balıqçılar tilovlarını daşların üstünə qoyub, balıqları indiyəcən heç görmədiyim bir üsulla qızartmağa başladılar. Balığı qəzetə büküb, tonqaldakı közlərin düz üstünə qoyurdular, sonradan götür­dükləri vaxt qəzet yüngülvarı saralmış olurdu, hətta bəzi yerlərdə hərflər də oxunurdu. Yaxşıca qızaran belə balığı isə yeməzdən əvvəl sadəcə duzlamaq lazım gəlirdi.

Balıqları qızardıb, yeyəndə və növbəti dalğaların gəlişini gözlədiyimiz dəqiqələrdə Vitya dayı mənə Baykal gölündən bəhs elədi. Kultuk küləyi və Barquzin dalğaları barədə, qayaların təpəsində bitən ağacları kökündən qoparıb, suya atan Sarma küləyi barədə, şimal tərəfdəki Olxon adası barədə, Baykalın yeganə qızı, gözəl-göyçək Anqaranın öz sevgilisi Yeniseyə qoşulub-qaçdığını görən Baykalın onun ardınca hiddətlə bir qayanı atması haqda (həmin qaya hələ də Anqaranın mənbəyindəki sulardan boy göstərməkdə imiş) söz açdı.

Bunları dinlədikcə, nədənsə qəlbimə bir təlaş dolurdu. Mənə elə gəlirdi ki, bütün bu eşitdiklərimi ya əvvəlcədən bilsəm də, artıq unutmuşdum, ya da hər şey məhz onun danışdığı şəkildə yox, tamamilə başqa cür olubmuş, sadəcə adlar qismən bir-birinə bənzəyirmiş, əslində onlar da mən eşitdiyimdən xeyli fərqlənirmiş. Heç nəyi dəqiq xatırlamasam da, indi danışılanlara qarşı daima etiraz eləmək keçirdi içimdən...

Sonra Vitya dayı bu mahnını oxudu:
 

Gömgöy dağı Baykalın
Yerindən tərpətdiyi
O vaxtdan, gör, nə qədər
İllər, əsrlər ötüb.

O dağın parçaları
Hələ də suda durur.
Bir qisminisə sular
Ora-bura aparıb.

Kiçik daşları sular
Əlüstü alıb, gedib.
Bu nağılı xatırlar
Tək ahıl balıqçılar.

Ondan sizə bəhs edər
Onların nəvələri.
Hər kəsə gizli qalar
Onun ilk müəllifi.

Hekayət tamamlanana qədər dalğalar arxa tərəfində oturub dincəldiyimiz daşlara çırpılmağa başladılar, onların gurultusu artdıqca, biz də daha uca səslə danışmağa məcbur qalmışdıq. Qarşı sahil nisbətən aşkar görünməyə başlayınca, mən dağları seçə bildim. Vitya dayı dedi ki, oradakı bu başıqarlı, şişuclu zirvələr buradakı dağlardan daha yüksək imiş. Oraya qədərki məsafə əslində qırx kilometr olsa da, adama daha uzaqmış kimi görünürdü.> Sol və sağ cinahlarımızı da biz artıq manesiz görə bilirdik. Hər iki tərəfimizdə ya su səmaya qarışırdı, ya da səma suya, bu səbəbdən də üfüq xətti güclə seçilirdi.

Artıq dalğalar da elə-belə üstümüzə gəlmirdi, sanki kimsə yönəldib, tələsdirdiyi üçün onlar da cırnayır, acıqlarını zavallı daşlardan çıxırdılar, onlara çırpılmaqla zərrələrə parçalanırdılar. Belədə su qızışıb-köpüklənir, girdab yaratmaqla, hey burulurdu. Sahildə rüzgar heç hiss olunmurdu. O, haradasa orta qismlərdə cərəyan etməklə, suları dalğalandırır və onları üzü sahilə doğru qovurdu.

Balıqçılar təkrar özlərinin şpallar üzərindəki yerlərini tutdular. Dalğalar yenə də şpalları silkələyir və balıqçıların ayaqlarını dizdən yuxarı necə isladırdısa, uzunboğaz çəkmələri də artıq bir işə yaramırdı. Vitya dayının gözləyib-umduğunun tam əksinə, qarmaqlara heç balıq da düşmürdü, bu səbəbdən yarım saatdan sonra balıqçılar kor-peşman halda sahilə çıxdılar, çəkmələrinə yığılan suyu boşaltdılar, şalvarlarının yaş balaqlarını sıxdılar və tilovları təkrar daşların arasında gizlətdilər. Tonqaldan geriyə qalanları suya atıb, torpaq yola çıxmaqla, biz evimizin yolunu tutduq.

Vitya dayı fikir yürütməyə başladı:

— Bizim balıq haqda bildiyimiz tək şey — onun yeməyə olan tələbatıdır! Onun başqa hansı qayğısı, ehtiyacı olduğunu isə biz bilmirik! Dalğaya qoşulub, gəldiyi təqdirdə, biz onun mütləq qarmağa keçəcəyini zənn edirik, amma o, gəlmir ki gəlmir! Deməli, bizim agah olmadığımız daha hansısa səbəblər var. Bəlkə bir az da durub,> gözləməliydik... Amma elə bu tutduğumuz balıqlar da gen-bol bəsimizdir!

Bu yerdə o, balıqları daşıdığı çantanı başının üstdən havaya atdı və ağır çanta havada fırlanıb, onun düz əlləri üstə düşdü.

<...>

Tezliklə qoza mövsümü başladı və Baykal sahillərində veyllənən oğlan uşaqları bir neçə günlüyə, həm də bir-birinin ardınca qeybə qarışdılar. Təkrar peyda olduqları zaman onların əlləri də, yanaqları, alınları və boyun-boğazları da qətrandan qaralmış halda idi, ağ nöyüt və ya benzinlə belə ləkələri təmizləmək asan olsa da, uşaqlar sidr qozalarının izlərindən qurtulmağa heç də tələsmirdilər. İndi onların cibləri qozalarla dolu idi, tonqal başına yığılarkən edilən söhbətlərin də əsas mövzusu qoza yığmaqla bağlı olurdu. Biri sidr ağacına bircə selbə atmaqla, iki yüz qozanın necə yerə, daha on qozanın isə başına töküldüyündən söz edirdi. Söhbət qızışdıqca, bir selbəyə yerə tökülən qozaların sayı lap beş yüzəcən də yüksələ bilirdi və belədə oğlanlar bir-birinin boynunun ardına düşən o qozaların buraxdığı izləri dərin həsədlə süzürdülər.

Danışırdılar ki, zərbənin gücündən kiminsə selbəsi iki parça olubmuş, kimininsə gecə vaxtı çadırı alışıbmış, gecəyarı bir başqasının bütün azuqəsi çırpışdırılıbmış, bir digəri isə qışlağın lap böyründəcə ayı ləpirləri görübmüş! Aralarındakı yeganə qonaq və dinləyici isə adətən mən olurdum. Hər kəs məni qozaya qonaq edir və maraqlanırdı ki, kimin qozaları daha səliqəli təmizlənib. Mən isə onları heç qırmağı da bacarmırdım. Oğlanlar qabıqlı qozu dişləriylə eninə sıxırdılar, mən on qoz qırana qədər onlar azı bir ovuc qozun öhdəsindən gəlirdilər.

Ancaq elə bir gün, elə bir səhər gəldi ki, mən də bel çantamı götürüb, tayqadakı dar cığırla sidr ağacları olan səmtə yol aldım. Məndən öndə Svetanın atası, Sergeyin əmisi, Yura və onun qardaşı Vitya dayı gedirdi, Sveta isə mənim ardımca irəliləyirdi.

Cığır elə hey əyilib-burulurdu, gah yuxarı qalxır, gah aşağı enir, gah da döngələrdə gözdən itirdi. Artıq iki saat olardı gedirdik, amma heç yorulmamışdıq. Anamı dilə çəkib, razı salmamın qəlizliyi yadıma düşəndə, məhz Seryoja dayı məsələyə qarışdığı üçün mənə icazə verdiyini düşündükcə, könlüm açılırdı.> Buna mane olmaqdan ötrü anam nə qədər mənasız səbəblər uydurmuşdu, ilahi: guya çəlimsizəm və bu yorucu səfərin ağırlığına dözmərəm; gecəni orada, təbiətin qoynunda keçirsəm, soyuqlayaram, çünki xəstəlikdən sonra təzə-təzə özümə gəlirmişəm-filan, bunlardan əlavə də, hələ nə qədər yerli-yersiz bəhanələr gətirmişdi. Amma bütün bunlara rəğmən, mən indi cığırla irəliləyirdim və necə uzaqlara baş alıb getmişdimsə, artıq heç kəs məni buradan geri qaytara bilməzdi!

Hələ hava işıqlanmadan, yol-iz tam seçilməyəndə biz səfərə çıxmışdıq və Baykaldan əsən külək bizi arxadan qovmaqda idi. Sonra> hava işıqlandı,> arxa tərəfimizdə günəş peyda oldu və quşların indiyəcən heç alışmadığım cəh-cəhləri qulaqlarıma doldu. Amma nə qədər irəliləyirdiksə, səssizlik də, meşənin vahiməsi də bir o qədər artırdı. Həndəvərimizdə sadəcə sidr ağacları vardı, onların təpə və budaqlarında qozalar gözə dəyirdi, burada istədiyimiz qədər qoza yığacağımız halda niyə bunca uzaqlara üz tutduğumuzu da anlamaqda acizlik çəkirdim! Bunun səbəbini Svetadan soruşanda qız güldü:

— Bəyəm bunlar qozadır?! Hər ağacda on qoza ya ola, ya olmaya. Bircə həftəyə qırarıq bunları!

Yolda bir xeyli maraqlı, naməlum, anlaşılmaz şeylərlə rastlaşdıq, amma “iş dalınca” gedirdik deyə, dayanıb, baxacaq vaxtımız yox idi. Ən çox heyrət doğuran isə qarışqa yuvaları və budaqları əcaib-qəraib şəkillər alan sidr ağacları idi.> Bir neçə yerdə cığır haçalanırdı, belə yerlərdən birində ayaq saxlayan Seryoja dayı mənə səsləndi:

— Görürsən bunu?

Belə deyərək, o, bizdən sola tərəfə uzanan cığırı nişan verdi. Biz budaq və xollardan qurulan iri bir taxta daxmanın yanına gəlmişdik. Tələm-tələsik çay icib, işə başladıq. İki dəstəyə ayrılmışdıq. Yura ilə qardaşı bir səmtə yollandı, mən, Sveta və onun atası isə — başqa səmtə. Baltalayaraq yerə sərdiyi iri bir ağcaqayından Seryoja dayı bir metr uzunluqdakı qismi əl mişarıyla kəsdi, onun tən ortasında çəpinə paz yeri açıb, uzun bir çubuğu ora geydirdi. Bu yolla o, ağacçırpan hazırlamışdı. Necə ağır alət idisə, mənim onu heç qaldırmağa da gücüm yetmirdi.

Sveta ilə mən adama bir kisə götürdük, Seryoja dayı isə ağacçırpanı rastına çıxan ilk sidr ağacının yanında yerə qoydu, sonra onu özünə tərəf dartmaqla ağacın gövdəsinə çırpdı. Və sidr qozaları başımıza yağdı, nə yağdı! Bəziləri fit səsi çıxararaq, gövdənin ətrafındakı torpağa düşür, bəziləri isə aşağıdakı budaqlara çırpılmaqla yanlara sıçrayırdı. Sveta mənə səsləndi:

— Haydı, yığ!

Ağaca tərəf cumub, əlimi yerdə gəzdirməklə beş dənə qoza toplaya bildim. Seryoja dayı daha bir zərbə endirincə, kürəyimə nə qədər qoza töküldüsə, ağrıdan mən mamırların üstünə sərələndim. Sveta uğunub getdi! Ona yaxınlaşdığım vaxt kisəsində əlliyə qədər qoza olduğunu gördüm.

Əcəb də çətin iş imiş bu! Seryoja dayı o alətlə ağacları çırpdıqca, mən ağacların altıyla ora-bura cumur, qozaları yığmaqdan daha çox tapdalamaqla, mamırların arasına gömürdüm. Sveta isə heç nədən qorxmurdu, hələ qozalar ağacdan üzüaşağı uçmağa başladığı vaxt onları yığmağa çalışırdı. Qozalar zərblə başına və çiyinlərinə dəyəndə o xəfifcə çığırıb-ciyildəyir, ardından isə qəhqəhə çəkirdi, onun bu zaman hansı ağrılara qatlaşdığını mən, təbii ki, anlaya bilməzdim. Cəmi üç kərə üstümə qoza düşməsinə rəğmən, başımın içi uğuldayırdı, əlim necə ağrıyırdısa, toxunmağa cürət eləmirdim, onurğam isə sanki çatlamışdı...

Daima bükülmüş halda qalan belim qacımışdı və gizildəyirdi, mamırlı çuxurlara vaxtaşırı düşən ayaqlarım isə gah orada ilişib qalır, gah burxulur, gah da büdrəyirdi.

Topladığımız qozaları təpə şəklində bir yerə yığsaq da, növbəti sahəyə keçdikcə, həmin yerdən hansısa yöndə uzaqlaşırdıq və lap axırda həmin o təpələri necə tapacağımız heç cür ağlıma sığışmırdı.

Məndə artıq bir addım da atmağa hey qalmadığını görən Seryoja dayı Sveta ilə mənə tapşırdı ki, taxta daxmaya gedib, günorta yeməyi hazırlayaq. Sveta: “Gəl, gedək də!” — dediyi an mən döyüküb qaldım, çünki hansı istiqamətə gedəcəyimizi heç təsəvvürümə də gətirmirdim. Sveta buralara bələd adam kimi qabağıma düşüb, getdi və məlum oldu ki, həmin yer yaxınlıqda imiş, biz isə taxta daxmanın ətrafında uzun-uzadı dövrələr vururmuşuq.> Nahar hazır olana yaxın Seryoja və Vitya dayılar yığılan qozaları da götürüb, çadırın yanına daşımağa başladılar. Hər dəfə adama bir kisə gətirib, yerə boşaldır, növbəti kisənin ardınca yollanırdılar.

Anamın bişirdiyi şorbalardan fərqli olaraq, Svetanın şorbasını necə iştahayla yedimsə, ondan nə vaxtsa doyacağıma da əsla inana bilmirdim. Kürəyiüstə uzanmaqla, az vaxtda yuxuya getmişdim. Sonra məni səsləyib, oyatdılar və təkrar işləməyə yollandıq. Qəribə burasıdır ki, nahardan sonra mən daha həvəslə işləyirdim, həm də artıq işin çəmini az-çox tapmışdım, qozaların haraya düşdüyünü təyin eləməyi, onları tezcənə qamarlamaqla, zərbələrdən yayınmağı da öyrənmişdim: amma onlardan yayınmaq nəinki mənə, heç Svetaya da nəsib olmurdu. Axşama doğru bizi təkrar yemək hazırlamağa yolladılar və bu təklif lap ürəyimdən xəbər verdi, çünki hədsiz dərəcədə əldən düşmüşdüm!

Kişilərin daşıyıb, üst-üstə qalaqladığı qozalar indi əsl təpəni xatırladırdı. Sonra onlar yerə yıxdıqları qurumuş ağacları taxta daxmaya tərəf sürüyüb, gətirdilər. Çünki ta səhərə qədər yanan bir tonqal qalamalıydıq ki, onun işığında bütün gecə boyu qozaların tədarükü ilə məşğul olaq. Çadırın içindən iri bir brezent çıxardıb, torpağın üzərinə sərdik. Sonra səthində müxtəlif ölçülü dəliklər olan dəmir ələkləri çadırdan götürüb gəldikdən sonra tonqala od vurduq.

Yerdə düşüb-qalan ağac gövdəsinin səthində yonulmuş çıxıntılar daha öncə də diqqətimi özünə çəkmişdi. Qozalar həmin çıxıntıların üzərinə qoyulandan sonra səthində yenə bənzər çıxıntılar olan kiçik bir lövhə ilə onlara zərbələr endirir və bircə hərəkətlə qozanı süpürüb, yerə atırdılar. Yerdə o təpə kimi qalaqlanan qozaların hamısını biz bu üsulla qırmalı idik. Sonra isə qırıq qozaları üç ayrı ələyin gözündən keçirməklə, tonqalın üstündəki gözənəksiz tavaların üstündə qovurmalı idik.

Kişilər ilə Yura qozaları ovxalayırdılar, mən və Sveta isə onları ələklərdən keçirməklə, saf-çürük edirdik. Başımız işə necə qarışmışdısa, mən hətta havanın nə vaxt qaraldığının, gecənin düşdüyünün də fərqinə varmadım. O qoza yığını isə zərrəcə azalmaq bilmirdi! Qoza təpəciyi qismən azalana yaxın Yura da bu ələmə işinə kökləndi və üzərimə düşən yük qismən xəfiflədi. Təmizlənmiş qozaların düzüldüyü ilk> tavalar artıq alovun üstünə qoyulmuşdu və yanmasın deyə, bunları durmadan qarışdırmaq işi mənə həvalə edilmişdi. Buna rəğmən, onlar qovrulduqca yanırdılar, istidən qızaraq, şaqqıltı qoparan qozaların qabıqları adamın düz üzünə çırpılırdı.

— Hə, qozaların necə hazırlandığını artıq öyrəndin sən! — dedi Seryoja dayı. — Və gələn səfər buraya gəlməyi əsla arzulamazsan!

Mən isə özümü sındırmadan dilləndim:

— Yox, arzulayaram!

Hər şeyin bir sonu olur. Bizim işimiz də bitdi. Təmizlənib-qovrulmuş qozaların ləpələri qazançaların köməyilə bel çantalarına dolduruldu. Daha ağırını daşıya bilmərəm deyə, mənim çantama dörd qazança dolusu ləpə yığıldı. Svetaya da bir o qədər ayrıldı. Yuraya altı qazança ləpənin verilməsi mənə toxundu: lang="en-US"> mən ondan çəlimsiz deyildim axı, həm də niyə məni Sveta ilə bir tuturdular?! Ancaq etirazımı da bildirmədim. Seryoja dayı ilə Yuranın qardaşı üçün nəzərdə tutulan miqdar son dərəcə çox idi və o yükü kiminsə yerindən dəbərdə biləcəyinə adamın heç inanmağı da gəlmirdi!

Seryoja dayıdan göstəriş gəldi:

— İndi isə ta şişənə qədər yata bilərik!

Taxta daxmanın içində nimdaş olsalar da, bütöv adyallar, sırınma gödəkçələr, hətta qış papaqları da var idi. Baykalətrafı tayqalarda gecələrin soyuq keçdiyi barədə eşitmişdim. Yaşca böyüklər öz yataqlarını tonqalın yaxınlığında saldılar, bizi isə taxta daxmaya yolladılar. Yura həmin dəqiqə durub, ora getsə də, Sveta ilə mən tonqalın başında oturmaqdan ötrü böyüklərdən izn istədik.

Gözdeşən bir zülmət vardı ətrafda. Həm də yalnız indi öz həndəvərimə göz gəzdirərkən anladım ki, necə qorxunc bir yerdəyik! lang="en-US"> Tonqal sadəcə oturduğumuz talanı işıqlandırırdı və onun şöləsi iki metrdən o yana işıq salmırdı, daha irəlidəki qismlərdə isə qorxunc kölgələr, naməlum və təlaş dolu xışıltılar, səslər hökmran idi. Səmanın fonunda sidr ağaclarının baş qismi ya görünür, ya da təxmin edilirdi, adama elə gəlirdi ki, ağacların başları bizim üzərimizi kəsdirib və istənilən an gecənin kabuslarına çevrilməklə, canlı məxluqlar sayağı başımıza çökə bilər. Qaranlıqda nəyinsə tərpəndiyini, sənə tərəf yönəldiyini, ətrafında dolandığını xəyalən canlandırdıqca, adam nəinki tonqala sığınmaq, hətta onun içində gizlənmək də istəyirdi.

Sveta pıçıltıyla:

— Qorxursan? — soruşanda özümü tox tutdum, guya heç nə vecimə deyildi. Sveta səmimi etirafa keçdi:

— Mənim isə gecələr həmişə canımı qorxu alır!

Mən də bununla razılaşmalı oldum — hə, ürəkaçan heç nə yoxdur.

Artıq hamı yuxuya getmişdi, biz isə oturub, tonqala tamaşa edir, ətrafımıza çökən gecənin səslərinə qulaq verirdik. Durub o qaranlıq taxta daxmaya getmək mənə daha vahiməli gəlirdi deyə, burada gecələyəcəyimi bildirdim. Sırınma gödəkçəyə bürünüb, yıxılan qol-budaqlı ağacın gövdəsinə söykəndim və az sonra yuxuya getdim.

<...>

Baykal tərəflərdə payızın bütün rəngləri hələ tam bozarmamışdı ki, şaxta düşdü və qar yağdı. Qar, təbii ki, tezliklə əridi, ancaq bu da şux rənglərin ikicə günün içində bozarmasına yol açdı.

Vadidə belədən-beləyə əsən soyuq küləklər ucbatından yağışlar və nəmişlik artdı. Baykalın dalğaları da səngimək bilmirdi. Artıq onun suyu heç günəşli havalarda da maviyə çalmırdı, indi daha çox bozumtul, qurğuşunvarı rəngdə olurdu, köpüklü hündür dalğalar yarandığı zaman isə göl hədsiz tünd göy çalar qazanırdı.

Baykalda payız mövsümünün ikinci yarısı ilin ən hüznlü dövrüdür. Çünki soyuq rüzgarlar, soyuq yağışlar səngimək bilmir, dənizin isə üzü daima tutqun olur. Əgər qar təkrar ərimədisə, bil ki, artıq üzü qışa gedir. Dərəylə axan dar və ya sısqa çayın səthi də sahil boyu buz təbəqəsiylə örtülməyə başlayır,> halbuki çayın özü hələ də ayaza təslim olmur, su hələ də daşların üstüylə axıb-gedərək çağlayır. Ancaq bir gecə bu axıcılığın da sonu çatır və üzü səhərə doğru su hərəkət anındaca donur və bərq vurmağa başlayır ki, bunu da bir möcüzə saymaq olar — bəyəm hərəkəti dayandırmaqla, onu dondurmaq mümkün olan bir işdir ki?! Ancaq burada pillə-pillə enən su kütləsi və şırnaqları məhz eniş və sıçrayış anındaca donmuş olurlar, hətta daşların səthindəki su damlaları belə donunca, adama iri mirvariləri xatırladırlar, daşların özü isə gözqamaşdırıcı bir pərdəylə örtülür.

Ancaq kiçik çay altdakı su axınlarıyla da bəslənir, tezliklə buz qatı bir neçə yerdə nazilərək dəlinir, sonra buz vulkanları baş qaldırınca, su buz təbəqəsinin üzəriylə axmağa başlayır. Beləcə, buz təbəqəsi getdikcə qalınlaşır, oğlanların dediyinə görə, üzü bahara doğru bəzi yerlərdə onun qalınlığı hətta metr yarıma da çatır. Dərinliyi dizdən yuxarı qalxmayan bir çayda belə buz təbəqəsinin yarana biləcəyinə məgər inanmaq olar?!

Artıq ətrafı qış alır, ətəklərdəki yaşıl küknar və sidr ağaclarını çıxmaq şərtiylə, hər şey dümağ rəngə bürünür, amma onlara xas yaşıl rəng də şuxluqdan məhrumdur deyə, heç yaşıl kimi qavranmır artıq, adama ağ fonda tünd ləkə təəssüratı bağışlayır.

Ağappaq sahillərlə əhatələnən Baykal gölü isə ən azından günəşli havalarda özünün o lacivərd rəngini, hər şeyə rəğmən, hələ də qoruyub-saxlayır. Bu sahildən digərinə doğru yönələn fırtınaları görəndə düşünürsən ki, yəqin Baykal gölü üşüyür və məhz isinməkdən ötrü bu fırtınalara gərək duyur. Dayaz yerlər sayəsində gölü çevrələyən buz haşiyələr öz bəyaz “pəncələrini” yavaş-yavaş sahildən üzüb, içərilərə tərəf çəkilir, amma şaxtaya davam gətirmək baxımından bu dənizin özündə bir təpər tapacağına hələ də inanırsan, halbuki şaxtaların artıq bu dənizə əsla dişi batan deyil.

Oğlanlar özlərinə konki adlı təzə əyləncə tapırlar. Onları ipin köməyilə keçədən hazırlanan uzunboğaz çəkmələrinə sarıyırlar, ancaq bu şəkildə, deyək ki, bütün bazar günü sürüşsələr, axı hansı ip bunca yükə davam gətirər?! Buna görə də o konki sarınan keçə çəkməni> əvvəlcə suya salır,> sonra bir müddət qarın içində saxlayırlar ki, konkilər çəkmələrə sümük kimi yapışsın.> Ayaqlara düşən yük qismən ağırlaşsa da, ən azından arxayın olur uşaqlar! Həmin vaxt haradasa Ölü qayadan ta Baykalın sahillərinə qədərki və evlərin olmadığı bütün dərənin ərazisi buz təbəqəylə örtülür. Biz dərədəki çuxurun ta haçalandığı yerə qədər gedib, oradan üzüaşağı, həm də bəzən heç ara vermədən sürüşürdük, bəzən bu vaxt buzdakı çatlara da tuş gəlirdik, onda kəllə-mayallaq olsaq da, əvvəlcə topa halında suyun altına dalır, sonra isə təkrar üzə çıxıb, konkimiz sayəsində Baykalın buz bağlamış səthiylə sürüşməyimizə davam edirdik.

Bundan əlavə, üç taxta lövhəni bir-birinə bərkidirdik, bunların biri sükan kimi öndə, digər ikisi isə arxada olmaqla, konkilərə bağlanırdı. Bu qurğuya biz “sükanlı araba” adını vermişdik. Belə bir arabanın üzərinə eyni vaxtda bir neçə nəfərin uzanması və Baykal dərəsiylə tam sürətlə sürüşməsi mümkün olurdu.

Axşam saatlarında və bazar günləri oğlanların şux səs-küyü bütün dərəni başına götürürdü, həmin vaxt bu qəsəbənin həyatında ən küylü və şux dönəm sayılırdı.



* Baykal gölü üçün xarakterik sayılan küləyin adıdır. Gölün uzununa əsməklə, o, sərt fırtınalara və
yağışlı havalara şərait yaradır. — Tərc.

 ** Qızılbalıqkimilər fəsiləsinə aid olmaqla, şirin sularda yaşayan bir balıq növü. — Tərc.